“Qarabağda yenə savaşmağa hazıram“ Hadisə

“Qarabağda yenə savaşmağa hazıram“

Abit Öztürk: "Yetər ki, işğal altında qalan Azərbaycan torpaqları azad olunsun"

"Qarabağda ən ağır döyüşlərdə iştirak edirdik. Həmin bölgədə təxminən 50 nəfər türk əsgəri savaşırdı". Bu sözləri Qarabağ müHaribəsinin ən ağır vaxtlarında qardaş Türkiyədən könüllü gələrək savaşanlardan Abit Öztürk bizimlə xatirələrini bölüşərkən dedi.
"Bu haqda danışmağı xoşlamıram və hesab edirəm ki, bu, bizim qardaş borcumuz idi. Başqa cür ola da bilməzdi. Mən o zaman Ankara Universitetində təhsil alırdım. Eyni zamanda Ankara Ülkü Ocaqlarında sədr müavini idim. Bizə başbuğumuz Alp Arslan Türkeş tərəfindən çağırış gəldi ki, Qarabağda vəziyyət gərgindir və orada savaşmalıyıq. Həm də özümüz könüllü olaraq savaşmaq istəyirdik və bu haqda böyüklərimizi də məlumatlandırmışdıq. Başbuğumuzun əmri yerinə düşdü və bu əmrdən sonra da Azərbaycana gəldik. Bundan sonra Atilla, Ahmet, Hamit adlı komandirlərimizin rəhbərliyi altında ağır döyüşlərdə iştirak edirdik", - deyə A.Öztürk söylədi. Abit Öztürk onlarla savaşan erməni yox, rus əsgərləri olduğunu bildirdi: "Əmr gələn kimi bizi "Kamaz" maşınları ilə döyüş bölgəsinə gətirirdilər və döyüşlərə qatılırdıq. Azərbaycan ordusu yenicə qurulurdu və ona görə də əsas savaşan qüvvələr özünü yerli müdafiə dəstələri, bir də Azəraycan Xalq Cəbhəsinin könüllüləri idi. Bizim orada olmağımız Azərbaycan könüllülərinə çox mənəvi dəstək olurdu. Çünki ermənilərə bütün Avropa, Rusiya dəstək verirdi. Bizim azərbaycanlı qardaşlarımızın yanında olmağımız onlara böyük mənəvi-psixoloji dəstək verirdi. Bizə deyirdilər ki, siz posta çıxmayın və savaşa getməyin, sizlərin burada olmağınız bizə yetər. Deyirdilər, bu torpaqlarda bizim qanımız axsın ki, onun dəyərini bilək. Onu da bildirim ki, müharibədə 15-16 yaşında Azərbaycan gəncləri savaşırdı. Onları bir amal birləşdirirdi, bu torpaqlarda işğala son qoymaq. Bu gün "Azərbaycan əsgərləri savaşmırdı" deyənlərə cavabım odur ki, bu sözü deyənlər evdə rahat yatarkən 15-16 yaşında Azərbaycan gəncləri torpaq və bayraq uğrunda qəhrəmancasına şəhid olurdular. Canlarından keçirdilər ki, düşmən Azərbaycan torpaqlarının işğal etməsin. Mən bu hadisələrin canlı şahidi olaraq bu sözləri deyirəm. Əgər sabah yenidən Qarabağ uğrunda müharibə başlayarsa, savaşmağa hazıram və yetər ki, işğal altında qalan Azərbaycan torpaqları azad olunsun", - deyə A.Öztürk bəyan etdi.
Elnur Eltürk