Dədə Qorqud sözünün cazibəsində Mədəniyyət

Dədə Qorqud sözünün cazibəsində

Burada gəlişi gözəl ifadələr işlədilməyib

"Dədə Qorqud kitabı" ulu babalarımızın yaşam, düşüncə tərzini, inamlarını, inanclarını, təbiətə, dünyaya baxışlarını, insana, torpağa, vətənə sevgisini bənzərsiz bədii boyalarla əks etdirən ədəbi abidə olmaqla yanaşı, dilimizin zamanları aşan tarixi qüdrətini sübuta yetirməyə əsas verən yataqdır. Hər dəfə bu yatağı - bu söz xəzinəsini vərəq-vərəq, sətir-sətir çevirib aradıqca gizli bir məqamla üzləşməli olursan. İlk baxışda tanış, anlaşıqlı görünən adi bir sözün, deyimin çoxdan unudulmuş qədim bir anlamı ifadə etdiyini, yaxud da anlaşılması çətindən də çətin hesab edilən bir sözün, ifadənin olduqca sadə və doğma bir məna daşıdığını aydınlaşdıranda özünü sehrli bir dünyada hiss edirsən. Dədə Qorqud dilinin gözəlliyi və cəlbediciliyi də bu sehrdədir. O, araşdırıcısını bu sehrlə ovsuna çəkir, onu mahiyyətlə görünüş arasında düşünməyə, daşınmağa məcbur edir. Kimi xarici görünüşə aludə olub onun cazibə dairəsində fırlanır, kimi isə əsl mahiyyəti hədəf seçərək məğzi tutmağa can atır. Cazibəsinə düşdüyümüz belə məqamlardan bir neçəsini açıqlamaq fikrindəyik.


"Yanal ala ev yanında dikilsə, gərdək görklü..."


"Kitab"ın Drezden nüsxəsinin "Müqəddimə"sində getmiş bu deyim Dədə Qorquda məxsus kəlamlardandır. Araşdırmalarda mübahisə daha çox ilk sözün üzərində açılmış və gərdəyin – gəlin otağının uca ev yanında qurulmasına görə dəyərləndirildiyi qənaətinə gəlinib. Bu oxunuş və yozumun abidənin özündən irəli gələn bəzi faktlarla uyuşmadığını nəzərə alaraq, söylənilmiş mülahizələrə münasibət bildirmək istərdik.
Tanınmış qorqudşünas M.Ergin mövcud oxunuş variantında "yanal" sözünü "yan tərəf" mə`nasında şərh edib. Bu zaman belə bir sual doğur: əgər həmin arxaik söz "ev" sözünə aid edilirsə, onda "ev yanında" birləşməsinə nə ehtiyac var idi, yox, "gərdək" sözünə aid edilirsə, onu necə əlaqələndirmək olar və buradan hansı nəticə alınar?
H.Araslı həmin sözə daha sərbəst yanaşaraq onu nüsxə yazılışı ilə təsdiqlənməyən "bunar" variantında oxuyub, mənasını isə izah etməyib. Ş.Cəmşidov bu sözün özündən sonrakı sözlə birləşmə təşkil etdiyini düşünərək "yanal ələ" variantını irəli sürüb və fikrini belə əsaslandırıb: "Dilimizdə yan almaq" (yanaşmaq) ifadəsinin olduğunu və "ələ" sözünün "tərəf" mə`nasında işləndiyini ("başın ələ baxar olsam başsız ağac, dibin ələ baxar olsam dibsiz ağac) əsas götürüb bu cümləni "yanal ələ ev yanında dikilsə gərdək görklü" şəklində oxumağı dürüst hesab edirik. Göründüyü kimi, müəllifin "yanal" sözünü "yan al" feli birləşməsi ilə əlaqələndirməsi formal xarakter daşıyır. Buna baxmayaraq, hətta ifadəni "yan alınan tərəf" şəklində anlasaq belə, cümlədəki fikir durulmur.
Qorquda məxsus bütün deyimlər tarixin həyat təcrübəsində yoxlanılmış və xalq təfəkkürünün məntiqi süzgəcindən süzülmüş mülahizələrə söykənir. Burada söz oyunu, gəlişi gözəl ifadələr işlədilməyib. Şübhəsiz, haqqında danışılan deyimdə də müdrik ozanın ailə qurmağa hazırlaşan gənclərə bəyin (yaxud gəlinin) çadırının qurulması ilə bağlı ən sağlam arzuları, düşüncələri ifadə olunmuşdur. Odur ki, söylənilən hər bir fikir yozum xatirinə deyil, həqiqəti aramaq, ortalığa qoymaq naminə yürüdülməlidir.
F.Zeynalov-S.Əlizadə nəşrində isə sifətlərin ardıcllığı və qoşalaşmasına istinadən ilk iki söz "ban al-ala" variantında oxunaraq əlavə şərhdə belə əsaslandırılıb: "KDQ-nın şifahi şəkildə formalaşdığı ilkin mərhələlərdə cümlədəki "ev" sözünün təyini "ban ala" şəklində imiş, lakin yazıya köçürülərkən artıq "al" ("qırmızı" mənasında) sözü daha "düşümlü" sayılırmış; ona görə də katib dastanların dilindəki qoşa sözlər sisteminə uyğun olaraq "al" sözünü "ala" sözü ilə qoşalaşdırıb. Əlbəttə, məqsəd gərdəyin (gəlin otağının) toxunulmaz, hörmətli, bəlkə də müqəddəs olduğunu bildirməkdir. Beləliklə, həmin qoşa sözün işləndiyi cümlənin məzmunu belədir: "Gəlin otağı (çadırı) uca, qırmızı və müqəddəs bir evin yanında qurulsa, gözəldir". Sözlərin məna çalarlarından bacarıqla yararlanan alimin gəldiyi nəticə olduqca orijinaldır. Xüsusilə gərdəyin məhz "qırmızı" və "müqəddəs" anlayışları ilə əlaqələndirilməsi maraqlı tapıntıdır və yadda saxlamağa dəyər. Lakin ilk baxımdan bu oxunuş və yozum etiraz doğurur. Birincisi, abidənin əsas mətnində ilk sözlərin "ban al-ala" variantında oxunuşunun mümkünsüzlüyüdür ki, görünür, elə buna görə də "Kitabi-Dədə Qorqud ensiklopediyası"nda abidəni Drezden, Vatikan əlyazma nüsxələri və M.Ergin nəşri əsasında tərtib edib çapa hazırlayan müəllif bəzən daha məqbul bildiyi oxunuş variantları sırasında onu qeyd etməyib. İkincisi, "uca, qırmızı və müqəddəs" epitetlərinin gərdəyə deyil, hansısa bir evə aid edilməsi deyimin mənasını məntiqsizləşdirir və dastanda öz əksini tapmış gərdəkqurma adəti ilə təsdiqlənmir.


