KİV: FETÖ Ərdoğana qarşı dəfələrlə sui-qəsd təşkil etməyə cəhd göstərib Gündəm

KİV: FETÖ Ərdoğana qarşı dəfələrlə sui-qəsd təşkil etməyə cəhd göstərib

Türkiyədə qadağan edilmiş və terror təşkilatı kimi tanınmış FETÖ 2016-cı ilin iyulundakı dövlət çevrilişinə cəhddən əvvəl və həmin vaxt prezident Rəcəb Tayyib Ərdoğana qarşı dəfələrlə sui-qəsd təşkil etməyə cəhd göstərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat verib.

Müdafiə Nazirliyində vaxtilə kibertəhlükəsizlik məsələlərinə məsul olmuş istefada olan briqada generalı İbrahim Böyükbaşın nəşrə bildirdiyinə görə, ilkin olaraq Ərdoğana qarşı sui-qəsd təlimlər zamanı planlaşdırılıbmış, lakin xüsusi xidmət orqanları bir sıra şübhəli məqamlar təsbit etdikdən sonra prezidentin orada iştirak proqramı ləğv olunub. Daha sonra təhlükəsizlik qüvvələri Ərdoğanın 1981-ci ildə Misir prezidenti Ənvər Sadata qarşı hərbi paradda edilən sui-qəsd ssenarisi üzrə öldürülməsinin planlaşdırıldığı barədə məlumat əldə ediblər.

Türkiyə liderinə qarşı növbəti sui-qəsd cəhdi 2016-cı il iyulun 15-nə keçən gecə edilib, lakin Ərdoğan kurort şəhəri Marmarisdəki hoteli vaxtından əvvəl tərk etdiyi üçün bu cəhd də puça çıxıb. İstefada olan türkiyəli hərbçinin sözlərinə görə, FETÖ təşkilatı Ərdoğanı xarici aviaşirkətlərdən birinin təyyarəsində öldürmək planları da qururmuş.

2016-cı il iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdi nəticəsində 253 nəfər həlak olub, 2,2 min nəfər yaralanıb. Qiyam yatırıldıqdan sonra Türkiyə hakimiyyəti dövlət strukturlarında təmizləmələr aparıb, 100 mindən çox insan işdən azad edilib. Qiyamın yüzlərlə iştirakçısı ömürlük azadlıqdan məhrumetmə cəzası alıb. Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Türkiyə sonuncu FETÖ tərəfdarı məsuliyyətə cəlb olunana qədər onları təqib etməyə davam edəcək.

Məryəm Quliyeva