SOCAR: neftin və qazın maya dəyərləri artıb İqtisadiyyat

SOCAR: neftin və qazın maya dəyərləri artıb

Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat, 1000 kubmetr qazın dəyəri isə 62,19 manat olub. Bu barədə şirkətin 2017-ci il üzrə illik hesabatında bildirilir. Qeyd edilir ki, SOCAR üzrə neftin və qazın maya dəyəri yalnız şirkətin tərkibində olan neft və qazçıxarma idarələri üzrə araşdırılır. 2017-ci ildə 1 ton neftin istehsal maya dəyəri 111,42 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,61 manat və ya 13,9 faiz artıb. Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1 faiz, əməkhaqqı xərcləri 14,5 faiz, sosial sığorta fonduna ayırmalar 2,9 faiz, amortizasiya ayırmaları 17,2 faiz, təmir xərcləri 6,9 faiz, əsas vəsaitlərə texniki xidmət 12,1 faiz, nəqliyyat xərcləri 16,4 faiz, mədən vergisi 8,9 faiz və sair təşkil edir.
2017-ci ildə 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 62,19 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 15,42 manat və ya 33 faiz artıb. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8 faiz, əməkhaqqı xərcləri 8,4 faiz, sosial sığorta fonduna ayırmalar 1,7 faiz, amortizasiya ayırmaları 26 faiz, təmir xərcləri 5,9 faiz, əsas vəsaitlərə texniki xidmət 10,5 faiz, nəqliyyat xərcləri 15,7 faiz, mədən vergisi 17,4 faiz və sair olub. SOCAR üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2016-cı illə müqayisədə 15,42 manat (33 faiz) artıb. Şirkət üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə əməliyyat şirkətlərindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2017-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 163,7 manat təşkil edib.
"Şirkət üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, yanacaq xərclərinin, elektrik enerjisinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin artması hesabına baş verib. Belə ki, material xərcləri 785 min manat (3,4 faiz), elektrik enerjisi 2310 min manat (27,2 faiz), yanacaq xərcləri 142 min manat (16,6 faiz), əməkhaqqı xərcləri 3433 min manat (3,2 faiz), sosial sığorta xərcləri 551 min manat (2,5 faiz), əsas vəsaitlərin amortizasiyası 10083 min manat (8,3 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 64188 min manat (78,6 faiz), nəqliyyat xərcləri 7708 min manat (6,5 faiz), digər vergilər 2953 min manat (8,1 faiz) artıb. Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əməkhaqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, material xərcləri 580 min manat (7,1 faiz), əməkhaqqı xərcləri 1116 min manat (4,4 faiz), sosial sığorta xərcləri 193 min manat (3,8 faiz), əsas vəsaitlərin amortizasiyası 6287 min manat (8,3 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 23806 min manat (85,1 faiz), nəqliyyat xərcləri 5373 min manat (12,1 faiz), mədən vergisi 20637 min manat (60,4 faiz), digər vergilər üzrə 954 min manat (9 faiz), digər xidmətlər üzrə xərclər 1142 min manat (10,3 faiz) artıb", - deyə hesabatda qeyd olunur.