Yaşa ey, ana dilim, yaşa mənim varlığım... Mədəniyyət

Yaşa ey, ana dilim, yaşa mənim varlığım...

Araz Əhmədoğlu: "Çaxacağam qaranlığın varına"

Güney Azərbaycanın Xoy şəhərində yaşayan soydaşımız Araz (Abbasəli) Əhmədoğlunun "İki daş" və "Son tüfəng" kitabları işıq üzü görüb. Oktyabrın 20-də kıtabların təqdimatı olub. Tədbirdə AYB-nin Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz, AYB-nin katibi İlqar Fəhmi, fil.ü.f.d. Esmira Fuad, fil.ü.e.d. Seyfəddin Rzasoy, fil.ü.f.d. Qiymət Məhərrəmli, Qəşəm Nəcəfzadə, Kəmalə Abıyeva, Rüfət Muradlı, İşıqlı Atalı, Aynur Qəzənfərqızı, Mirəli Suca və başqaları çıxış edib, yazarın yaradıcılıq özünəməxsuslunğundan, Vətən sevgisindən danışıblar.
Ağlımızda, duyğularımızda Azərbaycan – birdir. Ədəbiyyat bu mövzunu həmişə bizə doğma təqdim edir – həsrəti, əhvalımızdakı doğmalığı. Ədəbiyyat xilas kimi öncə fərdin içinə gəlir. Bu mənada xalqı yetkin fərdlər təmsil edir. Ədəbiyyat adına söz deyən kəs bundan sonra daha məsuliyyətli olmalıdır. Çünki insansız, ulussuz, bəşərsiz ədəbiyyat yoxdur. Ancaq böyük söz qalır. Bundan sonra necə söz deyəsən ki, təzə olsun, insanı, ulusu yaşatsın, yaratsın. Kürəsəlləşmə dünyanı ağzına alır, dünyada ümidsizlik artır. Ədəbiyyat ümidsizliyə təkan verir, yoxsa ümidsizlikdən ötəyə çatdırır? Ədəbiyyat dünyanı, insanı mənaya çatdırmaq yoludur. Burada yeni-yeni obrazlar tapılmalıdır. Hamımıza tanış obrazlar elə çatdırılmalıdır ki, o, daim bizə doğma olsun, özümüzə, ulusumuzun sabahına olan ümidimizi, inamımızı artırsın. Araz Əhmədoğlunun yazılarında bu inad, inam var. Bu inad ötəri, keçici deyil. Daim zamanla çulğaşır, ona dov gəlir, zamanın üzərində yüksəlir. Baxmayaraq ki, onun doğulduğu böyük bir məkanda – Güney Azərbaycanda ana dilimizə basqı var. O, bu çətin, çıxılmaz şəraitdə dilimizi qoruyur, bu dildə yazır. Araz bəy ardıcıl olaraq ulusal düşüncə ilə özünü kökləməyə çalışır. Onun ulusu maarifləndirmək yönündə inamlı, inadlı çabaları var. Yol çox uzundur, çətindir. Burada təbii olaraq yaşın da sanbalı var. Araz bəy şovinizm əhvalıyla yaşamır. Bu, onun türk əhvalından, qüdrətindən irəli gəlir.
Araz Əhmədoğlu 1967-ci ildə Azərbaycanın Xoy şəhərində anadan olub. Əsl adı Abbasəli olan soydaşımızın "Araz" ədəbi təxəllüsüdür. Əvvəlki illərdə yazdığı şeirlərində müəyyən tələsikliklər, tərəddüdlər var. Son şeirlərində isə dil, ruh aydınlığı artır, güclənir. Əgər dil aydındırsa, bu, elə ruhun aydınlığı deməkdir. Nəsri şeirlərinə nisbətən hələ oturuşmayıb. Şeir türk ruhunda, tarixində daha çox döyüşkən olub. Güney Azərbaycan arealında da şeir tarixən xüsusi rol oynayıb. Araz bəy məcburdur ki, hərdən fikrini sətiraltı desin. Onun can yanğısı isə ortadadır. Çətin də olsa, güneyli yazarlarımızın əsərlərinin dililə bağlı işləmələrini arzulayırıq. Bu, qaçılmazdır. İndi isə Araz Əhmədoğlunun şeirlərini təqdim edirik. Yazara yeni uğurlar...

***
Ana dilim!

Sən ey mənim varlığım,
Bağımsızlıq, bayrağım,
Ən ucalarda əsən
Dalğalanan bayrağım,
Güllü-çiçəkli bağım,
Sərin sulu yaylağım,
İsindirən qışlağım,
Heç yıxılmayan dağım,
Uluslar arasında izlənilən sorağım.
Dədə Qorqud ağzıyla
Nuhdan gələn sorağım
Yaşa ey, Ana Dilim!
Yaşa mənim Varlığım!

