Azərbaycan Avropanın İKT bazarına çıxmaq niyyətindədir İqtisadiyyat

Azərbaycan Avropanın İKT bazarına çıxmaq niyyətindədir

İranla İKT sahəsində bir çox razılaşmalar əldə edilib

Tural

Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə Londonda "Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısı"nda iştirak edib. Səfər zamanı ölkəmizdə bu sahədə aparılan islahatlar, dünyada mövcud olan İKT və internet problemlərindən danışılıb. Düzdür, Azərbaycanda İKT-nin inkişaf səviyyəsi Böyük Britaniyadakı kimi olmasa da, ingilis şirkətləri Azərbaycanda bu sahəyə maraqlarını ifadə edirdilər.
APA-nın məlumatına görə, bu barədə "StartUp mühitinin formalaşdırılmasında dövlətin, özəl sektorun və investorların dəstəyi" adlı konfransda çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, səfər zamanı İngiltərədə bir çox layihələr müzakirələr olunub: "Qərara gəldik ki, Azərbaycan İngiltərə şirkətləri birlikdə müəyyən layihələr həyata keçirsinlər. Əsas məqsəd Azərbaycan şirkətlərini gücləndirərək, onlara maliyyə resursları və ya müəyyən güzəştlər tətbiq etməklə, ingilis və ümumiyyətlə, dünyanın digər şirkətləri ilə birgə üçüncü bazarlarda iştirakını genişləndirməkdir".
Qeyd edək ki, "StartUp Azərbaycan" layihəsi ilə bağlı 2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Səkkiz ekspertin iştirakı ilə keçirilən qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib.
İran-Azərbaycan Yüksək Texnologiyalar biznes forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinin İrana səfəri çox vacib idi. Səfər zamanı qonşu ölkə kimi bizim aramızda olan radio-televiziya tezliklər istiqamətində və digər problemlərin həlli çox önəmli məqamlardan biri idi. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, hazırda İranda inkişaf gedir və ölkə getdikcə qapılarını digər ölkələrin bazarına açır: "Azərbaycanın da bu bazarlara daxil olması üçün yaxşı imkanlar yaranıb". Onun sözlərinə görə, İrana səfərin məqsədi sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamlarının qonşu ölkənin bazarında iştirakını genişləndirmək olub. "Bu istiqamətdə bir çox müzakirələr və həmçinin razılaşmalar əldə edilib. Hesab edirəm ki, İran bazarı yaxın vaxtlarda Azərbaycan şirkətlərinə daha da geniş açılacaq".
Bu yaxınlarda Fransanın "Airbus Defence and Space" şirkəti aşağıorbitli peykinin orbitə buraxılması üzrə layihəni "Azərkosmos" ASC ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirib. Nazirin sözlərinə görə, hazırda bu peykin idarəçiliyinin "Azerkosmos" ASC-yə verilməsi istiqamətində də danışıqlar aparılır. Ə.Abbasov bildirib ki, orbitə çıxarılması planlaşdırılan Azərbaycanın aşağıorbitli peyki üçün tenderin vaxtının bir neçə ay uzadılıb. Onun sözlərinə görə, sentyabr ayında peykin orbitə çıxarılması üçün tenderin başa çatması gözlənilir.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi zəruridir. 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir. Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflər ümidvericidir.
Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək.
Yaxın vaxtlarda Azərbaycanın ikinci telekommunikasiya peykinin ("Azerspace-2") orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində işlərə başlanılacaq. Bu məqsədlə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) "Azərkosmos" ASC-yə qrant ayırıb. Məlumata görə, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq şirkət olaraq ABŞ-ın "Global Recourses Inc." seçilib. Sözügedən tədqiqat "Azerspace-2" telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektləri əhatə edəcək. Məbləği yarım milyon dollardan artıq olan qrant müqaviləsi çərçivəsində görüləcək işlərin bu ilin iyul ayınadək başa çatması gözlənilir. "Azerspace-2" telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. İkinci telekommunikasiya peyk layihəsi də kommersiya xarakterli olacaq. Peyk rəqəmsal TV xidmətlərinin təqdim edilməsi, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.
Azərbaycanın üçüncü süni peykinin də orbitə çıxarılması layihələri kommersiya xarakterli olacaq və əsasən xidmətlərin ixracı üçün nəzərdə tutulacaq. Ötən ilin fevralında orbitə ilk süni milli telekommunikasiya peykini çıxaran Azərbaycan növbəti mərhələdə yer səthinin müşahidəsi üçün nəzərdə tutulan aşağı orbitli peyki, daha sonra isə ikinci telekommunikasiya peykini kosmosa buraxacaq.
"Azerispace-1" süni peykinin isə ölkə üzrə nəzərdə tutulan 20%-i tam dolmayıb. Ona görə də ikinci peykin xarici bazarlara çıxarılması planlaşdırılıb. Bu bizim kosmik fəzada mövqelərimizi, kosmik xidmətlər bazarında rəqabət qabiliyyətimizi artıracaq, o cümlədən, "Azərkosmos"a əlavə gəlir gətirəcək.
Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peyki ilə bağlı ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb. Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Çox güman ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik. Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır. Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda "Azerispace-1" süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edirik. Lakin sonrakı peyklərdə Azərbaycan öz orbital mövqelərindən istifadə etmək istəyir.