Azərbaycanın ekologiya tarixində özəl gün Hadisə

Azərbaycanın ekologiya tarixində özəl gün

650 min ağacın əkilməsi reallaşdı

Azərbaycanın tarixində ilk dəfə olaraq, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaldırılan bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü nəhayət ki, bu gün gercəkləşdi. Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə uyğun olaraq, ümumilikdə 83 şəhər və rayonda ağacəkmə aksiyası keçirilib. Bu aksiyada 37 növdə 650 min ağac əkilib ki, onların da hamısı Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib.
Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə ilk olaraq, şairin doğulduğu Şamaxı şəhərində start verilib.
Media nümayəndələri isə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. İctimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bu aksiyaya 1000-ə yaxın insan cəlb olunub. Havanın soyuq olmasına baxmayaraq, insanlar bu aksiyada çox fəal iştirak ediblər.

"Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bildirib ki, bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə, əsasən meyvə ağacları olmaqla, 5 mindən çox ağac əkilir.
Vüqar Kərimovun sözlərinə görə, bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub: “Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir. İctimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu gün Müşfiqabad qəsəbəsinin ərazisində minlərlə ağac əkdik. Bütün respublikanı əhatə edən ağacəkmə kampaniyası həm böyük şairin irsinin dünyada tanıdılması, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların daha da artırılmasına, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə xidmət edir. Əminik ki, bu tədbirlə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq və daha yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək”.

Xlqa xidmət etsinlər...

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib ki, bir gün ərzində 650 min ağacın əkildiyi bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar.
Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar:
"Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük kömək göstərmiş olacaq: “Vacib komponentlərdən biri insanları yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi kampaniyasına insanlar öz təşəbbüsləri ilə dəstək verirlər.
Bu təşəbbüsü Azərbaycan ekologiyasının qorunması üçün gözəl layihələrdən biri sayan Siyavuş Novruzov kampaniyaya böyük məmnuniyyətlə qoşulduqlarını söyləyib:
"Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir. Bu kampaniyada 70-dən artıq rayonda sayı 300 nəfərdən az olmayan YAP üzvü iştirak edir. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Onlar ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər".

"Arzu edirəm ki, Azərbaycan yamyaşıl ölkə olsun"

BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə kampaniyası münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, bu kampaniya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı üçün önəmlidir:
"Meşələrin artırılması yolu ilə biz karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri kənd təsərrüfatı baxımından vacib sektor kimi görürük. "Bütün xalqın bu kampaniyaya qoşulması çox faydalıdır. Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun".

İncəsənət adamlarından gələn dəstək

Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə dəstək verənlər arasında incəsənət sahəsində fəaliyyət göstərən şəxslər də var.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayan Xalq artisti Tünzalə Ağayeva bu təşəbbüs çərçivəsində insanların ağacəkmə aksiyasına cəlb olunmasını çox savab bir iş adlandırıb:
“Həyatımda ilk dəfədir ki, ağac əkirəm. Bu təşəbbüslə çıxış edən Mehriban Əliyevaya və bunun gercəkləşməsinə yardım edən bütün insanlara minnətdaram. Böyük Nəsiminin 650 illik yubileyinə həsr olunan bu ağacəkmə aksiyası gələcəyə bir xatirədir. Böyüklər bizə çox böyük miras qoyub gediblər. Bizim də gələcək nəslə bir ağac qədər töhfəmiz ola bilirsə, Azərbaycan torpağına fayda verə biliriksə, bundan ancaq qürur duya bilərik".
ə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü qiymətsiz bir aksiya hesab edir: “Mən özüm də ağac əkməyi çox xoşlayıram. Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək isə ikiqat şərəfli bir işdir. Əminəm ki, bu ağaclar böyüyəcək və burada böyük bir bağ olacaq. Bundan yaxşı nə ola bilər ki?! Mən bu gün həqiqətən özümü çox xoşbəxt hiss edirəm”.

Əkiləcək ağaclara necə qulluq göstəriləcək?

Ağacların əkilməsi gözəl təşəbbüs olsa da, onlara qulluğun göstərilməsi də olduqca vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemi və suvarma kanallarından istifadə olunacaq.
Onun sözlərinə görə, ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcəklər. Artıq Sabirabad və Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib:
“Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.
İradə İbrahimova qeyd edib ki, ictimai nəzarət nə qədər güclü olsa, ağacların bitiş faizi bir o qədər yüksək olar.
Deputat Siyavuş Novruzov da bildirib ki, onlar tərəfindən yaradılan qruplar ilboyu ağacların əkildiyi ərazilərdə monitorinqlər aparacaqlar: “Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllığın artırılması üçün aparılacaq".