TƏBİB-in ticarət obyektlərinə qarşı tələbləri -SİYAHISI Hadisə

TƏBİB-in ticarət obyektlərinə qarşı tələbləri -SİYAHISI

Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə istehlakçıları məlumatlandırmaq məqsədilə maarifləndirici infoqrafın çoxaldılaraq müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması təmin edilməlidir. Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Qeyd olunub ki, ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanması təmin olunmalıdır.
Ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq onlar birdəfəlik istifadə edilən maska, əlcək (fərqli ərzaq məhsulu ilə təmas və hər hansı səbəbdən çirkləndikdə dəyişilməlidir), həmçinin dezinfeksiya məhlulundan istifadə etməlidirlər.
Açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanılaraq istehlakçılardan təcrid edilməli və həmin məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin olunmuş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməlidir.
Müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması, zalların və otaqların mütəmadi havalandırılması, soyuducuların temperatur rejiminə mütəmadi olaraq nəzarəti və soyuq zəncirin davamlılığı, həşərat və gəmiricilərə qarşı mübarizə tədbirlərinin (dezinseksiya və deratizasiya) gücləndirilməsi, təmizlik və dezinfeksiya işlərinin tövsiyə edilən qaydalara uyğun olaraq həyata keçirilməsinin təşkili təmin olunmalıdır.
Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin edilməlidir. Ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) dezinfeksiya işləri həmin fəaliyyət növünə uyğun lisenziyalaşdırılmış və bu sahədə ixtisaslaşmış xidmət müəssisələri tərəfindən həyata keçirilməlidir. İşçi heyət mütəmadi olaraq maarifləndirilməli, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olmalıdırlar. Tullantılar vaxtında kənarlaşdırılmalı, həmçinin tullantı qabları təmiz saxlanılmalıdır. İşçi heyətinin sağlamlığından əmin olunması, heyət arasında xəstə işçilərin evdə qalması ilə bağlı maarifləndirmənin həyata keçirilməsini vacibdir.
Ərzaq məhsullarının satışının həyata keçirildiyi müəssisələrin daxili qaydalarına və bununla bağlı qanunvericiliyin bütün tələblərinə riayət edilməlidir. Müəssisədə daxili rabitə qovşağı vasitəsilə müntəzəm olaraq istehlakçılar koronavirus infeksiyasının profilaktikası üzrə metodiki göstərişlər barədə məlumatlandırılmalıdırlar. Simptomlu şəxslərin müəssisəyə girişi məhdudlaşdırılmalıdır”.