Rus dilinin günü Hadisə

Rus dilinin günü

Elçin Mirzəbəyli

...Heç bir dilin düşməni deyiləm. O cümlədən də iyunun 6-nı öz gününü bayram edən rus dilinin də...
Əslində müstəqilliyimizin 23-cü ildönümünü yaşadığımıza baxmayaraq, Azərbaycanda çoxsaylı ailələr var ki, günlərini rus dili başlayıb elə bu dillə də bitirirlər. Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanada da... həmçinin. Rusiya Federasiyasının tərkibində olan türk muxtar dövlət və topluluqlarını isə nümunə gətirmirəm. Onlarda zatən hər gün zorən RUS dili GÜHÜdür.
Bir insanın bir neçə dil bilməsinə olduqca müsbət yanaşır və təqdir edirəm. Amma etnik mənsubiyyətindən asılı olmayaraq bir Azərbaycan vətəndaşının həyasızlığına salıb Azərbaycan dilində danışmaq istəməməsini ən yaxşı halda tərbiyəsizlik, həmin şəxsin xalqımıza olan aşağılayıcı, təhqiramiz münasibəti kimi qiymətləndirirəm. Belələrinin sayı isə az deyil. Onlarla ayrı-ayrı idarə və müəssisələrdə, sərnişin nəqliyyatında..., kəsəsi hər yerdə və hər an qarşılaşa bilərik. Bu adamlar Azərbaycana bir neçə günlüyə səfər etmiş hər hansı bir xarici ölkə vətəndaşının bir neçə dəqiqənin içərisində əzbərlədiyi sualları belə rus dilində səsləndirməkdən zövq alırlar. Azərbaycanın 23 illik müstəqilliyi dövründə dövlət dilimizi öyrənməyi gərəkli hesab etməyiblər. Çünki onlar nəinki Azərbaycan dilinin dövlət dili olması statusu ilə hətta Azərbaycanın müstəqilliyilə də barışmayıblar. Elə hesab edirlər ki, hansısa müəmmalı bir keçid dövrünü yaşayırlar və nə zamansa hər şey özünün əvvəlki məcrasına qayıdacaq.
Bunda bizim də günahımız var, şübhəsiz. Azərbaycanda hələ də rus dilində təhsil verən orta və ali təhsil müəssisələrinin olması ilə öyünməyimiz, rus dilinin və mədəniyyətinin populyarlığı barədə yeri gəldi-gəlmədi ağız dolusu danışmağımız, Azərbaycanın çörəyini yeyib, suyunu içib Azərbaycan xalqına yuxarıdan aşağı baxanların suallarına böyük bir canfəşanlıqla rus dilində cavab verməyimiz... buna zəmin yaradıb.
Maraqlıdır, görəsən hansı səbəbdən Azərbaycanda rus dilində təhsil verən ali və orta məktəblər fəaliyyət göstərir?
Azərbaycan Resrublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
"Dövlət Dili haqqında" Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində isə deyilir ki, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
Göründüyü kimi, həm Konstitusiyada, həm də "Dövlət Dili haqqında" qanunda Azərbaycan dilinin tətbiqi imperativ şəkildə qoyulub. Doğrudur, sözügedən qanunun 5.2-ci maddəsində Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirildiyi də vurğulanır. Bu isə Konstitusiyanın tələbləri, "Dövlət Dili haqqında" qanunun hüquqi-fəlsəfi mahiyyəti, eləcə də Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə daban-dabana ziddir. Əgər qanunda "Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır" kimi imperativ bir göstəriş yer alıbsa, o zaman başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti və onların dövlət büdcəsindən maliyyələşdirilməsi heç bir halda hüquqi cəhətdən əsaslandırıla bilməz. Azərbaycanda fəaliyyət göstərən və dövlət tərəfindən maliyyələşən bütün təhsil müəssisələri istisnasız olaraq Azərbaycan dilində təhsil verməlidir.

Rusdilli azərbaycanlı...

Gülünc səslənir, deyilmi? Rus imperiya təfəkkürünə zidd olan bütün digər uydurma epitetlər kimi. Dünyada ingilisdilli, ispandilli... dövlətlər var və bu ölkələrdə dövlət dili ingilis dilidir. Lakin təsəvvür eə bilmirəm ki, İngiltərədə hər hansı bir Britaniya vətəndaşına fransızdilli ingilis deyə müraciət etsinlər. Amma Rusiyanın Azərbaycandakı səfiri Azərbaycan vətəndaşlarına "rusdilli azərbaycanlı" deyə bilir...
Rusdilli azərbaycanlı... Bu necə ola bilər axı?
Dil və mədəniyyət milli kimliyi ifadə edən ən mühüm atributlardan biri və bəlkə də birincisidir. Bu baxımdan, özünü rus mədəniyyətinə aid edən və rus dilini özünün əsas düşüncə və ünsiyyət dili sayan istənilən şəxs rus milli kimliyinin daşıyıcısı sayılmalıdır. Rusdilli ifadəsi isə Rusiya tərəfindən uzun illərdir ki, həyata keçirilən yumşaq assimilyasiya siyasətinin tərkib hissəsidir
Azərbaycanlı Azərbaycan dilli olmalıdır! Daha öncə qeyd etdiyim kimi, istənilən şəxs bir, yaxud bir neçə dil bilirsə bu onun üstünlüyüdür. Azərbaycanda ingilis dilində alan insanlar da var. Nədən biz onlara ingilisdilli demirik? Yaxud Almaniyada, Fransada doğulan azərbaycanlılar nə üçün onlar özlərini alman, yaxud fransızdilli adlandırmırlar? Rusdilli ifadəsi velikorus şovinizminin mahiyyətindən doğan bir deyimdir. Rus olmayanlarla ruslar arasında transfer körpüsü missiyasını yerinə yetirən bir anlayışdır. Rusdilli kəlməsi rus olmayanların yumşaq assimilyasiyası üçün məqsədyönlü şəkildə düşünülmüş bir texnologiyadır.
"Rus dilində təhsil almaq və məhz bu səbəbdən öz ana dilini yaxşı bilməmək" isə natamamlıq kompleksinə haqq qazandırmaq üçün uydurulmuş bir bəhanədir. Bilmir, öyrənsin! Rus dili dünyanın ən mürəkkəb dillərindən biridir. Necə olur ki, olduqca mürəkkəb qaydaları olan və kifayət qədər kobud, axıcı olmayan rus dilini öyrənmək olur, amma axıcı, gözəl və sadə Azərbaycan türkcəsini öyrənmək olmur?
Öz millətini, dövlətini sevən insan onun dilini bilməlidir.
Bu sahədə dövlətin ardıcıl siyasəti, vətəndaşların isə qeyrəti olmalıdır...