“Koblandı-batır”da real tarixi hadisələr və şəxsiyyətlər Mədəniyyət

“Koblandı-batır”da real tarixi hadisələr və şəxsiyyətlər

2-ci yazı

"Koblandı-batır" da batırların paltarları, onların atlarının rəngi, xəz paltarları, məxmər paltarları, qızılla, gümüşlə bəzədilmiş paltarlar, məişət əşyaları, hərbi arabalar, dörd təkərli at arabaları, yurtaların detalları, sicimləri, ipləri, madyanlar, onların qulunları, mehtərlərin və ilxıçıların paltarları müxtəlif yüklə doldurulmuş karvanlar, milli yemək, köçərilərin uzun müddət ərzində istifadə etdikləri bütün nə varsa hamısı – yerli xalq təbabəti, dərmanları, atların yemi və s. göstərilib. Bütün bu detalların hamısı köçəri həyatının və zəngin qazax torpağının təbiəti, mal-qaranın rəngarəngliyi, bitki aləmi, xüsusən köç vaxtı qanadlı atlarda batırların yarış təşkil etdiyi anlar, susuz çöllər, dağ aşırımları, qamışlarla ötürülmüş göllər, bol sulu çaylar, ətrafdakı möcüzəli batır qəhrəmanlığı və s. özünəməxsus şəkildə reallıqla fantastikanın sintezini ortaya qoyur.
Yuxarıda qeyd etdiyimiz kimi, poemada patriarxal tayfa qəbiləsinin mənəviyyatı, həyatı, adət-ənənəsi, mənəvi-əxlaqi dəyərləri və s. əksini tapmışdır. Bunlar ilk növbədə əsərdəki ayrı-ayrı qəhrəmanlıq eposunun müxtəlif epizodlarında, motivlərində, mövzularında özünü göstərir. Məsələn, Koblandı bu dəstənin başçısı kimi öz yaxınları, qohumları ilə sıx bağlıdır. İlk növbədə onun həmyaşıdı Qaramanla (o, dostluğa sadiq olmayıb qorxaqlıq göstərməsinə baxmayaraq) çox yaxşı münasibətlərdə olub qədim adətə görə qardaş (kürdas) kimi yaxınlığı göstərir, Koblandı onu bağışlayır. Doğma torpağa patriarxal sevgi, valideynlərə, böyüklərə hörmət, tayfa başçısının nüfuzu, tayfalar arasındakı həmrəylik, ələ keçirilmiş qəniməti birgə bölmək, məsələn, Koblandı qıpçaqlarla öz böyük qələbəsindən ələ keçirdiyi bütün qiymətli şeyləri bölür. Qızılbaş Kobikti qızı Qarlıqanı Qaramana verir. İctimai tədbirlərin, xalq bayramlarının, toy-büsatların qurulması, hər hansı bir hadisə ilə bağlı bayramların keçirilməsi, məsələn, yürüşdən qayıtma, tayfanın gələcək başçısının adının qoyulması ilə bağlı keçirilən bayramlar və mərasimlər, ənənəvi övladsızlıq motivi və xana övlad arzulanması – bütün bunların hamısı batırın doğulma tarixi, onun öz hakimiyyətini əldə saxlama ilə bağlı qayğısı ictimai xarakterli olub, patriarxal əxlaq mədəniyyətinin səviyyəsini əks etdirməklə, poemanın məzmununa orqanik şəkildə daxil edilib.
Xalq həyatının özünəməxsus ensiklopediyası olan bu dastan əsrlər ərzində yaranmaqla onu yaradanların ideologiyasını ortaya qoyur və onun məzmununda, xüsusən bədii, obrazlı sistemində qədim dövrün inancları – avamlıq, mərasimlər, rituallar (məsələn, heyvan kultu - qurban kəşmə, ölüləri anma və s.) və eləcə də islamın sonrakı dövrlərdə təfəkkürə təsiri, köçəri həyatında, mənəviyyatında özünə çətinliklə də olsa yer alması və s. göstərir. Qazaxlarda iki inancın - yarımşamançı və yarımislamçılığın izləri qəhrəmanların poetik müraciətlərində Allaha yox, ruhların, heyvanların gücünə söykənməsi, onların köməyə çağırılması, gah da Allahı, müsəlman peyğəmbərlərini və müqəddəslərini səsləmə və s. maraqlıdır. Poemada həm də Orta Asiya xalqlarının digər epik nümunələri üçün xarakterik olan müsəlman düşüncə tərzi əksini tapıb. Bundan başqa poemada həm də islamdan əvvəlki köçəri tayfalarını əhatə edən fakt və hadisələr yer alıb ki, onların da folklora müsəlman əfsanələrinin təsiri ilə əlaqədar daxil ola biləcəyi təxmin edilir. Əsərdə Bibliya peyğəmbərinin və İslam müqəddəslərinin, övliyalarının adları çəkilir. İslamın köçəri düzlərdə və səhralarda yayılması dövrü XIX əsrə təsadüf edir ki, burada Süleyman peyğəmbər haqqında əfsanələr, Xızır peyğəmbərə olan müraciətlərdə bu müqəddəslərin hamısı, hifzedici, müalicəedici, qoruyucu və xilasedici kimi çıxış edir. Onların adı poemada digər müqəddəslərlə, peyğəmbərlərlə yanaşı dayanıb. Onlarla birlikdə qəhrəmanların monoloqlarında qədim epik ənənəyə əsasən mifik qəhrəmanların adları çəkilir ki, bunlar da müsəlmanlığa qədər çoxallahlıqla bağlı olan düşüncələrin əksi kimi qiymətləndirilməlidir.
