24 Noyabr 14:26
12:08
245
“Gender bərabərliyinin təmin edilməsi, ailə institutunun möhkəmləndirilməsi və əlverişli demoqrafik mühitin formalaşdırılması cəmiyyətin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu millət vəkili Könül Nurullayeva “Xalq Cəbhəsi “-nə açıqlamasında bildirib ki, bu istiqamətlər bir-biri ilə sıx bağlıdır və dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.
Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadınların ictimai-siyasi, iqtisadi və sosial həyatda iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Konstitusiyada qadın və kişilərin bərabər hüquqları təsbit olunub, 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib. Dövlət Komitəsinin fəaliyyəti, dövlət proqramları və maarifləndirmə layihələri də bu siyasətin həyata keçirilməsində mühüm rol oynayır.
Deputat qeyd edib ki, 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi bu sahədə dövlət siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Sənəddə qadınların ictimai fəallığının artırılması, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, təhsil və media sahələrində gender yanaşmasının gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması və sosial cəhətdən həssas qadın qruplarının müdafiəsi kimi mühüm vəzifələr müəyyənləşdirilib.
K.Nurullayeva ailə institutunun qorunmasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, ailə milli kimliyin və mənəvi dəyərlərin formalaşdığı fundamental ictimai institutdur. Azərbaycan cəmiyyətində ailə ənənələrinin qorunması hər zaman prioritet məsələlərdən biri olub.
Millət vəkili erkən nikahların və məişət zorakılığının qarşısının alınması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, valideyn məsuliyyəti və nikahdan əvvəl psixoloji hazırlıq məsələləri üzrə maarifləndirmənin sistemli şəkildə aparılmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, bu prosesdə məktəblər, ali təhsil müəssisələri, media, QHT-lər və yerli icmalar daha fəal iştirak etməlidir.
Deputat əlavə edib ki, ailədə qadının iqtisadi müstəqilliyinin təmin olunması, kişinin valideynlik və ailə məsuliyyətini bölüşməsi, uşaqların bərabər imkanlarla böyüməsi cəmiyyətin sosial dayanıqlığını gücləndirən əsas amillərdəndir.
“Güclü ailə həm də güclü dövlətin, sağlam cəmiyyətin və təhlükəsiz gələcəyin təminatıdır”, – deyə K.Nurullayeva vurğulayıb.
Günel Elxan
24 Noyabr 15:48
1 148
24 Noyabr 14:26
1 239
24 Noyabr 14:18
1 155