“Özümüzü daha etibarlı hiss edəcəyik” İqtisadiyyat

“Özümüzü daha etibarlı hiss edəcəyik”

Maroş Şevçoviç: "2020-ci ildə Azərbaycandan Avropaya qaz nəql olunması Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq"

"Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib".
Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç dünən Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: "Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur".
Maroş Şevçoviç bildirib ki, bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib.
Maroş Şevçoviç deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsi üzrə görülən işlərin nəticəsində bu ilin ortalarında Azərbaycandan Türkiyəyə ilk qaz çatdırılacaq:
"2020-ci ildə isə Azərbaycandan Avropaya qaz nəqli baş tutacaq. 2018-ci il mühüm il olacaq. 2020-ci ildə Azərbaycandan Avropaya qaz nəql olunması Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu layihə strateji əhəmiyyətə malikdir. Avropada infrastrukturla məşğul olan qurumlar bu layihəyə dəstəklərini ifadə ediblər. Əslində bu layihənin həyata keçirilməsinə başlanan andan Cənubi Avropada yerləşən ölkələrlə işləyərkən çalışmışıq ki, onlar da "Cənub Qaz Dəhlizi"nə qoşulsunlar. Buna görə də biz məmnunluqla qeyd etdik ki, ümumi maraqdan danışanda söhbət ancaq Balkanlardan yox, digər ölkələrdən də gedir. Məsələn, Bolqarıstan və Rumıniya da bu layihəyə qoşulmaq arzusunu bildirib. Layihənin maliyyələşdirilməsi üçün maliyyə strukturları da fəal iş aparır. Nəticədə ötən ilin oktyabrında Avropa Yenidənqurma və inkişaf Bankı TANAP-a 500 milyard avro həcmində maliyyə ayırıb. Bir neçə gün öncə isə Avropa İnvestisiya Bankı layihəyə 1,5 milyard avro kredit ayırıb. Enerjiyə olan tələbat Avropanın sərhədləri ilə məhdudlaşmır. Digər ərazilər də bura daxildir. Biz yalnız bu halda enerji mənbələrinin diversifikasiyasından danışa bilərik".
Maroş Şevçoviç deyib ki, bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır.
Onun sözlərinə görə, Avropa Komissiyası bununla bağlı yeni qərarlar qəbul edib.
"Avropa İttifaqı ölkələri istənilən enerji təchizatı məsələlərini Avropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı saziş Avropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Bu, o deməkdir ki, Avropa Komissiyasının qərarı vacibdir. Ən vacib məqam isə odur ki, biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Buna görə də bu gün biz burdayıq. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminal şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik".
Maroş Şevçoviç deyib ki, Avropa zəngin təbii sərvətlərə malik ölkələrin Cənub Qaz Dəhlizinə qoşulmasını dəstəkləyir.
Onun sözlərinə görə, bununla bağlı bütün mümkün variantlar nəzərdən keçirilib: "Avropa Birliyi Cənubi Qaz Dəhlizinin bütün tərəfdaşları ilə İran qazının layihəyə qoşulması məsələsini müzakirə etməyə hazırıq. Bizim üçün çox mühümdür ki, Cənub Qaz Dəhlizi Avropanı qaz resursları ilə zəngin regionları birləşdirsin. Biz yeni alıcıları, yeni təchizatçıları cəlb etməkdə maraqlı olacağıq. Bu iclaslar çərçivəsində istər Türkmənistan tərəfi ilə də, istərsə də İranın təmsilçiləri ilə danışıqlar aparılıb".
Avropa Birliyinin nümayəndəsi bildirib ki, İran tərəfi neftinin nəqlində maraqlıdır: "Bu məqsəd üçün İranın daxilində boru kəmərləri çəkilməlidir və infrastruktur yaradılmalıdır. İran təbii qazının bu boru kəməri ilə daşınması bu ölkənin öz marağındadır. Bunun üçün də İranın lazımi infrastrukturu olmalıdır".