MTN polkovniki rütbədən məhrum edilib Hadisə

MTN polkovniki rütbədən məhrum edilib

Məhkəmə Eldar Mahmudov barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib

Dünən Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Vüsal Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb.
Məhkəmənin hökmü ilə Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib.
Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.
Məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.