09:59
532
“Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Daşkənddə keçirilən Məşvərət Görüşündə iştirak ölkəmizin regionun siyasi proseslərində etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir. Xəzər dənizi iki məkanı ayıran deyil, birləşdirən strateji körpü kimi çıxış edir və bu, tərəflər arasında geosiyasi yaxınlığı daha da gücləndirir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusilə diqqət çəkdiyini vurğulayan politoloq əlavə edib ki, liderlər arasında son illərdə intensiv səfərlər, müttəfiqlik sənədləri və birgə layihələr siyasi iradənin gücünü nümayiş etdirir: “Ticarət dövriyyəsinin artması, Xankəndidə birgə istehsal müəssisəsinin açılması, Orta Dəhliz üzrə tranzit imkanlarının genişlənməsi və enerji sahəsində üçtərəfli əməkdaşlıq əlaqələrin praktiki dərinliyini ortaya qoyur”.
Z.Qarayeva diqqətə çatdırıb ki, mədəni və humanitar sahədə də böyük dinamika müşahidə olunur: “Qarşılıqlı mədəniyyət günləri, regionlararası qardaşlaşma layihələri və idman sahəsində birgə təşəbbüslər iki xalqın yaxınlığını daha da möhkəmləndirir. Səfər, ümumilikdə, həm ikitərəfli əlaqələrin, həm də Azərbaycan–Mərkəzi Asiya tərəfdaşlığının strateji perspektivlərini daha da gücləndirən önəmli addım kimi qiymətləndirilir”.
Röya İsrafilova