“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabının təqdimatı olub Hadisə

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabının təqdimatı olub

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)" kitabının da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib.
Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə ilə çıxış edib. O bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarixboyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətinin elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilməsidir.
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fazil Fərzəlibəyli, Qafqazşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar. Qeyd olunub ki, nəşrindən keçən qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş bu kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)" kitabı "Şərq-Qərb" nəşriyyatında çapdan çıxıb.