“Sosial müdafiənin inkişafı” Hadisə

“Sosial müdafiənin inkişafı”

Səlim Müslümov layihə çərçivəsində aparılan işlərin nəticələrindən danışıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankı ilə birgə icra olunan "Sosial müdafiənin inkişafı" layihəsinin heyət rəhbəri Marina Petroviçlə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaxın aylarda başa çatacaq. "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində görülən işlərin qiymətləndirilməsi məqsədinə xidmət edən görüşdə Dünya Bankının aparıcı iqtisadçısı Aleksandra Posarak, əmək bazarı üzrə baş iqtisadçısı Arvo Kuddo və digərləri iştirak ediblər.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə davamlı makroiqtisadi inkişafın təmin olunması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nailiyyətləri barədə Dünya Bankının nümayəndələrinə məlumat verib. Nazir dövlət başçısının rəhbərliyi ilə aparılan mükəmməl islahatlar kursunun əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini diqqətə çatdırıb: "Bu islahatlar qeyd olunan sahədə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübə və innovativ yanaşmalar əsasında qurulmasına, müasir tələblərə cavab verən, şəffaflığın və sosial cəhətdən həssas qruplar üçün əlçatanlığın təmin olunduğu əmək və sosial müdafiə sisteminin yaradılmasına yönəlib. Sözsüz ki, ölkəmizdə aparılan bu islahatlarda Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial müdafiənin inkişafı" layihəsi də əhəmiyyətli olub. Ötən müddətdə layihə çərçivəsində əmək bazarı institutlarının inkişafı, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılması, aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradılması və s. sahələrdə birgə işlər aparılıb".
S.Müslümov, həmçinin ISCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlanmasında layihənin əhəmiyyətini qeyd edib: "Eyni zamanda, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarında modul təlim proqramlarının hazırlanması, peşəyönümü xidmətlərinin yaradılması və inkişafı, kadr potensialının peşəkarlığının daha da yüksəldilməsi və digər işlərdə "Sosial müdafiənin inkişafı" layihəsi üzrə işlər aparılıb".
Nazir ümumilikdə layihə çərçivəsində aparılan işlərin nəticələrinin dəyərli olduğunu diqqətə çatdırıb. M.Petroviç Azərbaycanda özünü göstərən dinamik inkişaf proseslərinin, o cümlədən milli əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan işlərin "Sosial müdafiənin inkişafı" layihəsinin də uğurlu icrası üçün mühüm stimul olduğunu vurğulayıb. O, layihənin icrasında qazanılmış müsbət təcrübənin yeni əməkdaşlıq perspektivləri üçün yaxşı əsas olduğunu diqqətə çatdırıb. Görüşdə qeyd edilən layihə çərçivəsində əldə olunan nəticələr nəzərdən keçirilib və qiymətləndirilib.