Bakıda iki beynəlxalq sərgi Hadisə

Bakıda iki beynəlxalq sərgi

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edəcək. Bu şirkətlərin 70 faizi xarici eksponentlər, 30 faizi isə yerli şirkətlərdir. Bu barədə "ITE Group" şirkətinin regional direktoru Edvard Stroon məlumat verib.
Qeyd edilib ki, iştirakçılar arasında Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland Krallığı və Şri-Lanka öz milli stendlərini təqdim edəcəklər. Bu il ilk dəfə olaraq tədbirə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da qoşulub. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, ötən ilə nisbətən bu ilki sərgidə dinamik inkişaf var. Keçənilki sərgiyə 313 şirkət qatılmışdısa, bu il 331 şirkət iştirak edir. Sərginin sahəsi də, eyni zamanda, 9-10 faizədək artıb. Bu, ölkəmizdəki gedən inkişafın göstəricisi deməkdir. Azərbaycan iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar sektordakı yenilikləri, inkişafı tərənnüm etmək üçün bu sərginin böyük əhəmiyyəti var. Məqsəd ölkədə istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının nümayişi, xarici tərəfdaşların sərgiyə dəvət olunması və birgə işgüzar əlaqələrin qurulmasından ibarətdir. Sərgidə kənd təsərrüfatının bütün sektorunu əhatə edən yeni texnologiyalar, istehsal sahələri nümayiş olunacaq.
WorldFood Azerbaijan" sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbir ilə müqayisədə, bu il""Ipack Caspian 2017" iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənib. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edirlər.
"CaspianAgro 2017" sərgisinin meneceri Zarina Məmmədova diqqətə çatdırıb ki, "WorldFood Azerbaijan 2017" sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub.
"WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcək. Həmçinin sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcək.