10:49
721
İndoneziyanın Qərbi Yava əyalətində güclü leysan yağışları nəticəsində təxminən 100 metr dərinliyində iki qanunsuz qızıl mədənini su basıb. Yerin altında azı 26 nəfərin qala biləcəyi ehtimal edilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Jakarta Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, su bazar ertəsi gecə saatlarında mədənlərə dolmağa başlayıb. Bundan sonra 11 nəfər müstəqil şəkildə təxliyə ola bilib. Digərləri isə itkin düşmüş hesab olunur.
Xilasetmə əməliyyatı mədənlərin dərinliyi, keçidlərin dar olması və hava şəraiti səbəbindən çətinləşir. Mütəxəssislər suyu nasosla çəkməyə başlayıblar, lakin davam edən leysan yağışları və yaxınlıqdakı çayda suyun səviyyəsinin qalxması işləri ləngidir.
"The Jakarta Post" yazır ki, insident dövlətə məxsus "PT Aneka Tambang" qızıl hasilatı şirkətinə aid sahədə baş verib, lakin şirkət nümayəndələri qanunsuz hasilatla hər hansı əlaqələrinin olduğunu təkzib edirlər.
"Jakarta Globe" nəşrinin məlumatına görə, mədənlərdən biri qismən çökə bilər. Hadisə yerində fövqəladə hallar xidmətləri işləyir, xilasetmə əməliyyatı davam edir.
Məryəm Quliyeva