Bir həftə ərzində milli parklara 2000 turist gedib Hadisə

Bir həftə ərzində milli parklara 2000 turist gedib

Bayram günlərində milli parkları 2000-ə yaxın turist ziyarət edib.
Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova deyib.
A.Səmədovanın sözlərinə görə, bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib ki, bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti və turistlərin Şahdağ milli parkındakı zubrları və yeni dünyaya gəlmiş zubr balasını görmək istəmələri ilə bağlıdır.
Eyni zamanda, digər milli parklarda da turistlərin sayında artım qeydə alınıb. Buna səbəb son dövrlərdə Azərbaycanın milli parklarında ekoturizmin təbliği ilə bağlı həyata keçirilən layihələr və müxtəlif yaş qruplarını əhatə edən əyləncəli guşələrin yaradılmasıdır.