Neft Fondunda 35,8 mlrd. dollarımız var İqtisadiyyat

Neft Fondunda 35,8 mlrd. dollarımız var

ARDNF Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər
Gələn il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi daha $1 mlrd. artacaq. Bunu dünən keçirdiyi mətbuat konfransında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib. Ş.Mövsümovun sözlərinə görə, 2016-cı ilin sonuna aktivlərin həcmi $34 mlrd. təşkil edəcək. "Gələn il tarazlaşdırılmış büdcə siyasəti həyata keçirəcəyik. Aktivlərimiz 2017-ci ildə $1 mlrd. da artacaq", - Ş.Mövsümov qeyd edib.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 618,6 mln. manat, büdcə xərcləri isə 3 823,1 mln. manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 13,4 mln. manat və akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 mln. manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 612,3 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 mln. manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 48,6 mln. manat vəsait ayrılıb. 20,8 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 241,9 mln. manat, "STAR" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 mln. manat təşkil edib. 2016-cı il oktyabrın 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 6,7% artaraq 35 822,1 mln. ABŞ dollarına ( Bu vəsaitin valyuta ifadəsində 33 949,6 mln. ABŞ dolları investisiya portfelinin, 1 872,5 mln. ABŞ dolları isə manat hesabının payına düşür) bərabər olub.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankına depozitin yerləşdirilməsini şərh edib. Ş.Mövsümov deyib ki, qaydaya görə, Fond aktivlərinin 5%-ini yerli bazarda yerləşdirə bilər: "Bu da təxminən $1,6 mlrd. edir. Biz $1 mlrd. yerləşdirmişik. Daha $600 mln. yerləşdirmək fikrimiz yoxdur". Qeyd edək ki, vəsait 1 il müddətinə, 4%-lik gəlirliliklə yerləşdirilib. İcraçı direktor əlavə edib ki, bankın istəyi olarsa, depozitin müddəti uzadılacaq. Ş.Mövsümov bildirib ki, Fondun başqa banka depozit yerləşdirmək fikri yoxdur.