“Xocalı qətliamında Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib” Hadisə

“Xocalı qətliamında Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib”

Elman Məmmədov: "Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər"

"Bilirsiniz ki, tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Bu məsələdə mənfur ermənilər daha "fəal" olublar. 23 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Düşünürəm ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq". Bunu Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub: " Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir.
XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri vardı. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biriydi".
Millət vəkili əlavə edib ki, mühasirədə olmasına baxmayaraq, Xocalı düşmənə lazımi müqavimət göstərə bilirdi: " Amma vəziyyət getdikcə gərginləşirdi, ermənilər hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət bizə kömək göstərmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq, kömək göstərilmirdi. Yalnız vədlər verirdilər. Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.
Onu deyim ki, ermənilərin hücumundan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur olublar. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar.
Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə yetirilib. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqdır. 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralanıb, şikəst edilib, 1275 nəfər isə girov götürülüb. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır".
Elman Məmmədov bildirib ki, Xocalı qətliamında Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib: "Sarkisyanın beynəlxalq səviyyədə hərbi cinayətkar kimi tanınması məqsədilə petisiya üçün 100 min imza verildi. Əlbəttə, bu çox vacib məsələdir. Xocalı soyqırımında birbaşa iştirakını Sarkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın indiki prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arazında əcnəbilər, ermənilər də var.
Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər. Amma bütün hallarda belə bir kamaniyaının böyük əhəmiyyəti var. Çünki insanlar Sarkisyanın kim olduğu daha yaxşı, aydın şəkildə biləcəklər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər".
Onun fikrincə, son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır: "Bilirsiniz ki, Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur.
Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.
Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onlaın öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımı tanıtmalıyıq".
Millət vəkili həmçinin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir: "Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır.
Son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edir. Ermənilər təxribatlar törədərək problemin həllini uzatmağa çalışırlar.
Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub...
Həmsədrlərin hərəsi isə bir dövləti təmsil edir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki? Onların vaxtaşırı bəyanat verərək, "irəliləyiş var, bu il qızıl ildir" və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar...".

Əli