“Sərsəngə yürüş” adlı aksiya keçirilib Hadisə

“Sərsəngə yürüş” adlı aksiya keçirilib

İştirakçılar beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, problemin həllinə diqqət yetirməyə çağırıblar

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "İnsan Hüquqları XXI əsr" - Azərbaycan Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə birgə işçi qrupu "Sərsəng harayı" layihəsi çərçivəsində "Sərsəngə yürüş" adlı aksiya təşkil ediblər.
Aksiya çərçivəsində İran, Sudan və İordaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri və jurnalistlər Tərtər rayonuna səfər ediblər. Səfər zamanı ilk olaraq Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sərsəng su anbarının erməni işğalı altında olması nəticəsində Tərtərin və digər ətraf rayonların kənd təsərrüfatına dəyən ziyandan və həmin rayonun əhalisi üçün yaranan təhlükələrdən danışıb.
M.Məmmədov qeyd edib ki, Tərtər və ətraf rayonlar üçün həm içməli suyun, həm də təsərrüfat üçün istifadə edilən suyun əsas mənbəyi Sərsəng su anbarıdır: "Bu su anbarının düşmən əlində olması rayonun su təchizatında ciddi problemlər yaradır. Tərtər rayonunun böyük əksəriyyəti əkinçilik və heyvandarlıq, xüsusilə də taxılçılıqla məşğul olur. Taxılçılıq üçün də müəyyən suvarma vaxtı var. Lakin həmin dövrdə ermənilər Sərsəng su anbarından suyu vermirlər ki, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur".
İcra başçısının sözlərinə görə, hazırda Tərtər rayonunda su çatışmazlığı səbəbindən 9 min hektar əkinə yararlı torpaq sahəsindən istifadə etmək mümkün deyil ki, bu da rayonda kənd təsərrüfatının məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
M.Məmmədov diqqətə çatdırıb ki, Sərsəng su anbarı ötən əsrin 70-ci illərində istifadəyə verilib: "Ötən 40 ildən artıq müddət ərzində su anbarına heç bir texniki xidmət göstərilməyib ki, bu da Tərtər və ətraf rayonlar üçün təhlükə mənbəyinə çevrilib. Eyni zamanda, suyun olmaması meşə sahələri üçün də ciddi problemlər yaradır və flora və faunanın məhv edilməsinə gətirib çıxarır".
İcra başçısı beynəlxalq ictimaiyyəti bu məsələyə daha ciddi yanaşmağa və problemin həlli istiqamətində səylər göstərməyə çağırıb.
Sudanın Azərbaycandakı səfirinin əvəzedicisi Muhammad Elballa Osman problemin mövcudluğundan təəssüfləndiyini və bunu öz ölkəsinin QHT-ləri qarşısında qaldıracağını bildirib.
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi qeyd edib ki, həmişə müharibələr zamanı sudan da silah kimi istifadə edirlər. O bildirib ki, ermənilərin Sərsəng su anbarından azərbaycanlılara su verməməsi beynəlxalq hüquq normalarının pozulması deməkdir: "Biz bunu qınayırıq, pisləyirik. Bu hərəkət 20 Yanvar faciəsi və Xocalı soyqırımından heç nə ilə fərqlənmir. Hesab edirəm ki, müharibə aparanda gərək vicdanla aparasan. Dinc əhalini susuz qoymaq heç bir normaya sığmır".
Çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov problemin həllinin vacibliyini vurğulayıb.
Layihənin koordinatoru Samir İsayev isə qeyd edib ki, Sərsəng su anbarından suyun verilməməsi Tərtərdə və digər rayonlarda Qırmızı Kitaba düşmüş 33 bitki, 34 heyvan növünü məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyur. S.İsayev problemin getdikcə daha da ciddiləşdiyini və geniş fəsadlar törətdiyini diqqətə çatdıraraq, beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, problemin həllinə diqqət yetirməyə çağırıb.
Daha sonra tədbir iştirakçılarına Tərtərçay hidroqovşağı idarəsinin rəisi Böyükkişi Cümşüdov Sərsəng su bəndinin işğalının Tərtər rayonunun su təchizatına təsiri barədə məlumat verib.
Sonda iştirakçılar Tərtər rayonunun İbrahimbəyli və Evoğlu kəndlərinə səfər edərək yerli sakinlərlə və susuzluqdan əziyyət çəkən iri fermer təsərrüfatında fermerlərlə söhbət ediblər.