***

İki Daş

Adsız, sansız, sayısız qardaşlardıq,
Sıldırım qaya başından
Qaldırmış dimdik başını
Çənli göyə qarşı baxan,
Tarix boyu yandırılıb gahdan yaxan,
Bəzz qalası ətəyində
Arxa-arxaya söykənib
Yüzillərdən bəri
Minbir düşüncəylə,
Yalnız oturub mürgülü gözlərlə
Heyranlıqla dalmamışdıq
Bu yetim-yesir cənnətin,
Bu yiyəsiz buraxılmış gözəlliyin
Tamaşasına, seyrinə!

Orda yalnız lalələrlə,
Orda yalnız çiçəklərlə,
Minbir boya çalar gözəl böcəklərlə
Boyun-boyuna söykənib
Gecəni gündüzə,
Gündüzüsə gecəsinə qatıb
Kəkliklərin şaqqıltısı,
Bülbüllərin cəh-cəhinə
Göz yumuban ağız açıb,
Getməmişdik özümüzdən,
Dönməmişdik sözümüzdən!
Çox ozana, çox aşığa
Qulaq asıb dinləmişdik.
"Qoca Qartal"ı səslərkən,
Dağa-daşa qurban olarkən,
Sarılmışdıq ayaqlarının altına
"Can!" deyərək lap ürəkdən;
"Canım ozan, gözüm ozan!"
Qışqırarkən bağırarkən.

Hətta çirkin yuxularla yatıb-duran,
Öz doğma qardaşını arxadan vuran,
Dağ-daşı, meşəni, ormanı qıran
Xainlərin ocağına daş olmuşduq!

Sabahacan yatmamışdıq.
Obaların arxasında
Gizlənərək iş çevirib,
Qurğu quran xəyanətin,
O alçaq səsin duyarkən.
Qardaşını quduzlara ucuz satan,
El-oba namusun satan,
Əli günahsızların qanına batan,
O alçağın qara basmış gözlərində
Şarlatanlığı oxuyub düşünərkən.

***
Bir gün də yasa batmışdıq,
"Bu kafirin sağ əlini,
Bu kafirin sol əlini,
Sonra da sağ ayağını,
Sonra da sol ayağını,
Qaranlıqlar xəlifəsinin əmriylə,
Tarix boyu dimdik duran,
O əyilməz, alnı açıq,
O şərafət bayrağına dönən başı
"Kəsin, süngülərə taxın,
Qapı-qapı dolandırın,
Şəhər-şəhər, diyar-diyar,
Qoy görüb ibrət alsınlar!’
Xəbərini eşidərkən.
Dağlar aşdı başımızdan,
Dərələr yarıldı bağrımızdan,
Bağrımız oldu tilit qan!
O xəbəri eşidərkən.
Çox vaxt olub dinləmişdik
"Çənlibeldən"
Sinədən-sinəyə keçən,
Çaxnaşan "Misri Qılınc"ın
Çarpışmasın paşalarla,
Qılıncdan kəskin qopuzun
"Cəngi"siylə qalxanlaşıb,
"Şeşəngiylə"şeşpərləşib,
tükənməz son bilməyən
Xəyanətin, müxənnətin –
"Keçəl Həmzədən" – "Qırat"ın
Qurtarılma "Müxəmməs"in!
İllər boyu göz olmuşduq,
Darıxmışdıq yorulmuşduq,
Pıçıldaşıb durulmuşduq,
Yan-yörəmizdəkilərlə,
Minbir yaşıllıqda çalan bitkilərlə,
Ətəklərdə yuvarlanan buludlarla,
Göy köksündən asılıban
Gözəlliyə min qat artan tərlanlarla,
Şıdırğı şığıyıb şaxan qartallarla.
Günəvərlənərkən uzun saatlarla
Dinləmişdik çevrəmizin
Melodik harmoniyasın,
Çiçəklərlə, böcəklərin
Baleti ilə operasın.
Bu çiçəkdən o çiçəyə süzülərkən,
Kəpənəklərlə küləyin simfoniyasın.
Gözləmişdik, dayanmışdıq,
Zəmanənin qamçısına.
Ölüb minlər can vermişdik
Torpağın bir ovucuna.
Olub dağın o ucundan, bu ucuna
Axan qana yataq olub, susmuşduq da.
Öz qeyrətimizə, vicdanımıza,
Mat qalıban nə isə çaşmışdıq da.
Amma heç vaxt sarsılıban,
Ümidsizliyə diz çöküb,
Yüz illərdən bəri,
Yollarını gözlədiyimiz,
O qəhrəman xalqın,
O igid xalqın milyonlarla çıxışını,
Hər eldən, hər obadan yığışını,
Qaranlığın qara basmış obasına,
İldırımlar, şimşəklər yağışını,
Ola bilməz, bir xəyal sanmamışdıq,
Uydursunlar, bizsə inanmamışdıq.
***
İki ozan bizdən üstə, o axşam,
Bir hündür qaya üstünə çıxdılar.
"Gözün aydın, a dağlar!
Qonaq gəlib elləriniz bu axşam."
"Divani"ylə başladılar aşıqlar,
Tayı-tuşu görünməmiş,
Tarixlərdə yazılmamış,
Zalımlar heç bəyənməyən,
İzi-tozu silinməyən,
Zülmə nifrət bəsləyən,
Bir ulusun həqq istəyən,
Ərşə yüksələn səsiydi,
"Koroğlu"nun nərəsiydi.

Bir yanda şairlər şeir oxuyur,
Bir yanda tar muğam deyir-oxuyur.
Bir yanda teatr oynayır ərənlər,
Bir yanda tarixdən deyir igidlər.
Bir yandan səs gəlir: "Ölsün şovinistlər!"
Bir yandansa: "Ya azadlıq, ya ölüm!"
Bir yandansa: "Ya Qarabağ, ya ölüm!"
İldırım gurultusuyla:
"Azərbaycan bir olsun …"
Daha gurultulu səslə:
"Türk dilində mədrəsə,
Olmalıdır hər kəsə."

Gecə boğulmuşdu, gecə batmışdı,
Gecə yorğanını çəkib yatmışdı,
Şəfəqdən öncə yuxudan diksinib,
"Tfu dabana" deyib ordan qaçmışdı.
Dənizdə dalğalar çox çeşidlidir:
Muğam, mahnı, qopuz, şeir dalğası,
İgidlərin "Cəngi" ilə yallısı.
Bu da namərdə çox əlverişlidir!
Bunlar burda qalsın sizə, əzizlər,
Canım desin qarı düşmən nə eylər:
Hər nə qarnı açıq, dabanı cırıq,
Harda bir küt qapan, qulağı yarıq
Varsa axtarıb tapıb,
Durmadan yükləyib bura daşıyıb.
Başqa tərəfdənsə iki avtobus
Dodağı qırmızı meymun gətirib,
Qalaya yaxın yerdə endirdilər.
Enər-enməz güzgü əldə,
Pomada dodaqda,
Sürüşdülər o dənizin içinə,
Ən zəhərli,
Uzaqdan gözəl görünən ilanlar.
Amma qopuzun sehriylə,
Göydə gəzişən qartallar,
O igidlər, o aslanlar,
İlan nədir? Çayan nədir?
Əjdahasını saymazlar!
***
Dəniz çağlayıb axarkən yuxarı,
Nə maraqlı idi onun baxarı!
Bütün dağ-daş ayaqlanıb,
Qanadlanmış göyə sarı.
Biz də bu dənizə qarışmaq istədik,
Biz də qalaya yollanmaq istədik.
Ən ulu qayalardan ən irisi;
Qardaşlar! Bizdə belə bir məsəl var:
Daş düşdüyü yerdə bil ağır olar.
Biz bu dağlarda olan gündən bəri,
Belə anlamışıq xeyirlə şəri,
Bizim xalqın nə çox imiş ərənləri, ərləri,
Ancaq az da deyilmiş içində olan şərləri!
Bu arada şur tutmuş,
Bir gənc oğlan büdrəyərək,
Axnaşdırdı qardaşımı bilməyərək,
Quş ürəyi titrəyərək,
Dili tutulub boğazı qovuşdu.
Bir başqası səsləndi,
"Ay-haray … qaçın daş gəliri!’

Aldı axnaşan qardaş,
Görək bir nə söylədi:
"Duydum kürəyimdə onun,
Peşmanlıq çəkən duyğusun.
Dərəyə doğru uçarkən,
Dedim səni kor-peşiman,
Qoymaram qalasan inan.
Var gücüylə çırpdı özün,
Dərədəki sərt qayaya,
Ovuldu torpağa döndü,
Onun da ulduzu söndü…

***
Oxuyurdu ozan səsi,
Qaranlığın fatihəsin.
Qaranlıq işə düşməsin,
Bəs neyləsin?

Xəyanətin tanış səsin,
Heç də yad olmayan,
Murdar nəfəsin,
Damarımla aldım,
Qanımla duydum.

Dalmasaydım qardaşıma,
Nə yazıq, yubandım daha.
Bir neçə arşın arxada,
Xain dağı çıxmada,
Üzündəki xəyanət gülüşüylə,
Torpağı murdarlayan yürüşüylə.
Sığındım sonunda gəvən koluna,
Yalvardım Tanrıya söz verdim ona.
Döşənəcəyəm igidlər yoluna,
Asılacağam birinin qoluna,
Çıxacağam qalamızın yanına,
Qala divarında işlənməsəm də,
Dünya varkən gözləməli olsam da,
Cəhənnəmin odlarına yansam da
Qadasını aldığım …
Qəhrəmanların yoluyla,
Çıxacağam qalanın divarına,
İçimdən püsgürən odla-alovla,
Çaxacağam qaranlığın varına!