Hesablama Palatasından ƏƏSMN üçün təkliflər Hadisə

Hesablama Palatasından ƏƏSMN üçün təkliflər

Sosial müavinət, kompensasiya və təqaüdün maliyyələşdirilməsi üçün 2015 və 2016-cı illərdə müvafiq olaraq dövlət büdcəsindən ayrılan 303675,5 min manat və 339240,4 min manat vəsaitdən 2015-ci ildə 1669,6 min manat, 2016-cı ildə isə 1952,1 min manatın istifadəsinin statistik hesabatlarla fərqli olması faktının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılması təklif olunur.
Hesablama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili və səmərəliliyinin müəyyən edilməsi ilə bağlı 2015-2016-cı illər üzrə apardığı ekspert-analitik təhlilin nəticələrinə görə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar da nəzərə alınmaqla əlilliyə görə pensiya və müavinət alanların ümumi sayının Qubadlı (12,0%), Daşkəsən (11,2%), Kəlbəcər (11,0%), Yardımlı (10,6%), Gədəbəy (9,5%), Cəlilabad (8,8%), Ağcabədi (8,6%), Mingəçevir (8,5%), İsmayıllı (8,3%) rayonları üzrə ölkə üzrə göstəricidən (6,1%) xeyli yüksək olması faktının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılması məsələsi də təkliflər sırasındadır.
Ölkədə aparılan pensiya islahatı çərçivəsində "Sosial müavinətlər haqqında" qanunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən yeni redaksiyada işlənilib hazırlanaraq müzakirəyə təqdim olunması və Qanun layihəsində ümumi əsaslarla yaşa görə sosial müavinətin təyin edilməsindən ötrü müəyyən edilən yaş həddinin bu növ pensiya təyinatı üçün nəzərdə tutulan yaş həddi ilə əlaqələndirilməsi; yaşa görə sosial müavinət təminatında 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə edən qadınlara güzəşt hüququnun tanınması və çoxuşaqlı qadınların bu növ sosial müavinətə hüququnun ümumi əsaslarla yaşa görə pensiya təyinatı ilə əlaqələndirilməsi; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 92-ci, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi arasındakı ziddiyyətin qanunvericilik qaydasında həll edilməsi; aylıq sosial müavinətlərin müraciətdən əvvəlki tarixə ödənilməsində yalnız ailə başçısını itirməyə görə növü üçün üç aylıq müddətin tətbiq edilməsini, digər növlər üzrə sosial müavinətlərin isə müraciət tarixindən təyin edilməsi; müddətli hərbi xidmət hərbi qulluqçuları sırasından II və III qrup müharibə əlilinin də I qrup müharibə əlilləri ilə bərabər səviyyədə əmək pensiyası hüququnun qazanılmasına dair normaya yenidən baxılması; dövlət büdcəsinin imkan verdiyi səviyyədə sosial müavinətlərin məbləğinin mərhələlərlə ölkə üzrə ehtiyac meyarı həddinə çatdırılması barədə xüsusi normanın qəbul olunması; beşdən çox uşağı olan çoxuşaqlı qadınlara sosial müavinətin təyin olunması qaydalarının dəqiqləşdirilməsi; şəhid ailəsi üzvləri üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün məbləğinin yenidən artırılması zamanı bu kateqoriyadan olan şəxslərə təyin olunan sosial müavinətin ləğv olunması; ünvanlı dövlət sosial yardımının 2 il, aztəminatlı ailənin uşağına müavinətin isə 1 il müddətinə təyin olunmasını nəzərə alaraq həmin müavinətin ləğv olunmasını, ailəyə təyin olunan ünvanlı dövlət sosial yardımının üzərinə aztəminatlı ailənin 1 yaşınadək uşağına görə həmin müavinət həcmində xüsusi əlavənin hesablanması; yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumlarına (himayəçilərinə) sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi təklif olunur.
"Əmək pensiyaları haqqında" qanunun ailə başçısını itirməyə görə pensiyalarının təyin olunması və hesablanması şərtlərinə dair normalara yenidən baxılması, o cümlədən Azərbaycan Respublikası Prezidenti təqaüdlərinin əvvəlki dövrə ən çoxu üç il ödənilməsi qaydasının müəyyən edilməsi, sərbəstləşən vəsaitin sosial müavinətlərin məbləğinin artırılmasına yönəldilməsi də təklif olunur.