“Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi” Hadisə

“Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi”

Azərbaycan aviasiyasının tarixi

Dövlət müstəqilliyini 24 il əvvəl bərpa edən respublikamızda aviasiyanın tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşıb. Rus aviatoru Utoçkin "Farman" tipli aeroplanla Balaxanı "şossesində" 4 gün ardıcıl uçuş həyata keçirib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş isə 1919-cu ildə həyata keçirilib. Bakı aerodromundan səmaya qalxan "Farman-30" tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq, Türkmənistanın Krasnovodsk şəhərində uğurla yerə enib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olmuş, nəticə etibarilə inkişaf etməyə başlayıb. Belə ki, 1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi havaya qalxıb, 1923-cü ildə "Yunkers" tipli təyyarə ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin daşınması həyata keçirilib, 1928-ci ildə isə SSRİ məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi (İran) hava xətti açılıb. 1933-cü il iyunun 25-də ilk dəfə Qafqaz dağları üzərindən keçməklə Bakıdan Moskvaya uçuş həyata keçirilib. 1937-ci ildə isə Bakı-Moskva-Bakı müntəzəm hava reysi açılıb. Həmin reyslə hər gün 15 sərnişin daşınırdı ki, bu da o vaxt üçün böyük nailiyyət sayılırdı. Aviasiyamızın qazandığı ən böyük uğurlar isə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilib və ya yenidən qurulub. Naxçıvanda, Beyləqanda, Zaqatalada "Yak-40" reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salınıb, Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edilib. Bu da uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin artırılmasına şərait yaradırdı. Məhz həmin illərdə respublikanın hava traslarına yeni "Tu-134", "Yak-40" reaktiv laynerləri çıxıb. 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlanıb. 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində kəskin dönüşə, daha doğrusu, misli görünməmiş sıçrayışa yol açdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində əldə olunan nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksinin tikintisi oldu.
Prezident İlham Əliyev də aviasiya sahəsinə böyük diqqət və qayğı göstərir. Dövlətimizin başçısının 2006-cı ildə imzaladığı sərəncama əsasən, hər il iyunun 2-si mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası ulu öndər tərəfindən yaradılan möhkəm bünövrə üzərində qərar tutaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2004-cü ildə müasir standartlara uyğun Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran, Qəbələ və Zabratda aeroportlar istifadəyə verilib. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib.
Milli aviasiya: dünəndən bu günə
Azərbaycan Respublikası 1992-ci il oktyabrın 9-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), 2002-ci ilin noyabr ayından isə Avropa Mülki Aviasiya Konfransının üzvüdür.
"AZAL" isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. Hazırda 30 dövlətlə hava əlaqəsi barədə hökumətlərarası razılaşma imzalanıb, 22-si ilə razılaşma ekspertlər səviyyəsindədir. 12 ölkə ilə belə razılaşmanın əldə edilməsi barədə 2008-ci ildə yaradılmış Dövlət Mülki Aviasiya Administrasiyası işgüzar danışıqlar aparır. Bütövlükdə, Azərbaycan mülki aviasiya üzrə 22 beynəlxalq konvensiyaya qoşulub."AZAL" müstəqil Azərbaycanın mülki aviasiyasının öncülü olmaqla fəaliyyət göstərdiyi ötən illər ərzində əldə etdiyi zəngin təcrübə və peşəkarlıq sayəsində daxili və xarici aviadaşımaların həyata keçirilməsində özünü etibarlı tərəfdaş kimi tanıdıb. Bu məqam "Azərbaycan Hava yolları" QSC-nin öz fəaliyyətində qarşıya qoyduğu başlıca prioritetlərdəndir və bu gün ortada olan konkret nəticələr həmin konsepsiyanın müvəffəqiyyətlə həyata keçirildiyindən xəbər verir. Ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarı ilə yeni bir mərhələsinə qədəm qoydu. Əgər 1991-2003-cü illərdə dörd təyyarə alınmışdısa, 2003-2014-ci illərdə Azərbaycana 50 təyyarə və helikopter gətirilib. Bu gün Mülki Aviasiyanın büsbütün modernləşmiş parkında 4 ədəd "Boeinq-757", 5 ədəd "İL-76", 4 ədəd "A-319", 3 ədəd "Qolfstrim", 7 ədəd "ATR", yenə də bir o qədər "A-320", 2 ədəd "Boeinq-767", 2 ədəd "Boeinq-747", 3 ədəd "Cessna", 6 ədəd "Evrokopter", 3 ədəd "Sikorski" və 7 ədəd "Mi-8" təyyarə və helikopterləri istismar olunur. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarının təhlükəsizliyinin artırılmasına daima böyük diqqət yetirilir. "AZAL"ın tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan "İCAO " (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının 2010-cu ilin fevral ayında təqdim etdiyi audit nəticələri "AZAL"ın Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edir. Qeyd etmək yerinə düşərdi ki, Avrasiya regionu üzrə təqdimat turuna ilk dəfə Azərbaycandan başlayan "Boeing-787" aprelin 2-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib. Ölkənin hava məkanına daxil olan yeni təyyarələr, heç şübhəsiz, Yer kürəsinin ən müxtəlif ünvanlarına yeni uçuşlar, yeni əlaqələr, Azərbaycanın dünyaya yenidən tanıdılması sahəsində növbəti addım olub. Bu gün qanadlarında Azərbaycanın üçrəngli bayrağını gəzdirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 20 ölkəsinə, o cümlədən 28 şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.

