İslam sivilizasiyası Qafqazda Mədəniyyət

İslam sivilizasiyası Qafqazda

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, (Aİİ) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumu keçiriləcək.Aİİ-dən bildirilib ki, simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.
Beynəlxalq simpoziumda Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki iştirak edəcəklər.
Ümumilikdə Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir və Səudiyyə Ərəbistanının universitetlərində Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlər simpoziumda məruzələrlə çıxış edəcəklər.
Tədbirdə 100-dən çox iştirakçının məruzələri “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” panellərində dinləniləcək.Simpoziumun materialları kitab şəklində çap olunacaq.