
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Prezidentin Almaniya səfərinin nəticələrini necə qiymətləndirirsiniz?
- İqtidarın qonşularla dostluq və əməkdaşlıq, o cümlədən balanslaşdırılmış xarici siyasət kursu milli maraqlara cavab verir. Biz mentalitet baxımından şərqli olsaq da, yerləşdiyimiz coğrafiya Avropa hesab olunur. Ona görə də Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik. Münasibətlərdəki gərginliyin azaldılması üçün qarşılıqlı addımlar atılmalıdır. Bizim əsas ticarət tərəfdaşlarımız Avropa ölkələridir. Əsas ixrac məhsulumuz olan neft və qazımızı əsasən onlara satırıq. Almaniya ilə imzalanmış sənədlər çox əhəmiyyətlidir. Çalışmalıyıq ki, ABŞ və Almaniya ilə imzalanmış sazişlər Azərbaycana yeni texnologiya gətirilməsinə, ölkəmizə investisiya yatırılmasına yol açsın. Xarici əlaqələrimiz təhlükəsizliyə, insan hüquq və azadlıqlarının qorunmasına və iqtisadiyyatımızın, elmin və təhsilin inkişafına xidmət etməlidir. İnsanlarımızın rifahını və təhlükəsizliyini istəyiriksə, iqtisadiyyatımızın indiki durğunluq dövründən çıxıb böyüməsi üçün sənayeni və kənd təsərrüfatını inkişaf etdirməliyik. Dövlət Neft Fondu ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına dəstək verməlidir. Bunun üçün fondun aktivləri yalnız xarici maliyyə bazarlarında yox, həm də ölkə daxilində yerləşdirilməlidir. İqtisadiyyatımızı özümüz canlandırmalıyıq ki, xarici investorlar ölkənin inkişaf perspektivlərini görüb, ölkəmizə investisiya qoysun. Fərqli nəticələr istəyiriksə, indikindən fərqli davranmalı, fərqli qərarlar qəbul etməliyik. Mülkiyyətin toxunulmazlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılmalı, Neft Fondunun vəsaitlərindən ən azı 10 milyard dollar investisiya kimi iqtisadiyyatımıza yatırılmalıdır.
- Fərqli qərarların qəbulunu gözləyirsinizmi?
- YAP üzvlərindən eşitdiyimə görə, onların payızda gözlənilən qurultayında yeni inkişaf strategiyası elan oluna, böyük islahatlara başlanıla və kadr islahatları həyata keçirilə bilər. Doğrusu, islahatlar həm də artıq hər kəsin qəbul etdiyi bir zərurətə çevrilib. Ölkəmizdə yaxşıya doğru dəyişikliklərin baş verəcəyinə inanıram.
- Qüdrət bəy, iki böyük qonşumuz müharibə vəziyyətindədir və yaxın zamanlarda müharibələrin bitməsi gözlənilmir. Müharibələrin bundan sonra Azərbaycana təsiri necə ola bilər?
- Ən pisi odur ki, bütün dünyada insanlar müharibələrə öyrəşir. Hər kəs münasibətləri güc tətbiq etməklə aydınlaşdırmağa meyillənir. Bu, bəşəriyyətə yaxşı heç nə vəd etmir. İkinci Dünya müharibəsinin ağrı-acıları artıq yaddan çıxıb. Bu gün dünyada təxminən 645 milyon insan aclıqdan əziyyət çəkir. Bu, dünya əhalisinin təxminən 7,8%-i deməkdir. Dünya Bankının 2025-ci ildə yenilənmiş məlumatına görə gündə 3 ABŞ dollarından az gəlirlə təxminən 808–838 milyon insan həddindən artıq yoxsulluq şəraitində yaşayır. Təxminən 2,69 milyard insan sağlam qidalanma üçün lazım olan qidanı maddi cəhətdən əldə edə bilmir. Bu, aclıq çəkməkdən fərqli olsa da, qida təhlükəsizliyi baxımından ciddi bir problemdir. Belə bir şəraitdə dövlətlər silahlanmaya trilyon dollarla pul xərcləyir. İnsan təbiətinə həm mərhəmət, həm də yırtıcılıq xasdır. Təəssüf ki, hazırda yırtıcılıq hissi güclənir. Hələ ki, iqtidar Azərbaycanı bu münaqişələrdən uğurla kənarda saxlaya bilir. Ümid edək ki, ən ağır şəraiti yeni bir imkana çevirə biləcəyik. Rusiya və İran maksimalizmdən imtina edərək münaqişələrə daha müdrik yanaşma sərgiləyərsə, müharibələrə son qoymaq olar. Müharibələrin davam etməsi insanlara məhrumiyyətlər yaşadır, bütün regionu müharibə təhlükəsi ilə üz-üzə qoyur. Azərbaycan bütün çağırışlara hazır olmalıdır. Bunun üçün bizə milli birlik və sürətlə böyüyən azad bazar iqtisadiyyatı lazımdır.