Yuxunun pozulmasının kliniki tədqiqi Hadisə

Yuxunun pozulmasının kliniki tədqiqi

Yuxunun pozulması yalnız tibbi məsələ deyil, həm də ciddi iqtisadi problemdir

Yuxunun pozulması mühüm tibbi problemlər sırasında ta qədimdən xüsusi yer tutur. Hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya və digər ölkələrdə bu problemin həlli ilə xüsusi somnoloji xidmət mərkəzləri məşğul olur. Bu gün ABŞ-da 500-dən artıq, Avropa ölkələrində yüzlərlə belə mərkəz fəaliyyət göstərir. Son zamanlar somnoloji mərkəzlər Rusiya Federasiyasında da təşkil olunub.
Yuxunun pozulması yalnız tibbi problem deyil, həm də ciddi iqtisadi problemdir. Belə ki, bu problemlə əlaqədar hər il təkcə ABŞ-da milyardla dollar vəsait xərclənir. Hazırda yuxusu pozulmuş insanların sayının Azərbaycanda xeyli artmasını nəzərə alaraq, respublikamızda da somnoloji mərkəzin yaradılmasını məqsədəuyğun sayılır. Yuxu prosesi elektrofizioloji və vegetativ xüsusiyyətlərinə görə ləng və paradoksal yuxu olmaqla iki fazaya ayrılır. Ləng yuxunun da mürgüləmə, səthi yuxu, orta dərinlikli yuxu, dərin yuxu kimi yarımfazaları fərqləndirilir. Adətən üçüncü və dördüncü yarımfazaları delta-yuxu adı altında birləşdirirlər.
Yuxu və onun fazalarının pozulmasının kliniki tədqiqi xeyli qədim tarixə malik olsa da, bu sahədə ciddi elmi axtarışlar son 50-60 ildə aparılıb. Bu tədqiqatlar əsasında müəyyənləşdirilib ki, yuxu və onun fazalarının pozulması müxtəlif xəstəliklərin başlıca simptomlarındandır.
Yuxunun pozulması dedikdə yuxunun normadan həm çox (hipersomniya), həm də az (hiposomniya) davam etməsi nəzərdə tutulur. Lakin hipersomniya əslində oyaqlığın, hiposomniya, yaxud insomniya isə gecə yuxusunun pozulmasıdır.

Nevroz zamanı insomniya

Nevroz geniş yayılmış psixi xəstəliklərdəndir. Nevroza tutulmuş şəxslərin əksəriyyətində insomniya müşahidə olunur. Nevroz zamanı meydana çıxan insomniya barədə geniş elmi axtarışlar poliqrafiya üsulu ilə yerinə yetirilib. Bu üsul elektroensefaloqramın (beynin elektroqrafikasını), elektrookuloqramın (göz əzələlərinin elektroqrafikasını), elektromioqramın (əzələ elektroqrafikasını) və digər vegetativ göstəricilərin - tənəffüsün, döş qəfəsi hərəkətinin tezliyinin qrafik yazılarını əhatə edir. Qeyd etmək lazımdır ki, bu sahədə ilk və geniş tədqiqat işləri Monroe və Rechtschaffen (ABŞ) tərəfindən aparılıb. Məlum olub ki, xəstələrin yuxusu 10% azalır. Belə xəstələrdə əsasən paradoksal yuxu fazasının davametmə müddəti qısalır. Ləng yuxudan oyananda xəstələr yuxularının dərin olmadığını söyləyirlər, paradoksal yuxudan oyananda isə gördükləri yuxu haqqında natamam hesabatlar verirlər. Nevrozlu xəstələrin yuxusunu sonralar araşdıran tədqiqatçılar yuxunun quruluşunun pozulması faktını təsdiq ediblər. Lakin bu tədqiqatlarda ləng və paradoksal yuxu fazalarının dəyişməsi haqqında nəticələr bir-birindən fərqlənir. Bəzi tədqiqatçılar insomniyanı böyük və kiçik olmaqla iki qrupa ayırırlar. Böyük insomniyaya ləng yuxunun qıtlığı xasdır. Kiçik insomniya zamanı xəstə gecənin birinci yarısında tez-tez ləng yuxuya fasilə verərək oyanır, gecənin ikinci yarısında isə ləng yuxunun kompensator uzanması müşahidə olunur.

