“Kimliyimizi yaşadan dəyərlər” layihəsində Qarabağın memarlıq irsi araşdırılıb Cəmiyyət

“Kimliyimizi yaşadan dəyərlər” layihəsində Qarabağın memarlıq irsi araşdırılıb

25 noyabr 2026-cı il tarixində Azərbaycan Rəssamlıq Akademiyasında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kimliyimizi yaşadan dəyərlər – milli kimliyin və mədəni irsin gənclər arasında təbliği” layihəsinin ikinci günü baş tutub.Layihənin ikinci günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov “Qarabağın dini-memorial memarlıq abidələri: tarixi mənsubiyyət, bədii xüsusiyyətlər və bərpa məsələləri” mövzusunda məruzə ilə çıxış edib.Məruzədə Qarabağda dini və memorial memarlığın formalaşması və inkişafı, bölgədəki xristian dini memarlıq abidələrinin tarixi mənsubiyyəti, İslam dövrünə aid məscid və türbələrin memarlıq-kompozisiya quruluşu və bədii xüsusiyyətləri ətraflı təhlil olunub. Bununla yanaşı, tarixi memarlıq abidələrinin mühafizəsi, bərpası və onların autentikliyinin qorunması məsələlərinə də toxunulub.Təlim zamanı Qarabağın memarlıq irsinin elmi əsaslarla öyrənilməsinin, abidələrin tarixi və bədii dəyərinin düzgün təqdim edilməsinin, onların gənc nəslə tanıdılmasının milli kimlik şüurunun formalaşmasında mühüm rol oynadığı vurğulanıb.İki gün davam edən layihə çərçivəsində gənclər Azərbaycanın, xüsusilə Qarabağın zəngin tarixi-mədəni və memarlıq irsi haqqında ətraflı məlumat əldə edib, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində biliklərini genişləndiriblər.Layihənin müəllifi və rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Aysel Quluzadədir.
“Kimliyimizi yaşadan dəyərlər” layihəsi milli kimliyin və mədəni irsin gənclər arasında təbliğinə, tarixi yaddaşın qorunmasına və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə töhfə verməyi hədəfləyir.