“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Hadisə

“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi”

Bu gün "Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin açılış konfransı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, peşə təhsilinin real sektora və əmək bazarına yaxın olması üçün ixtisaslı kadrların hazırlanması vacibdir. Nazir qeyd edib ki, mövcud sahənin inkişafı üçün maraqlı tərəflərin iştirakı təmin edilməli, iqtisadiyyata uyğunlaşdırılmalıdır: "Bundan başqa məktəblərin mövcud maddi-texniki bazasının gücləndirilməsi, tədrisin subyektlərlə yanaşı istehsal sahələrinə keçirilməsi qarşıda duran məsələlərdəndir. Sistemin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün müəllimlərin, idarəedicilərin peşəkar səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Bu sahədə beynəlxalq təcrübənin, uğurlu modellərin öyrənilməsi, özəl sektorla əməkdaşlığın gücləndirilməsi mühüm rol oynayır. "Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır".
Mikayıl Cabbarov deyib ki, bu il Azərbaycanda peşə təhsili sahəsində şəffaflığın təmin edilməsi məqsədilə "Asan peşə" layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulunu Asan Xidmət Mərkəzləri həyata keçirib: "Yeni tədris ilindən qəbulun Asan Xidmət Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur".
O bildirib ki, Mənzil İnşaat Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən bu ildən Tikinti və quraşdırma üzrə Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib. Növbəti tədris ilindən "Gilan holding"lə qarşılıqlı əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.
Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəssisələrinin əksəriyyətində monitorinqlər aparılıb. Onun sözlərinə görə, nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib: "Bu günlərdə Nazirlər Kabinetinin qərarı olaraq, Qəbələdə iki təhsil müəssisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb. Tezliklə Qəbələ və Gəncədə yeni peşə təhsili müəssisələrinin inzibati binaları istifadəyə veriləcək.İlin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur".
Konfransda Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Regionu məsələləri üzrə direktoru Laurens Meredit Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqının Azərbaycan üzrə nəzərdə tutulan planlarından, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından və son illərdə peşə təhsilinə göstərilən diqqətdən, layihənin rəhbəri Herman Sonneveld isə onun məqsədi və planlaşdırma barədə danışıb.