Bakı Yük terminalının Xəzər regionundakı əhəmiyyəti

Azərbaycan bu gün regionun lider ölkəsidir. Bu həqiqəti ən müxtəlif beynəlxalq sorğu mərkəzləri, sosial-iqtisadi təhlillə məşğul olan mərkəzlər də təsbit edirlər. Sevindiricidir ki, həmin birincilik statusunu respublikanın mülki aviasiya təsərrüfatı da qoruyub saxlayır. Mülki aviasiya üçün əsas göstəricilərdən olan sərnişin daşınması 1991-ci illə müqayisədə 35 dəfə, sərnişin dövriyyəsi isə 33 dəfə artıb. Analoji dövrdə yükdaşıma sahəsində artım 57 dəfəni keçib. Yenicə açılan Bakı Yük terminalı da Xəzər regionunda çox mühüm əhəmiyyətə malikdir. Beynəlxalq standartlara tam uyğun olan bu terminalın istifadəyə verilməsi, əlbəttə, ilk növbədə Azərbaycanın valyuta gəlirinin daha da artmasına, ölkəmizə investisiya qoyuluşuna müsbət təsir göstərməyə yönəldilib.
Yük daşımalarına olan tələbat son illər artaraq ümumregional səviyyəni aşıb. Bu gün artıq ABŞ, Fransa, Böyük Britaniya, Lüksemburq, Almaniya, Çin, Əfqanıstan, Orta Asiya, Ukrayna və dünyanın bir çox başqa ölkələri üçün tranzit rolunu oynayan Heydər Əliyev Beynəlxalq Aeroportunda yük daşımalarının həcmi qısa müddətdə 600-700 dəfə çoxalıb.
Müqayisə üçün deyək ki, yük daşımalarının artımı regiondakı digər aeroportlarda 10 faizdən az olduğu halda, Heydər Əliyev Beynəlxalq Aeroportunda orta illik artım 25 faizə çatır. Dünya üzrə bu göstərici cəmi 8 faiz təşkil edir.
Əsasən yükün idxalı, ixracı və tranzit daşınması üçün nəzərdə tutulan Bakı Yük terminalı, şübhəsiz, Azərbaycan Mülki Aviasiyasının tarixində yeni bir səhifə açacaq. Mövcud olduğu illər ərzində qazandığı zəngin təcrübə və peşəkarlıq səviyyəsi Azərbaycan mülki aviasiyasını daxili və xarici aviadaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanıdıb. AZAL daha bir innovativ yeniliyə imza atıb. Belə ki, Azərbaycan Hava Yolları şirkəti MDB məkanında ilk dəfə olaraq "Azərfon" telekommunikasiya şirkəti və İsveçrənin "OnAir" şirkəti ilə imzalanmış birgə layihəyə əsasən səmada öz sərnişinlərinə rabitə xidmətinin tam çeşidini təklif edib. Aviasiya sahəsində özəl bölmələr də fəaliyyət göstərir və onlar 2001-ci ildə təsis edilən "Silk Way Holding" Aviasiya Şirkətinin struktur bölmələri kimi fəaliyyət göstərirlər. Şirkətin "İl-76", "An-12", "Boeing-747" kimi yük təyyarələri üç qitənin - Avropa, Asiya və Afrikanın şəhərlərinə müntəzəm yük reyslərini həyata keçirirlər.
Azərbaycanın qürur mənbəyi
Hər gün Azərbaycanın hava məkanından 200-dən artıq təyyarə uçur. Bakıda beynəlxalq standartlara cavab verən ilk aerovağzal kompleksi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib 1999-cu ildə istifadəyə verilib. Hələ 1999-cu ildə ulu öndər Heydər Əliyev aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olarkən demişdir: "Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun". Belə bir layiqli, möhtəşəm hava limanını tikib adını tarixə həkk etmək şərəfi Azərbaycan prezidenti İlham Əliyevə qismət olub. "Biz sizin üçün yaranmışıq!" Bu, gəlişi gözəl kəlmələr deyil, sıralarında bir neçə min nəfərlik zəhmətkeş və mehriban kollektivi birləşdirən "AZAL"ın hər bir potensial sərnişinə ünvanlanmış devizidir. Bəli, bu gün Azərbaycanın mülki aviasiyası ölkənin ümumi inkişafının, qüdrətli iqtisadi potensialının güzgüsüdür. Elə bir spesifik sahədir ki, Azərbaycanı xaricdə layiqincə təmsil və təbliğ edə bilir. "AZAL" Milli aviaşirkətinin daşımalarına günbəgün artan tələbat buna sübutdur.
"AZAL"ın əldə etdiyi uğurların fəlsəfəsi çox sadədir: dövlət başçısının bu vacib sahəyə mütəmadi qayğısı, ağıllı və praqmatik idarəetmə və bir də insan kapitalı. Bəli, bu təşkilatda ölkənin sənaye infrastrukturunun çox spesifik, unikal kadr ehtiyatı cəmlənib. Burada hələ sovet aviasiya məktəbinin sonuncu "mogikanları" ilə çiyin-çiyinə milli təyyarəçilik məktəbinin nümayəndələri də çalışır. Aviasiya sahəsində mütəxəssislərə olan ciddi tələbatları nəzərə alaraq bu cür kadrların hazırlığı Milli Aviasiya Akademiyası tərəfindən həyata keçirilir. Akademiyanın məzmunları artıq Qərb istehsalı olan "Boinq" və "Airbus" təyyarələrini uğurla mənimsəyib. Ulu öndər Heydər Əliyev deyirdi: "Mən xoşbəxtəm ki, Azərbaycan mülki aviasiyasının öz milli kadrları - təyyarəçiləri, mühəndis və mütəxəssisləri var və onlar bizim aviasiyamızı gələcəkdə də inkişaf etdirəcəklər".

* * *

"Diqqət! Diqqət! Bir neçə dəqiqədən sonra təyyarəmiz Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəcək!.."

Cavid Şahverdiyev

"Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir