Nizami Gəncəvi və Azərbaycan ruhu Mədəniyyət

Nizami Gəncəvi və Azərbaycan ruhu

O, klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən istifadə edib

II yazı

Nizami və folklor mövzusu müasir dövrdə bir çox tədqiqatçıların araşdırma mövzusu olub. Onlardan biri də görkəmli folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır. Onun tədqiqatlarının mühüm bir cəhəti də ondan ibarətdir ki, apardığı təhlillər konkret olaraq topladığı materiallara əsaslanır. Şifahi qaynaqların zənginliyi Sədnik Paşa Pirsultanlının əsərlərini səciyyələndirən əsas cəhətlərdəndir.
Xalq yaradıcılığının yaddaşlarda yaşayan yadigarlarına yaxından bələd olan Sədnik Paşa Pirsultanlı onları yazılı qaynaqlarda dərhal müəyyənləşdirir və hər kəsdən daha sərrast seçə bilir. Folkloru yaddaşlardan itkisiz və qalıqsız bir şəkildə toplayıb öyrənən alim həm də uzun illər ərzində fenomenal bir folklor yaddaşına malik idi. Bu zəngin ehtiyat ona imkan verib ki, o, elmi problem kimi folklor və ədəbiyyat əlaqələrini mükəmməl bir şəkildə araşdırsın. Bu xalis elmi bir problemdir və filoloji araşdırmalarda aktuallığını saxlayır. Digər məsələ isə milli təəssübkeşlik məsələsidir.
Folklorun milli düşüncənin ifadəsi olduğunu diqqətdə saxlayan alim Nizami irsində Azərbaycan xalq yaradıcılığının ən müxtəlif janrlarını aşkarlamaqla onun təkcə əsərlərinin deyil, eyni zamanda düşüncəsinin türk milli dəyərlərindən qaynaqlandığını və ya başqa sözlə onun türklüyünü aydınlaşdırıb. Bunun üçün onun istifadə etdiyi folklor qaynaqları içində əfsanələrin xüsusi yeri var.
Əfsanələr bir folklor janrı olaraq mifə çox yaxın olan mətnlərdir. Əslində əfsanə gerçəkliyin mifoloji izahıdır. Amma bununla yanaşı əfsanə özündə mifoloji dünya modelini əks etdirən mühüm mətn qaynağıdır. Bu mətnlərdən milli düşüncə bərpa oluna bilir. Eyni zamanda əfsanədə tarix, coğrafiya, etnoqrafiya və s. bu kimi məlumatlar da spesifik şəkildə mövcud olur. Bu mənada əfsanə bir janr olaraq folklorşünaslığın ciddi problemidir.
"Azərbaycanda ən qədim zamanlardan əfsanələr toplanıb sistemə salınmayıb, öyrənilməyib. Eradan əvvəl V əsr yunan tarixçisi Herodotun əsərində məzmunu verilən Midiya əfsanələri göstərir ki, Azərbaycanda folklorun bu janrı çox qədim bir tarixə malik olub. Azərbaycanda əfsanələr ilk dəfə e.ə. V əsrdə qələmə alınsa da, bu sahədə azərbaycanlıların daha qədim bir ənənəyə malik olduqları aydındır. Bunu Herodotun göstərdiyi əfsanələrlə yanaşı indiyə qədər respublikamızın müxtəlif rayon və kəndlərində yaşayan çoxsaylı əfsanələrin məzmunu və xarakteri də təsdiq edir. Bu əfsanələrin bir qismi məzmunu və surətləri ilə çox qədim dövrlərin baxış və görüşlərinə bağlıdır". Əfsanələrin hələ əski zamanlardan yazıya alınması onlar üzərində tədqiqat aparmaq imkanlarını bir qədər asanlaşdırır. Çünki belə olduqda yazılı qaynaqla şifahi yaddaşda yaşayan oxşar nümunələri müqayisə etmək imkanı yaranır.
"Sonrakı dövrlərin epik poeziyasında, o cümlədən Nizaminin əsərlərində istər Herodotun nəql etdiyi əfsanələrin, istərsə də digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə, folklorla qüvvətli şəkildə bağlı olan Nizami, əfsanələrdən daha çox istifadə edib, ecazkar sənətini xalq əfsanələrindən aldığı kiçik süjetlərlə bəzəyib, ümumiləşdirib, qüvvətləndirib, xalqa yaxınlaşdırıb. Məhz buna görə də yazılı epik poeziyanın əfsanələrlə əlaqəsi məsələsini aydınlaşdırmaq üçün Nizami yaradıcılığı zəngin material verir. Bu mütəfəkkir şairin əsərlərində əfsanələrdən yerli-yerində istifadələrin xarakterini açmaq, faydalı nəticəsini göstərmək müasir ədəbi proses baxımından da faydalıdır. Bunları nəzərə alaraq, biz burada daha çox Nizami və Azərbaycan şifahi ədəbiyyatı problemi üzərində dayanmaq istərdik".
Problemə ciddi tədqiqatçı münasibəti və zəngin məlumat ehtiyatı alimə uğurlu nəticələr almaq imkanı təqdim edir. Bunun üçün alim əsas yanaşma istiqamətlərini müəyyənləşdirir. Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiyyatının, folklorun, qədim Azərbaycan bədii təfəkkürünün tükənməz xəzinəsidir: "Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla istifadə edib. Bu dahi sənətkarın "Xəmsə"sində yüzlərcə kiçik, böyük əfsanələrə, əsatirlərə təsadüf edilir. Bunlardan bəzilərini o, özü yaradıb, bəzilərini isə müxtəlif yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləyib, təkmilləşdirib, xalqdan alaraq yenidən xalqa qaytarıb".
Tədqiqatdan aydın olur ki, dahi şair özündən əvvəlki yazılı irslə də yaxından tanış olub, bəzi folklor məlumatı ondan da öncə yazılı ədəbiyyata daxil olub. Tarixi qaynaqlara yaxından bələd olan Nizami bu tipli məlumatlara həssas yanaşıb: "Nizami dastanlarının başlıca mövzusunu, məlum olduğu üzrə, qədim hadisələr və əfsanələr təşkil edir". Bu qeydi bir qədər də dəqiqləşdirərək S.Paşayev yazır: "Nizami özünə qədərki Şərq ədəbiyyatında və folklorunda mövcud olan ədəbi növlərdən və janrlardan da bacarıqla, yaradıcı şəkildə özünəməxsus tərzdə istifadə edib. Əlbəttə, Nizami bütün başqa mənbələrlə yanaşı, öz doğma xalqının yazılı və şifahi ədəbiyyatından daha geniş şəkildə faydalanıb".
Nizami əsas mövzularını xalq yaradıcılığından alıb, yaradıcılığını həmin mənbəyə uyğun, xalqın istək və arzuları ilə həmahəng şəkildə inkişaf etdirən bir sənətkar olduğundan onun əsərləri sonrakı şifahi ədəbiyyatımıza güclü təsir göstərib. Şair əsərlərində müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etdiyi kimi, onun yaradıcılıq xəzinəsi də öz növbəsində yeni əfsanələrin, rəvayətlərin meydana gəlməyi üçün tükənməz bir qaynaq rolu oynayıb. Bütün bunlar, Nizaminin Azərbaycan torpağı ilə, doğma xalqının bitib-tükənməyən folklor xəzinəsi ilə üzvi surətdə bağlı olduğunu müəyyənləşdirir. Nizami mövzusu bizim filologiyamızda müəyyən qədər işlənib. Nizami və folklor istiqamətinə də müraciətlər olub. Sədnik Paşa Pirsultanlı problemin tədqiq tarixini də yaxından araşdırıb və dəyərli mülahizələri əsərində məqsədyönlü şəkildə istifadə edib. Tədqiqatları nəzərdən keçirən alim yazır: "Nizami və folklor probleminə bir sıra araşdırmalar həsr edilib: Nizami və "Dədə Qorqud dastanları", Nizamidə xalq sözləri, xalq ifadələri və zərbməsəllər, Nizami yaradıcılığında Azərbaycan xalq mərasimləri və başqa məsələlər ayrı-ayrı tədqiqatçılar tərəfindən işlənib".
Fundamental araşdırma baxımından qeyd etməliyik ki, Nizaminin Azərbaycan əsatir və əfsanələri ilə bağlılığını ilk dəfə Sədnik Paşayev ayrıca bir tədqiqat mövzusu olaraq araşdırıb. Bu mövzunu incəliklərinə qədər araşdıran alim bu sahədə diqqəti çəkən fikir və mülahizələrə də həssas yanaşır.
Akademik H.Araslı Nizami Gəncəvinin folklor əlaqələrini öyrənməyin elmi əhəmiyyətindən bəhs edərək yazır: "Xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, əsərlərinin süjetləri ilə əlaqədar çox materiallar var ki, bunların elmi surətdə toplanması nizamişünaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə onun doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyektidir". Məsələnin aktuallığını bir daha təsdiqləmək üçün problemlə yaxından tanış olan mütəxəssislərin də fikirlərini diqqətə çəkən müəllif yazır: "Nizami tədqiqatçılarının çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq edirlər ki, "o, klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən istifadə edib". Bundan sonra alim problemi daha ciddi və dəqiq araşdırmaq üçün əsas istiqamətləri təsnif edərək müəyyənləşdirir: "Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da əsasən üç qrupda tədqiq etməyi mümkün sayırıq:
1. Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsanələr, yaxud da başqa folklor nümunələri.
2. Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.
3. Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər.
Nizaminin Şərq əfsanələrindən daha çox faydalandığını müşahidə edən müəllif iki səbəbdən bunları xüsusi olaraq qeyd etmir. "Birincisi ona görə ki, əfsanələrdə lokallıq-milli mənsubiyyət, bir xalqa məxsusluq çox güclü olur. Belə ki, əfsanələr düşdüyü yeni folklor mühitində xeyli dəyişir, milli zəminlə çulğaşaraq yeni keyfiyyətlər qazanır, özümləşir. Həm də bir qayda olaraq, əfsanələr konkret coğrafi ərazi ilə, xalqın tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı olur. İkinci səbəb isə ondan ibarətdir ki, Şərq əfsanələrində Azərbaycan xalqının da payı var. Məsələn, "Əshabi-kəhf", "Nuhun tufanı" və başqa əfsanələr buna misal ola bilər. Bu əfsanələr nəinki Azərbaycan xalqına məxsusdur hətta bu əfsanələrlə bağlı yerlər də yurdumuzun ən qədim yaşayış guşələrindən biri olan Naxçıvan torpağındadır. "Əshabi-kəhf" və oradakı "Cənnət bağı", Nuhla bağlı əfsanələrdə adları çəkilən İlandağ, Kəmçi və Ağrı dağları da Naxçıvanda və ona yaxın ərazilərdədir.
S.Paşayevə görə, Nizami qədim folklor nümunələrindən istifadəni başlıca yol saymayıb, yeri gələndə başqa mənbələrə də müraciət edib. Dahi şair folklordan aldığı kiçik süjetlər əsasında yeni keyfiyyətli incilər yaradıb. Bunu şairin epik əsəri olan "Sirlər xəzinəsi"ndəki bir sıra hekayətlər, o cümlədən "Süleyman və əkinçi", "Bülbül ilə qızılquşun dastanı" və başqaları da təsdiqləməkdədir. Onlarla bu kimi nümunələrin tarixi-müqayisəli təhlili alimə o qənaətə gəlməyə əsas verib ki, həmin örnəklər "bilavasitə Azərbaycan folklorundan, xüsusilə onun ən qədim əsatir və əfsanə qaynaqlarından istifadə yolu ilə yaradılıb".
Tədqiqatın ən çox diqqəti çəkən cəhəti budur ki, "Xəmsə"dəki hekayətlər, onların süjet və motivləri ilə səsləşən, ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan folklor nümunələri (xüsusən əsatir və əfsanələr), bir qədər fərqli şəkildə olsa da, indi də Azərbaycan folklorunda mövcuddur. Belə mürəkkəb və çoxsahəli paralellərı ilk dəfə S.Paşayev aparıb.

Ağaverdi Xəlil,
filologiya üzrə fəlsəfə doktoru