“BP bundan sonra 25 il də Azərbaycanda olacaq” İqtisadiyyat

“BP bundan sonra 25 il də Azərbaycanda olacaq”

Azərbaycan İraq və Türkmənistan qazını da Avropaya çıxara bilər

Tərlan

Bu il BP şirkəti Azərbaycan və regionda fəaliyyətə başlamasının 20 illiyini qeyd edəcək. APA-nın məlumatına görə, bunu dünən Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində "BP-Azerbaijan" şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bildirib. Onun sözlərinə görə, 20 il bir ölkədə olmaq, bu ölkənin həmin şirkətə inamı və etibarının göstəricisidir. "BP-Azerbaijan" Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərəfdaşıdır və bundan sonra da bütün sahələrdə Azərbaycan dövlətinin yanında olmaq və onun tərəfdaş olduğu layihələrə dəstək verməyə hazırdır: "BP bundan sonra 25 il də Azərbaycanda olacaq. Bura "Şahdəniz" yatağının işlənilməsi aiddir".
H.Məmmədov qeyd edib ki, Cənub Dəhlizi qaz layihəsi üzrə 45 min insan işə götürülüb və bu rəqəm 150 min yeni iş yerinin yaradılmasına imkan verəcək: "Bu layihədən ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb olunacaq". H.Məmmədov deyib ki, Azərbaycan İraq qazının da öz boru xətlərinə qoşmağa hazırdır. Bunun üçün bütün infrastruktur hazırdır: "Biz təkcə İraq qazı deyil, həmçinin Türkmənistan qazının ixrac həcmini artırmaq niyyətindəyik".
Azərbaycanda ÜDM-in 40%-i neft sektorunun payına düşür, halbuki əvvəllər rəqəm 66% olub. Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib ki, bu il Azərbaycan yeni quyuların qazılmasını həyata keçirəcək: "Həmçinin, köhnə quyular təmir ediləcək. "Abşeron" yatağında intensiv işlər aparılır. Bu yataq böyük həcmdə qaz verəcək və ölkə iqtisadiyyatına böyük həcmdə investisiya gətirəcək".
V.Bəylərbəyov deyib ki, ARDNŞ hazırda "Ümid" yatağında kondensat hasil edir: "Bu yataq da inkişaf etdiriləcək. Gələcəkdə bu və digər yataqlardan da hasil olunan qaz BTC-yə vurulacaq. Bu resurslar 2020-ci ildən sonra istifadə oluna bilər. Bu da ölkənin neft-qaz sektorunu daha da inkişaf etdirəcək. Xəzər dənizindəki bir çox yataqlar 1950-ci ildən istifadə olunur. Gələcəkdə "Kəpəz" yatağı da orada olan problemlər həll edildikdən sonra istifadəyə veriləcək. Ancaq hələ orada heç bir iş aparılmır".
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi və istismarı layihəsinə bu il təxminən 2 mlrd. ABŞ dolları həcmində sərmayənin yatırılması planlaşdırılır. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib ki, 2014-cü ildə AÇG-yə təxminən 2 mlrd. dollar xərcləyəcəyik. Bu, ötən ilki xərcdən nisbətən azdır. Builki vəsait AÇG-də 19 quyunun qazılmasına sərf olunacaq.
Qeyd edək ki, keçən il AÇG-yə çəkilən əsaslı xərclər 2,8 mlrd. dollar təşkil edib. Bunun əsas hissəsi "Qərbi Çıraq" platformasının tikintisinə xərclənib. Şirkət "Qərbi Çıraq" platformasından neft hasilatına başladığını açıqlayıb və bildirib ki, bu il platformadan orta hesabla gün ərzində 60 min barel neft hasil olunacaq. Şirkətin regional rəhbəri əlavə edib ki, AÇG-də hasilat bu il nisbətən az olacaq. Buna səbəb isə "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarında planlaşdırılmış təkmilləşdirmə işlərinin aparılması olacaq. Bu, platformada əməliyyatların bir neçə həftə dayanmasına səbəb olub. Bu işlərin Azərbaycan Dövlət Neft Şirkəti ilə razılışdırıldığını vurğulayan Q.Birrel fasilənin nə vaxt bitəcəyini açıqlamayıb. Xatırladaq ki, 2013-cü ildə AÇG-də hasilat 2,2% azalaraq 32,9 mln. tondan 32,2 mln. tona (gündəlik - 650 min barel) düşüb.
Hər halda neft hasilatında azalma davam edir. 2010-cu ildə təkcə "Əsrin müqaviləsi" üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 32 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür. Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətlərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollardır. Artıq bu investisiyanın 40 mlrd. dollara yaxını neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Heft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə - 1 mln. barelə çatdırılıb. Ancaq 2011-ci ildən neft hasilatı azalır.
2012-ci ildə ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2014-cü ildə "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı 35 milyon ton proqnozlaşdırılırdı. Amma görünür, bu, belə olmayacaq və hasilat daha az olacaq. Hər halda 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulurdu.
Şist neft yataqlarının aktiv işlənməsi dünya neft bazarında balansın pozulmasına və qiymətlərin enməsinə səbəb olacağı gözlənilir. Ekspertlərin fikrincə, artıq 2020-ci ildə neftin 1 barelinin qiyməti 80 ABŞ dollarına enəcək. Neftin ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar getdikcə daha da əsassız görünür. BP-nin proqnozlarına görə, artıq 2013-cü ildə ABŞ şist yataqlarındakı neft hasilatı sayəsində neft hasilatının həcminə görə, Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada birinci yerə çıxacaq. Proqnozlara görə, 2020-ci ildə ABŞ sutkada 6 mln. barel (ildə 300 mln. ton) şist nefti hasil edəcək, hasilatın artımı qiymətlərin enməsinə səbəb olacaq. Nəticədə, artıq 2015-ci ildə OPEC neftin qiymətinin 100 dollardan aşağı düşməməsi üçün hasilatı azaltmalı olacaq. Buna baxmayaraq, 2020-ci ilə neftin qiyməti 80 dollara düşəcək.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il üçün büdcəsinə dəyişiklik edilməsi barədə Müşahidə Şurası qarşısında vəsatət qaldırılıb. Bunu jurnalistlərə açıqlamasında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, dəyişiklik Azərbaycan prezidentinin fərmanı ilə qaz layihələrinin idarə olunması üçün yeni yaradılan şirkətin 51 mln. ABŞ dolları məbləğində kapitalının formalaşdırılması üçün vəsaitin ayrılmasını nəzərdə tutur: "Düzdür, büdcədə bu vəsaitlər nəzərdə tutulmayıb. Lakin bu vəsait ARDNF-dən bilavasitə investisiya kimi təqdim edilir və uzunmüddətli investisiyadır".
Ş.Mövsümov bildirib ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsinə bu ildən başlanacaq və 2018-2019-cu ilədək davam edəcək: "Ondan sonra isə artıq bu layihələrdən gəlir əldə olunmağa başlanılacaq. Bu gəlir yeni yaradılan şirkətə yönəldiləcək və bu şirkət ARDNF-ə həmin vəsaitləri qaytaracaq". Fondun icraçı direktoru qeyd edib ki, bu il yeni yaradalan bu operator şirkətinə 51 mln. dollar yönəldiləcək: "Bu layihələrin maliyyələşməsinə 2-2,5 mlrd. dollara qədər vəsait tələb olunacaq. Bu vəsaitlərin qaytarılma dövrü də müxtəlifdir. Ümid edirik ki, 2023-2024-cü ilə qədər bu vəsaitlər artıq fonda qaytarılacaq".