"Oğuz zamanında bir yigit ki, evlənərsə..."


Gəlin həmin prosesi izləyək. "Bamsı Beyrək boyu"nda bu belə əks olunub: "Oğuz zamanında bir yigit ki, evlənərsə, ox arardı, oxu nə yerdə düşərsə, anda gərdək dikərdi". Bütün oğuz yigitləri kimi Beyrək də oxun atıb gərdəyin qurur. Burada diqqəti çəkən ən önəmli fakt odur ki, gərdək məhz yaşayış yerindən aralıda qurulur. Elə buna görə də Beyrək və onun yoldaşları əsir götürülür. Bu qədim el adəti Beyrəyin dəli ozan libasında nişanlısı Banuçiçəyin toy məclisinə gəlməsi səhnəsində Qazan xana müraciətlə söylədiyi soylam parçasında da əhatəli göstərilib. Mövcud nüsxə və oxunuş variantlarını təhlilə cəlb etmədən həmin parçanı aşağıdakı kimi bərpa etməyi daha məqsədəuyğun hesab edirik:


Alan sabah durmuşsan,
Ağ ormana girmişsən.
Ağ qovağın budağından
Yırğayıban keçmişsən.
Oqcığazın (atmışsan,
Otaqcığazın) qurmuşsan.
Adın gərdək qoşmuşsan.