Digər çoxsaylı epik poemalarda olduğu kimi "Koblandı-batır"dakı hadisələrin magistral süjeti qəhrəmanın şəxsi maraqları ilə yox, onun ictimai borcu ilə bağlıdır. Epik qəhrəman obrazında qazaxların ictimai şüurunun uzun zaman kəsiyində formalaşmış etik, mənəvi-əxlaqi normaları ifadə olunub. Batır doğma Vətəndə yalnız xeyirxahlıqlar etmək üçün dünyaya gəlib. Koblandı obrazının başlıca mahiyyəti də məhz bundan ibarətdir. Dastanın süjet xətti, orada yer almış hadisələr qazax torpağının yadellilərdən müdafiəsi kimi ümumi, aparıcı ideya ətrafında qruplaşmaqla, epik təhkiyənin vahidliyi üçün münbit zəmin yaradır.
Poemanın əsas ideyası öz əksini ənənəvi epik mövzularda tapır. Qəhrəmanların başlıca vəzifəsi öz tayfasını, qəbiləsini qorumaqdan ibarətdir. Bu mövzu kifayət qədər xəlqidir. Təsadüfi deyil ki, etnik-milli əxlaqa uyğun olaraq poemanın bütün variantlarında yadellilərin bütün yürüşləri pislənir. Koblandı yalnız bircə dəfə məğlub olur. Onun tərəfdarlarını düşmən o, Qaramanla kalmık xanı Kobiktinin üzərinə hücuma keçən zaman yaxalayır. Poemanın başlıca ideyası epik qəhrəmanlığı ön plana çıxarmaqdan ibarətdir. Bu isə məhz əsərin başlıca pafosunu müəyyənləşdirir. Epik təhkiyənin mərkəzində qalib batır dayanır. O, bütün mümükünsüz çətinlikləri dəf edir və hətta ölüm təhlükəsinə də qalib gələ bilir. Batır öz doğmalarından kənarda olsa da, o, daim öz dostları, öz qıpçaqları ilə birlikdədir. Hadisələr isə qəhrəman batırın ətrafında inkişaf etməklə, onun vətənpərvərliyini əks etdirir. Qəhrəmanlığın belə etalonu xalq epopeyasının ruhuna tamamilə uyğundur.
Məlum olduğu kimi, xalq epopeyasının başlıca əlaməti qəhrəmanlıqdır. Bu faktlar əsərin kompozisiyasına, obrazlarına, bədii təsvir vasitələrinə və s. yetərincə təsir edir. Bu, "Koblandı-batır" üçün də xarakterikdir. Bu da daha mükəmməl şəkildə əsərin nəşrində öz əksini tapır. Poemanın məzmunu üçün əsasən mifoloji elementlərin yoxluğu xarakterikdir. Burada nağıl elementlərindən istifadə qəhrəmanların idealizasiyasını güncləndirməyə xidmət edir. Hərbi cəngavərliyin təsviri isə batır obrazının romantikləşdirilməsi məqsədini güdür. Qəhrəmanın geneologiyası, tayfası, batırın doğulması, onun tərbiyə alması, sevdiyi qız uğrunda mübarizəsi və s. iştirakı, baş qəhrəmanların taleyi haqqında söhbətlər və s. burada mühüm yer tutur.
Poemanın süjeti xətti, yuxarıda qeyd etdiyimiz kimi, ayrı-ayrı tamamlanmış epizodlardan ibarətdir. Bu isə onların təhkiyənin vahid həlqələr üzərində qurulmasını şərtləndirir. Poema Batırın doğulmasına qədərki tarixdən başlayır. Belə başlanğıc qəhrəmanlıq eposunun epik ənənələrində mövcuddur və eyni zamanda bu türk xalqlarının batırlıq nağılları üçün də xarakterikdir. Qaraqıpçaq tayfasından olan Toktarbəy artıq qocalıb, Allahdan, övliyalardan, pirlərdən özünə davamçı, müdafiəçi arzulayır. Bu məqsədlə o, müqəddəs yerləri ziyarət edir. Allahın, müqəddəslərin şəninə qurbanlar kəsir, nəhayət, onun arvadı bəybişə Analığın əkizi - oğlu Koblandı, qızı Qarlıqaş doğulur. Koblandının uşaqlığı ənənəvi olaraq batırlıq ənənələri ilə bağlıdır. Oğlan çox tez böyüyür. Altı yaşında artıq o, atasının ilxısına gedir və orada baş ilxıçı Yestimislə hərbi, köçəri həyat ruhunda tərbiyə alır.