Şizofreniya və iflic

Endogen psixi xəstəliklər (şizofreniya və maniakal-depressiv psixozlar) zamanı yuxu və onun fazalarının pozulmasına tez-tez rast gəlinir. Bu xəstəliklər zamanı insomniya çətinliklə yuxuya getmə, yuxunun qısalması, dərin yuxunun azalması və s. şəkildə meydana çıxır. Psixozlar zamanı yuxunun quruluşunun öyrənilməsinə xeyli miqdarda tədqiqat işi həsr olunub. Lakin bu tədqiqatlar belə xəstələrdə yuxunun strukturu barədə aydın təsəvvür yaratmır. Buna baxmayaraq tədqiqatçıların böyük əksəriyyəti psixozlar zamanı delta-yuxunun, paradoksal yuxunun, yuxunun ümumi və tsiklik strukturunun məzmunca dəyişdiyini qeyd edirlər. Bununla belə, demək olar ki, bütün tədqiqatçılar səhər erkən oyanmanın depressiya ilə əlaqədar olduğunu vurğulayırlar. Alimlər endogen depressiyanın müxtəlif formalarına malik xəstələrin gecə yuxusu üzərində poliqrafik tədqiqatlar apararaq belə nəticəyə gəliblər ki, kədər doğuran depressiya zamanı yuxunun davametmə müddəti qısalır. Ləng yuxunun mürgüləmə yarımfazası uzanır, səthi yuxu və delta-yuxu, həmçinin paradoksal yuxunun latent dövrü qısalır, sonuncunun davametmə müddəti isə dəyişmir. Eyni nəticələr digər tədqiqatçılar tərəfindən də qeydə alınıb.
Sinir sisteminin müxtəlif xəstəlikləri (iflic, epilepsiyanın müxtəlif formaları və s.) zamanı da insomniya aşkar olunub. Epilepsiyanın müxtəlif kliniki formalarının yuxunun strukturuna təsiri məsələsi ətraflı öyrənilib və elmi ədəbiyyatda geniş məlumat toplanıb. Bu informasiyaların analizi və sistemləşdirilməsi göstərir ki, beynin müxtəlif strukturları ciddi zədələnmədikdə epilepsiyalı xəstələrdə delta-yuxunun davametmə müddəti uzanır. Epileptik tutmalar yuxu zamanı nəzərə çarpan xəstələrlə müqayisədə tutmalar oyaqlıq zamanı baş verən xəstələrdə ləng yuxunun səthi yuxu yarımfazası qısalır, delta-yuxu və paradoksal yuxunun latent dövrü xeyli uzanır və s.

İnsult zamanı insomniya

Beynin insultu zamanı yuxunun pozulmasının ciddiliyi xəstəliyin kliniki təzahürünün ağırlığından asılıdır. Beynin insultu zamanı gecə yuxusunun poliqrafik tədqiqi göstərib ki, yuxu və onun fazaları ciddi şəkildə pozulur. Talamusun (talamus - beynin strukturlarında biridir) qeyri-spesifik nüvələrini əhatə edən insult zamanı sinir və psixi tənzimin ciddi dəyişikliklərə uğraması ilə bərabər, xəstələr yuxularının pozulmasından da şikayətlənirlər. Polisomnoqrafik üsulla müəyyənləşdirilmişdir ki, belə xəstələrdə mürgüləmə yarımfazası uzanır, gecələr yuxudan oyanmaların sayı çoxalır, yenidən yuxuyagetmə müddəti artır, ikinci, üçüncü və dördüncü yarımfazaların davamiyyəti azalır. Lakin bu müəlliflər yuxunun pozulmasını onun neyrofizioloji mexanizmi ilə bilavasitə əlaqədar olan sinir strukturlarında (beyin sütununda) insult baş verən zaman öyrəniblər. B.Q.Qafurov (Özbəkistan) digər tədqiqatçıların araşdırmalarında müşahidə olunan birtərəfliliyi aradan qaldırmaq məqsədilə beyin sütunundan savayı beyin qabığı və qabıqaltı strukturlarında insult baş vermiş xəstələrdə yuxunun pozulmasını öyrənib. Tədqiqatçı qeyd edir ki, insultdan sonra xəstələrin əksəriyyətində yuxu pozulur. Belə ki, xəstələrdə yuxunun davametmə müddəti statistik-etibarlı şəkildə qısalır, mürgüləmənin latent dövrü uzanır, başa çatmış tsikllərin sayı azalır. Xəstələrin çoxunda ləng yuxunun yarımfazaları arasında nisbət dəyişir: mürgüləmənin müddəti uzanır, delta-yuxunun (əsasən dərin yuxu yarımfazasının) davametmə müddəti qısalır. Xəstələrin əksəriyyətində paradoksal yuxunun reduksiyası baş verir. Müəllifin qeyd etdiyinə görə, insult beyin sütununda baş verərkən yuxu daha ağır, qabıq və qabıqaltı törəmələrin insultu zamanı isə nisbətən yüngül formada pozulur. Kompyuter-tomoqrafiyanın tətbiqi ilə 160 xəstə üzərində aparılmış tədqiqatlar göstərib ki, beynin müxtəlif nahiyələrinin insultu zamanı yuxu fərqli şəkildə pozulur. Yuxunun daha ağır şəkildə pozulması sağ yarımkürənin insultu zamanı müşahidə olunur. Bundan əlavə, müəllifin qeyd etdiyinə görə, beynin müxtəlif nahiyələrinin insultu zamanı yuxunun pozulması spesifik xüsusiyyətlərə malikdir. Məsələn, alın nahiyəsinin insultu delta-yuxunun, gicgah nahiyəsinin insultu yuxunun ikinci yarımfazasının, beyinciyin insultu ikinci yarımfaza və paradoksal yuxunun, varol körpüsünün insultu isə paradoksal yuxunun pozulması ilə nəticələnir.

Endokrin və mübadilə xəstəlikləri zamanı insomniya

Poliqrafik tədqiqatlarla öyrənmişlər ki, hipertireoz (qalxanabənzər vəzinin funksiyasının yüksəlməsi nəticəsində qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunan xəstəlik) zamanı bütün xəstələrdə delta-yuxunun davametmə müddətinin uzanması hesabına ləng yuxu dərinləşir. Hipotireoz (qalxanabənzər vəzinin funksiyasının enməsi nəticəsində qanda tireoid hormonlarının miqdarının azalması ilə səciyyələndirilən xəstəlik) zamanı isə delta-yuxu azalır, paradoksal yuxunun latent dövrü qısalır, davametmə müddətinin faizi isə yüksəlir.
Toksik amillər də insomniyanın inkişafına şərait yaradır. Alkoholdan sui-istifadə zamanı ləng yuxunun mürgüləmə yarımfazasının davametmə müddəti, delta-yuxunun və paradoksal yuxunun latent dövrü uzanır, xəstələr tez-tez yuxudan oyanırlar. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, alkoholizmin dərəcələri və xəstəliyə tutulma müddəti yuxunun quruluşuna müxtəlif şəkildə təsir edir. Belə ki, 16 ildən artıq alkoholizmə düçar olmuş xəstələrdə yuxunun quruluşu daha kobud şəkildə pozulur. Alkohol qəbulu zamanı həm ləng yuxu, həm də paradoksal yuxunu nizamlayan mexanizmlər pozulur.
Beləliklə, müxtəlif xəstəliklər zamanı meydana çıxan yuxu pozulmalarının kliniki tədqiqindən əldə olunmuş böyük nailiyyətlərə baxmayaraq, axtarışlar bu gün də davam etdirilməkdədir. Lakin kliniki tədqiqatlar zamanı yuxunun pozulmasına müxtəlif xəstəliklərin simptomu kimi baxılır. Yəni klinikalarda yuxunun pozulması səbəb kimi deyil, nəticə kimi öyrənilir. Odur ki, müxtəlif xəstəliklər zamanı müşahidə olunan yuxu və onun fazalarının pozulmasının kliniki tədqiqi bilavasitə yuxunun pozulmasının orqanizmə, o cümlədən mərkəzi sinir sisteminə təsirinin öyrənilməsinə imkan vermir. Lakin bilavasitə yuxunun pozulmasının orqanizmə, o cümlədən mərkəzi sinir sisteminə təsirinin araşdırılması böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Belə tədqiqatların aparılmasının zəruriliyi sağlam insanlarda da yuxunun pozulması hallarına tez-tez rast gəlinməsi ilə əlaqədardır.

Babək Xalistürk, dosent