Mötərizədə verdiyimiz sözləri nüsxə katibinin üzdənköçürmə zamanı buraxdığı səhvlərdən biri kimi qəbul edirik. Burada gərdəkqurma prosesinin nə vaxt, nədən və necə yerinə yetirildiyi əyani şəkildə təsvir olunub. Soylamda sübh tezdən yuxudan duraraq böyük meşəyə gedən (girən), uca qovaq ağacının budağını yırğalayaraq qıran ("keçmək" fe`li "candan keçmək" ifadəsində olduğu kimi məcazi mə`nada işlədilib), bir hissəsini ("canbacuq" məhz bu anlamı verən poetik ifadədir) əyən, atdığı oxun düşdüyü yerdə otaq (çadır) quran bəyin onu gərdək adlandırmasından söhbət açılır. Dastan boyu oğuzların köçəri həyat tərzinə uyğun olaraq məhz alaçıqlarda yaşaması dönə-dönə qeyd olunur. Bu çadır alaçıqların uc hissədən əyilmiş ağac budaqlarının torpağa sancılması yolu ilə qurulması indiyə qədər yayda yaylağa, qışda qışlağa köçən elat camaatının məişətində yaşamaqdadır. Bizim üçün gərdəyin nədən və necə qurulması deyil, harada qurulması faktı daha önəmlidir. Gətirilən hər iki nümunədə gərdəyin yaşayış yerindən uzaqda, bəyin atdığı oxun düşdüyü yerdə qurulması dəqiqliklə əks olunub. Beləliklə, gərdəyin hər hansı bir ev yanında qurulması fikri özünü doğrultmur. Bu reallıq "Kitab"da verilmiş aşağıdakı nümunələrlə də təsdiqlənir. "Bamsı Beyrək boyu"nun sonunda Beyrək və onun əsirlikdən xilas edilən otuz doqquz yoldaşının toyu belə təsvir olunur: "Baybörə bəgin oğlancığı Beyrək Baybican bəgin qızın aldı. Ağ-ban evinə, ağ otağına döndi. Dügünə başladı. Bu qırq yigidin bir qaçına xan Qazan, bir qaçına Bayındır xan qızlar verdilər. Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi. Otuz doquz "talelü" "tale"inə birər ox atdı. Otuz doquz yigit oxunun ardınca getdi". Yaxud "Uşun qoca oğlu Səgrək boyu"nun sonluğunda iki qardaşın evlənməsi belə verilir: "Ulu oğluna dəxi görklü gəlin gətirdi. İki qardaş bir-birinə sağdıc oldular, gərdəklərinə çapub düşdülər. Murada-məqsuda ilişdilər". Buradan belə nəticə hasil olur ki, yaşayış yerindən aralı qurulduğu üçün toy məclisindən sonra gərdəyə atla gedilərmiş. Ona görə də gətirilən deyimin yuxarıdakı variantda oxunuşu bizə inandırıcı görünmür və əvəzində onu "Yanal ala uyanında dikilsə, gərdək görklü" şəklində oxumağı irəli sürürük. Fikrimizi əsaslandıraq. Abidənin dilində "gərdək" sözü çox zaman "apalaca" təyini ilə yanaşı işlədilir. Məsələn, "Parasarun Bayburd hasarından parlayıb uçan, apalaca gərdəyinə qarşu gələn. Boz ayğırlı Beyrək çapar yetdi". "Parasarun Bayburd hasarından uça görgil! Ap-alaça gərdəyinə gələ görgil". "Parasarun Bayburd hasarından parlayıb uçan at alaca gərdəyinə qarşu gələn…".
Hətta orfoqrafiya qaydalarının sabitləşdiyi hazırkı mərhələdə həm bitişik, həm də defislə yazılan "apalaca" sifətinin "at alaca" yazılış variantında işlənilməsi qeyri-adi görünməməlidir. Bu əski əlifba ilə sürətli yazı prosesində katibin bəzən nöqtələri yerində düzgün işlətməməsi faktı ilə izah oluna bilər və burada S.Əlizadənin düşündüyü kimi "at" sözü nəzərdə tutulmayıb.
Biz hörmətli alimin yadda saxlanılmasını məsləhət bildiyimiz belə bir fikrinə tam şərikik ki, "apalaça" sifəti gərdəyin düşərli olmasını ifadə edən bədii təyindir. Qırmızı rəng dastanda bütün əlvanlığı ilə öz əksini tapmış qədim toy adət-ənənəsinin vacib elementi kimi çıxış edir. Məsələn, "Beyrək xan dəxi oxın atdı, dibinə gərdəyin dikdi. Adağlısından ərgənlik bir qırmızı qaftan gəldi". "Banıçiçək qırmızı qaftanın geydi". "Altunluca günlügün dikib, Qanturalı gərdəginə girüb, muradına -məqsuduna irişdi".
Toy günü bəy və gəlinin qırmızı qaftan geyib qırmızı gərdəyə girmələri məhz qırmızının düşərli rəng olması ilə izah oluna bilər. Selcan xatunun Qanturalının tərsliyinə, inadına qarşı etirazını kəskin şəkildə ifadə etdiyi soylamda işlənmiş "al duvağın altından söyləşmədim" cümləsindən də aydın olur ki, gəlin "al" (qırmızı) rəngli duvağa bürünməlidir. Son dövrlərə qədər el toylarında gəlinin məhz qırmızı gəlinlik paltarı geyinməsi, al duvağa bürünməsi, bəyin boyuna qırmızı parça (xüsusilə xara) dolanması bu qədim inancın yaşantılarıdır. Bu mənada deyimdəki "yanal" arxaik sözünün "parlaq" və "qırmızı" rəngləri ifadə etməsi fikri yerinə düşür. Onun eyni mənalı "ala" sözü ilə ("alaça" sözünün "ala" kökündən və -ça çoxaltma dərəcə şəkilçisindən düzəlməsi məlum faktdır) yanaşı işlədilməsi "al qırmızı", yaxud elə "Kitab"da rast gəlinən "apalaca" anlamının digər sintaktik üsulla verilmiş formasıdır.

Asif Hacıyev,
araşdırmaçı