“Əskəriyyəti ermənilərdir...” Hadisə

“Əskəriyyəti ermənilərdir...”

Akif Nağı: "Erməni nümayəndələri Bakıda keçiriləcək oyunlar zamanı iştirak edib-etməyəcəyi ilə bağlı spekulyasiya edirlər"

Hikmət Babaoğlu: "Avropa Oyunlarını siyasiləşdirməyə çağıran, əleyhinə çağırışlar edən qüvvələr var"

Vüqar Rəhimzadə: "Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir çox uğurlar əldə edəcək"

I Avropa Oyunlarının keçirilməsinə az zaman qalsa da Azərbaycana qarşı təzyiqlər səngimir, antitəbliğat daha da artır. Bir çox ekspertlər bu məsələdə daha çox erməni lobbisinin rolunun olduğunu bildirirlər. Ekspertlət həmçinin Avropa Oyunlarının Azərbayana yalnız xeyir verəcəyi qənaətindədirlər.
Qarabağ Azadlıq Təşkilatının (QAT)sədri Akif Nağı "heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın qazandığı hər bir uğura əngəl törətməyə çalışırlar", - deyə bildirib. QAT sədrinin sözlərinə görə, ermənilər I Avropa Oyunlarının Bakıda keçirilməsini heç cürə həzm edə bilmirlər: "Azərbaycan qarşı aparılan qara-piar kampaniyasını maliyyələşdirən təşkilatların böyük əskəriyyəti də məhz ermənilərdir. Çünki burada erməni barmağı var. Erməni nümayəndələri Bakıda keçiriləcək oyunlar zamanı iştirak edib-etməyəcəyi ilə bağlı spekulyasiya edirlər. Hətta onlar I Avropa Oyunları başlanan an cəbhə xəttində atəşkəs rejimini pozacaqları ilə bağlı fikirlər səsləndirirlər. Hesab edirəm ki, bütün bunlara qarşı ATƏT-in Minsk qrupu ciddi addımlar atmalıdır. Heç olmasa onlar burada bir qədər obyektiv olmalıdırlar".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "nəzərə alsaq ki, Qafqazda neft və qaz resursları əsasən Azərbaycan ərazisindədir, o zaman belə düşünə bilərik ki, elə odun yuvası da bizim yanardağ coğrafiyası olub. Yalnız Prometeyin qəhrəmanlığı və fədakarlığı sayəsində od Olimpə, Yunanıstana aparıla bilib. Bu mifoloji sujet kontekstində belə düşünə bilərik ki, müasir Azərbaycan Olimp dağında keçirilən Olimpiada oyunlarına verdiyi odu yenidən özunə qaytarmaqla bir növ tarixi missiyasını yenidən özünə qaytarır. Bu, həm də oğurlanmış odumuzun yenidən ocağımıza qaytarılması kimi qəbul edilə bilər", -deyə vurğulayıb. Baş redaktorun sözlərinə görə, tarixi ədalət bu gün bərpa olunmaqdadır: "Azərbaycanda tarix boyu idman ənənələri mövcud olub. Ümumiyyətlə, Azərbaycan bir sıra idman növlərinin yaradıcısıdır. Bunu tarixi dastanlarımızdan da aydın şəkildə görmək olar. Bu gün Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idman ənənələrimizi keyfiyyətcə yeni mərhələyə daşıyacaqdır. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə Avropada tarixi hadisədir. Avropanın belə bir oyunların keçirilməsinin təşəbbüskarı kimi gənc ölkə olan Azərbaycanı seçməsi təsadüfü deyil. Əslində bunun altında bir çox hadisələr cəmləşib. İdmanın gənclər arasında təbliği mühüm amildir. Çünki idman sağlamlıqdır, idman sağlam cəmiyyət, sağlam təfəkkür deməkdir. Azərbaycan kimi gənc ölkədə bu prosesin həyata keçirilməsi idmanın yüksək səviyyədə təbliğindən xəbər verir. Bu sahədə media hadisənin mahiyyətini izah etməyi bacarmalıdır. Azərbaycan mətbuatı bu idman hadisəsini siyasi proseslərdən uzaq tutmalıdır. Bilirik ki, Avropa Oyunlarını siyasiləşdirməyə çağıran, əleyhinə çağırışlar edən qüvvələr var. Hesab edirəm ki, Azərbaycan mediasının əsas vəzifələrindən biri də hadisəni olduğu kimi işıqlandırmaqdır. Burada idman tədbiri keçiriləcək və ictimai təfəkkürdə də bu siyasi deyil, idman hadisəsi kimi qalacaq. Bu baxımdan da idman yarışının siyasiləşdirilməsi yolverilməzdir. Digər tərəfdən isə bu Oyunları ümumxalq bayram ab-havası ilə qeyd etmək də bizlərin üzərimizə düşən vəzifələrdəndir. Hesab edirik ki, nəticə etibarilə bu oyunlar Azərbaycana bir çox dividentlər gətirəcək".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki. I Avropa Oyunları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müasir şəkildə dünyaya təqdim olunur: "Ölkəmiz dünyanın bir parçası olaraq bütün sahələrdə olduğu kimi, idman yarışlarının keçirilməsində də uğurların reallaşdırıldığı bir məkana çevrilib". Baş redaktorun sözlərinə görə, ilk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir çox uğurlar əldə edəcək: "Mətbuata gəlincə, düşünürəm ki, oyunların təbliğatı təkcə mətbuatın deyil, Azərbaycanı sevən hər bir insanın üzərinə böyük bir məsuliyyət qoyur. Mətbuat QHT-lərlə birlikdə böyük bir koalisiya yaradıb ki, orada müsbət yöndə işlər həyata keçirilir. Anti-Azərbaycan qüvvələrə qarşı müəyyən mövqelər sərgilənib, bundan sonra da bunu davam etdirəcəyik. Hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməklə oyunların yüksək səviyyədə başa çatması üçün əlimizdən gələni əsirgəməməliyik. Dünya ictimaiyyətinə Birinci Avropa Oyunlarını təqdim etmək bizim üçün şərəfli bir vəzifədir. Çap mediası ilə yanaşı, elektron medianın da aktiv olması, sosial şəbəklərdə arqumentli şərhlər yazması vacib amildir. Xaricdən gələn qonaqlara, idmançılara, turistlərə Azərbaycanın tarixi, adət-ənənələri haqqında doğru-düzgün məlumatlar verməklə biz özümüzü yaxşı mənada təqdim etmiş olarıq. Xarici qonaqlar bəşəri dəyərlərimizin, Azərbaycan həqiqətlərinin canlı şahidi olmalıdır".

Əli