Qəhrəmanlıq eposu ənənələrində batırın uzaqda yaşayan gözəl qızla evlənməsi və eləcə də batır atlarının böyüdülüb saxlanması da əksini tapır. Qız uğrunda mübarizədə iştirak batırın qəhrəmanlığının birinci mərhələsidir. Burada Koblandı gənc oğlanların sırasında ən cavanı kimi qızın atasının şərtlərini yerinə yetirməklə bir ox ilə qızıl sikkəni vurur. Yarışda qalib gəlməklə, o gözəl Qurtqanı öz doğma köçəri torpaqlarına aparır. Batırın evlənməsi onun qəhrəmanlıq bioqrafiyasının ən mühüm mərhələlərindən birini təşkil edir. Koblandı çox güclü və döyüşkən batır atı əldə edir. Burada, təbii ki, ən mühüm rolu müdrik Qurtqa oynayır. O, əvvəlcədən özü üçün ilxıdan seçdiyi madyandan doğulmuş qulunu qəbul edir, onu böyüdür, öyrədir, ərinə batır sursatı hazırlayır. Koblandı Yestimislə birlikdə öz atasının ilxısını otarmaqda davam edir, ov ovlamaqla məşğul olur, at çapmağı öyrənir və s.
Batırın qəhrəmanlığı bir neçə seriyadan ibarət yürüşlərdə və döyüşlərdə yadellilərə, qızılbaşlara, kalmıklara qarşı mübarizələrdə öz əksini tapır. Batırın ilk qalibiyyət yürüşü qızılbaşlar xanı Qazana qarşıdır. O, qıpçaqlardan çox-çox kənarda olan noğayların köçəri torpaqları üzərinə yürüş edir. Artıq Koblandı burada qəhrəmanlıq göstərməklə öz batır keyfiyyətlərini nümayiş etdirir. Öz yaşıdı Qaramanın xahişi ilə kiyat tayfasından olan Seili və daha beş kiyat batırını götürməklə, geyinib-kecinib, yaraqlanıb-yasaqlanıb yürüşə çıxır və Qazan xanı onun möhkəmləndiyi qala – şəhərdən, noğay şəhərləri Qırlıqala və Sirliqaladan kənara atır. Əgər Koblandı müdrik Qurtqanın qıpçaqların möhkəmləndiyi yerdən düşmənlərin üzərinə getmiş olsa uduza bilər. Yenə də Koblandı atası, anası, bacısı, arvadı və bütün yaxınları ilə vidalaşır. Qurtqanın böyüdüb yetişdirdiyi Tayburıl ata minib tezliklə kiyatlar ordusunun yanına çatır ki, elə bu anda onlar Qazan xana qarşı vuruşmağı planlaşdırır. Koblandı tək başına Qazan tərəfindən tutulmuş atları qovur, sonra isə öz atına minib Qarlıqayla qızılbaşların ordusunun başçısı Qazan xana qarşı birgə döyüşə girir. Koblandı uzun müddətli qanlı-qadalı təkbaşına döyüşdə Qazanı onun öz oxu ilə vurub öldürür və atdan yerə sərir. Bundan sonra min süvari qızılbaş ordusunu yerlə-yeksan edir.
Koblandının ikinci yürüşü, onun artıq bir sıra hərbi bacarıq və vərdişlər əldə etməsinə baxmayaraq, müvəffəqiyyətsizliklə nəticələnir. Batır və Qaraman birgə əsir düşürlər. Məğlubiyyətin əsas səbəbi Koblandının Qaramana qulaq asması ilə bağlıdır. Bu zaman Qaraman düşmənlərin tutduğu yeri azad etmək məqsədi ilə oraya yürüş edir. Məqsəd ilxını ordan kənarlaşdırmaq, Kobikti xanın şəhərini darmadığın etməkdən ibarət idi. Əsərdə dağıdıcılıq yürüşləri ifşa edilir. Bununla belə onlar yola tələsərkən daim möcüzəli köməkçilər olan pirlərə dua etməyi yaddan çıxarıblar. Çünki qədim türklərin epik ənənələrinə uyğun olaraq pirlər və övliyalar belə vəziyyətdə batırlara kömək edirlər. Belə olduqda Qurtqanın əvvəlcədən dediyi öz yerini alır. Kobikti xanın kəhər atı ilxıdan kənarda qalsa da, öz sahibinin üstünə gəlir. Koblandı isə öz Tayburıl atında ona çata bilməyib geri dönür. Çünki, o, bundan sonra hələ qırx üç gün yetişdirildiyi yerdə qalmalı idi. Kobikti xan Tərlan atını çaparaq ilxıya çatır. Koblandı burada yatdığı zaman Kobikti əlindəki toru onun üzərinə atır və onu Qaramanla birlikdə öz ordusuna aparır.

Nizami Tagisoy
professor