“Milli mətbuatın inkişafı bütövlükdə cəmiyyətin tərəqqisi deməkdir” Cəmiyyət

“Milli mətbuatın inkişafı bütövlükdə cəmiyyətin tərəqqisi deməkdir”

“22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrinə və müstəqil informasiya məkanının inkişafına verilən yüksək dəyərin ifadəsidir. Hələ 22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi ilk dəfə Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasını qoyub. O dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. Həmin dövrdə Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinərək qəzetin nəşrini dayandırıb. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq "Əkinçi" xalqın milli oyanışında, elm və təhsilin təbliğində, ana dilinin inkişafında, ictimai şüurun formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb. Bu qəzet sonrakı dövrlərdə yaranan milli mətbuat orqanları üçün möhkəm təməl olub. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” və digər nəşrlər tərəfindən uğurla davam etdirilib. Bu mətbuat orqanları milli özünüdərkin, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunmasının və ictimai fikrin inkişafının formalaşmasına mühüm töhfələr verib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyeva qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib: “Xüsusilə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə mətbuatın azad fəaliyyəti üçün hüquqi baza daha da möhkəmləndirilib, 1998-ci ildə ölkədə senzura tamamilə ləğv edilib, bu isə demokratik cəmiyyətin inkişafında mühüm mərhələ kimi tarixə düşüb. Bunun nəticəsində informasiya azadlığının təmin edilməsi, jurnalistikanın müstəqilliyinin gücləndirilməsi və media institutlarının inkişafı üçün geniş imkanlar yaranıb. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranıb. Bundan sonra Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunub”.

Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycan Respublikasında media sahəsinin müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir: “Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda media sektoru yeni imkanlar qazanıb, informasiya təhlükəsizliyi, peşəkarlıq, operativlik və obyektivlik daha da ön plana çıxıb. Jurnalistlər cəmiyyətin düzgün və operativ məlumatlandırılması, milli maraqların qorunması, dövlətçilik ənənələrinin təbliği və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm missiya daşıyırlar. Müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən birinə çevrilib. Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyalarına qarşı mübarizədə peşəkar jurnalistikanın rolu daha da artıb. Etibarlı informasiya mənbələrinin mövcudluğu cəmiyyətin sağlam inkişafının, vətəndaşların düzgün məlumatlandırılmasının və ictimai etimadın qorunmasının vacib şərtlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub”.

O həmçinin bildirib ki, 30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir: “Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir”.

P.Vəliyeva əlavə edib ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində dövlətin mövqeyinin müdafiəsində və cəmiyyətin operativ məlumatlandırılmasında mühüm rol oynayıb: “Bu dövrdə jurnalistlər böyük məsuliyyət və fədakarlıq göstərərək informasiya cəbhəsində əhəmiyyətli fəaliyyət həyata keçiriblər. Milli mətbuatın inkişafı yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı deməkdir. Güclü media demokratik dəyərlərin möhkəmlənməsinə, şəffaflığın təmin olunmasına, ictimai nəzarətin güclənməsinə və vətəndaşların məlumat almaq hüququnun reallaşmasına xidmət edir. Eyni zamanda media milli-mənəvi dəyərlərin, dilimizin, mədəniyyətimizin və tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm vasitələrdən biridir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir. Əminik ki, Azərbaycan mediası bundan sonra da milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, cəmiyyətin düzgün məlumatlandırılmasına və ölkəmizin inkişafına dəyərli töhfələr verməyə davam edəcək”.

Röya İsrafilova