

3 İyul 16:18
ABŞ Prezidenti Donald Tramp beynəlxalq aləmin müxtəlif mövzularına maraq göstərir. Bu mənada Tramp administrasiyasının Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan planı barədə xəbər saytlarda geniş yayılıb. Vaşinqtondakı adı çəkilməyən mənbənin bildirdiyinə görə, bu təşəbbüs Rusiyanı həm danışıqlar prosesindən, həm də dəhlizin icrasından tamamilə kənarda qoymaq məqsədi daşıyır.
Mənbəyə istinadən yayılan xəbərdə Vaşinqtonun təşəbbüsünün Azərbaycan və Ermənistan üçün daha bir faydası belə təqdim olunub: “ABŞ-ın iştirakı Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatı tələblərini qarşılayır və Ermənistanın dəhliz üzərində suverenliyini qoruyur”.
Ağ Evdən və Dövlət Departametindən yayılan xəbərlə bağlı şərh verilməyib. Ancaq böyük ehtimalla Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda ABŞ-ın da Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər. Digər tərəfdən dəhlizlə əsas daşınacaq yüklərin sahibi Çin də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz.
ABŞ-ın dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar. Bir sözlə Rusiyanın, ABŞ-ın və ya Avropa İttifaqının Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir.
Elxan Şahinoğlu