Avtomobil yollarının vahid dövlət reyestri yaradılacaq İqtisadiyyat

Avtomobil yollarının vahid dövlət reyestri yaradılacaq

Tərlan

Azərbaycanda hər bir avtomobil yolunun məlumat vərəqəsi olacaq. APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydası"nda əksini tapıb.
Nəqliyyat Nazirliyi tərəfindən yaradılacaq və aparılacaq avtomobil yollarının vahid dövlət reyestri mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında Azərbaycan dilində məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsi ilə bağlı müəyyən edilmiş qaydaya uyğun tərtib ediləcək. Bu məlumatlar sırasına avtomobil yolunun mülkiyyətçisi və sahibi, avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu, avtomobil yolunun xəritəsi, avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu, avtomobil yolunun faktiki vəziyyəti, avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti və yol nişanlarının dislokasiyası daxildir.
Reyestrin əsas bölməsi reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı, reyestrdən çıxarışların qeydiyyatı jurnalı, məlumat xəritələrinin və yolun mülkiyyətçisi və sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluqdan ibarətdir. Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi veriləcək.
Reyestrin arxiv bölməsinə isə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş və bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun və "arxiv" sözü yazılmış nömrə veriləcək. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü və ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar bağlanılacaq və reyestr arxiv bölməsinə təhvil veriləcək. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi və ya məhv edilməsi qadağandır. Reyestr qovluqlarının daimi saxlanılması üçün dövlət arxivlərinə verilməsi mövcud qanunvericiliyə uyğun aparılacaq.
Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılacaq. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin qarşısını almaq məqsədi Nəqliyyat Nazirliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır və xüsusi yerlərdə saxlanılmalıdır. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada veriləcək.
2011-ci ilin sonundan fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır. Amma ötən dövrdə nəinki həmin problemlər aradan qalxmayıb, hətta bir qədər də kəskinləşib. Görəsən, hərbi paliqona gedən yola oxşayan Dərnəgül yolunun tikintisi nə vaxt başa çatacaq? Habelə səhərlər Sumqayıt istiqamətindən Bakıya, axşamlar isə əksinə avtomobillərin hərəkəti nə vaxt qaydasına düşəcək, maşınlar addım-addım getmək prinsipindən necə qurtulacaqlar? Yol tikintiləri uzun müddət davam etdiyindən paytaxtda böyük narahatçılıqlar da yaradır. Uzud müddətdir ki, dərnəgül yolu tunellər və körpülər tikmək məqsədilə qazılaraq istifadə üçün bərbad vəziyyətə salınıb: nə tikinti bitir, nə də narahaçılıqlar. Başqa küçələrdə də analoji vəziyyətdir.
Həqliyyat sistemindəki problemlərin kökündə o durur ki, konkret məqsədlərə nail olmaq üçün sahəvi proqramlar yoxdur. Elə bunun nəticəsidir ki, inkişaf kosmetik xarakter daşıyır. Çox zaman tikmək əvəzinə köhnəni də sökməyə canla-başla girişirlər. Hökumətin aydın və peşəkar nəqliyyat siyasəti yoxdur. Ölkə yollarının vəziyyəti, sərnişinlərə yarıtmaz xidmət, avtombillərin yararsızlığı və s. göz önündədir. Bunların nəticəsidir ki, bəzən məmurlar subyektiv yanaşmalar əsasında qərarlar qəbul edirlər. Paytaxtda çox ciddi nəqliyyat problemi yaranıb və hökumət ondan heç cür çıxış yolu tapa bilmir. Həm sıxlıqdır, həm də ekoloji durum kritik həddə çatıb.
Asiya İnkişaf Bankı (AİB) Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsini nəzərdə tutan layihə hazırlayacaq. Layihənin reallaşması üçün Bank tərəfindən artıq 925 min ABŞ dolları həcmində qrant ayrılıb. Həqliyyat sahəsində tədqiqatlar 2014-cü il ərzində də davam etdiriləcək və müxtəlif həll variantları təhlil etmək üçün multimodal nəqliyyat proqnozlaşdırılması modeli hazırlanacaq. Avtomobil dayanacaqlarının tikintisi strategiyası, nəqliyyat axınının idarə edilməsi tədbirləri, strateji nəqliyyat dəhlizlərində avtobuslar vasitəsilə kütləvi və sürətli tranzit sisteminin yaradılması, paytaxt yol şəbəkəsinin və əsas qovşaqların təkmilləşdirilməsi, ictimai velosiped mübadiləsi sxemləri və digər innovativ və davamlı tədbirlər vasitəsilə Bakı şəhərini tıxac və həddən artıq yüklənmədən azad etmək üçün tövsiyələr hazırlanacaq.