Ömrünün davamı sözdür Hadisə

Ömrünün davamı sözdür

Bu yazımı qələmə alarkən sözün qüdrəti, möcüzəsi barədə fikirləşdim. Yazılarımda sözə çox önəm vermişəm. Çünki söz mənim silahdaşım, ən yaxın sirdaşımdır.
Elə sözün sehri barədə düşünürdüm ki, əlimə " Ədalət" qəzetin 12 aprel sayı düşdü. "Heyrət, ey söz!" yazısı məni maqnit kimi cəzb etdi. Yazını professor Nizaməddin Şəmsizadə qələmə almışdı. Oxudum, duyğulandım, qürurlandım. Professor yazırdı: " Bu söz Ulu Qorqudun, " Manas" ın, Mövlanə Cəlaləddin Ruminin, iki cahanın Söz cəngavəri Nəsiminin, dünyanın beş dahisindən biri Əlişir Nəvainin, Mövlanə Məhəmməd Füzulinin ilhamı ilə silahlanıb, qiymətsiz sərvətimizə çevrilib."
Söz ən etibarlı dostdur, sözün böyüklüyü, ilahi qüdrəti, sehri qarşısında baş əyib heyrətllənirəm. Mən özüm də söz adamı olduğum üçün özümü tənha hiss etmirəm. Söz hər şeyim deməkdir. Həyatda nə qazanmışamsa sözə borcluyam. O, heç vaxt məğlubedilməz sərkərdə, müdrik bəşər övladı, misilsiz və tükənməz sərvət, tariximizin saxlancıdır. Sözdən yaranmış nə varsa nəsillərin-nəsillərə vəsiyyəti, əsrlərin-əsrlərə əmanətidir,- deyir jurnalist dostum İdris Şükürlü. Həmişə bizim yazıları o, nəşr edib, bizə qayğı göstərib, diqqətli olub, dərdimizə şərik çıxıb. İndi isə, onun yubileyi ərəfəsində, 60 yaşın tamamında dostumuzdan xəbərsiz bu yazımı qələmə alıram. Axı, çoxdan tanıdığım, birlikdə çörək kəsdiyim, xeyir-şərində iştirak etdiyim, ürəyinin döyüntülərini duyduğum, kitablarını, əsərlərini böyük sevgi ilə oxuduğum, qəzetlərini səbirsizliklə gözlədiyim İdris Şükürlünü məndən çox kim tanıya bilər?
2010-cu ilin 21 iyulunda Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sərəncamı ilə İdris Şükürlüyə " Əməkdar jurnalist" fəxri adı verilmişdi. Mən o vaxt onun haqqında qəzetə yazmaq istədim, lakin o, razı olmadı. Mən də naəlac qalıb susmağa üstünlük verdim. İndi isə jurnalist dostum istəsə də, istəməsə də düşüncələrim, qələm və kağız öz işini görüb. Məncə indi o, mənə bir şey deməz...
Əslinə qalsa, İdris Şükürlünün əməyinə düzgün qiymət verilibdir. O, ömrün çoxunu fasiləsiz və məhsuldar jurnalist əməyinə sərf edib. Bir neçə qəzet və jurnalda işləsə də, əsas iş yeri 1992-ci ildən " Lerik" qəzetindədir. Əvvəllər bu qəzet " Bolluq uğrunda" adlanırdı. Ondan qabaq-1937-ci ildə isə " Kolxoz yolu". Latın qrafikası ilə az tirajla, iki səhifə həcmində nəşr olunurdu. İdris Şükürlü 1984-cü ildə ADU-nun( indiki BDU) jurnalistika ixtisasının tamamında Lerik rayon qəzetinin nəşri tarixindən diplom işi yazıb uğurla müdafiə etmişdi.
İdris Şükürlü fərdi üsluba, yazı manerasına, novatorluğa, bədii və publisistik ruha, obrazlı təfəkkürə malik qələm ustasıdır. Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlər- məqalə, oçerk, hekayə, şer, sənədli povestlər oxucuda müsbət təəssürat oyadır, onu problemlərin həllinə yönəldir, düşüncəsinə və davranışına təsir edir.
İstedadlı jurnalist İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tutur. Onun müxtəlif illərdə yazdığı " Ölsəm, inanma", " Adsız qəhrəman", " Ömür çırağı sönmədi", " Özlərində dəfn etdilər ölümü" kitabları fikrimizi təsdiq edir. Bu əsərlərin məktəbli gənclər, Milli Ordunun əsgər və zabitləri arasında hərbi-vətənpərvərlik ideyalarının yaymasında böyük əhəmiyyəti var .Oxucuya təqdim olunan bu əsərlərin qəhrəmanları onun yazıçı təxəyyülündən yaranmayıb, müasirlərimiz, real qəhrəmanlardır. Onlar Lerikin dağ kənlərində, qonşu rayonlarda yaşayıblar. Ata-analardan , doğmalardan mərdlik, əzəmət, ucalıq əxz ediblər. İgid oğullar gənc nəslə mübariz, əyilməzlik dərsi öyrədirlər.
"Gözəlliyi gözlərində apardı", " Çəkirəm dünyanın şəkilini sözlə" , "Açılmayan səhər", "Dünyadan bir loğman köçdü", "Əsl insan haqqında düşüncələr" və s. kitablarında onun poetik dünyası, sənədli ədəbiyyat nümunələri aydın görünür. Vətən, yurd sevgisi, yaxşı insanlara, ucalığa, mənəvi kamilliyə, təbiətin qorunmasına çağırış motivləri düşündürücü və yaddaqalandır.
Müasir Azərbaycan mətbuatında özünəməxsus dəst-xətti olan İdris Şükürlü fəaliyyət göstərdiyi illərdə oxucu məhəbbəti qazanıb. Qələmə alıb nəşr etdirdiyi yazılar, kitablar gərgin zəhmətdən xəbər versə də o, deyir ki, mən hələ ürəyimdən keçən əsərlərimi yazmamışam. Yazıçı-jurnalist qələmə aldığı yazılarında öz taleyini , dünəni və sabahını görür. Düşünür ki, sözdür, fikirdir ömrün davamı...
İnanırıq ki, İdris Şükürlünün söz abidəsinin özülü daha möhkəm, dözümlü olacaq. Ömrünün 60 illiyində onu təbrik edir, xoş arzuları bildiririk.

Zəfər Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Lerik rayonu