Faiq İsmayılov- 60 Müsahibə

Faiq İsmayılov- 60

Uzun, ancaq şərəfli bir yolun yolçusu....

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin sədr müavini, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun 60 yaşı tamam olur. F.İsmayılov Azərbaycanın dəyərli ziyalılarındadndır. O, siyasi fəaliyyəti ilə yanaşı, eyni zamanda, işğal olunmuş Azərbaycan ərazilərindəki tarixi abidələrimizlə bağlı mükəmməl araşdırmaların müəllifidir. Ailəlidir, üç övladı var.
- Övladlarımdan çox razıyam böyük oğlum Ruslan Azərbaycan Milli Ordusunun kapitanıdır, dəfələrlə rəhbərliyinin təşəkkürünü qazanıb. Kiçik oğlum Amil mədəniyyət işçisidir. Qızım müəllimədir.
F.İsmayılov 1957-ci il yanvarın 14-də Laçın şəhərində anadan olub. 1959-cu ildə valideyinləri Mirik kəndinə köçüblər, 1992-ci il mayın 5-dək orada yaşayıblar.
İlk yaradıcı fəaliyyətə 1970-1975-ci illərdə "Laçın" rayon qəzetinin nəzdindəki "İşıqlı üfüqləri" ədəbi dərnəyin üzvü kimi başlayıb...

-1971-ci ildən "Laçın" qəzetində ədəbi və publisistik yazılarla çıxış edirdim. Çox keçmədi ki, respublika mətbuatında da çap olunmağa başladım. Bütün bu dövr ərzində onlarla elmi məqalələrim və publisit yazılarım müxtəlif qəzet və jurnallarda dərc edilib.
1977-ci ilin may ayından Bakı Baş Qaz Aparatları zavodunda çilingər kimi əmək fəaliyyətinə başladım, 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif fakültəsinə qiyabi daxil oldum. 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirdim. 1978-ci ildən 1985-ci ilədək Laçın rayonu Ocaqqulu adına Sovxoz Komsomol Komitəsinin katibi,1985-ci ildən 1991-ci ilədək Rayon İcraiyyə Komitəsində şöbə müdiri, 1991-ci ildən 1996-cı ilədək Laçın rayon İcra Hakimiyyətində əvvəl Məsləhətçi, sonra isə Başçının köməkçisi, Şöbə müdiri və daha sonralar İcra Başçısının İqtisadi məsələlər üzrə müavini vəzifələrində çalışmışam.
Mən ömrümün ən gənc çağlarını doğulduğum Laçın rayonunun inkişafına və çiçəklənməsinə sərf etmişəm. 1984-ci ildə Laçın Şəhər Sovetinin deputatı seçilmişəm.
18 may 1992-ci ildə Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin yerləşdirilməsində iştirak etmişəm. O, illər xatirəmdə xüsusi iz buraxdı.
Mən... Taxtakörpüdə işə çıxdım. Gördüklərim məni dəhşətə gətirirdi. Burada məskunlaşan insanlar, sözün əsl mənasında cəhənnəm əzabı yaşayırdılar. Bu ərazidəki qış yataqlarında insanların bəziləri yeraltı qazmalarda, bəziləri tövlələrdə, bəziləri isə qoyunlar üçün tikilmiş yerlərdə məskunlaşmışdılar. Hər tövlədə böyüklüyündən asılı olaraq 3-5 ailə birlikdə yaşayırdılar. Havalar qızdıqca ağcaqanad və birələr insanlara əziyyət verirdi. İçməli su çatışmırdı, demək olar ki, hər gün, hər yataqda cəbhə bölgələrində həlak olan insanların yas mərasimləri keçirilirdi. Evlərdən insan hıçqırıqları kəsilmirdi. Adını bilmədiyimiz müxtəlif xəstəliklər baş qaldırırdı, uşaq ölümləri az qala kütləvi hal alırdı. Dərman, sarğı və qida ehtiyatımız yox idi. Yataqları gəzmək və ya əlaqə saxlamaq üçün nəqliyyat və rabitə vasitələrimiz çatışmırdı.
1992-ci ilin iyun ayından 1993-cü ilin aprel ayına qədər Laçın rayonunun şimal hissəsində erməni işğalçılarından azad edilən 80–ə yaxın kənddə mülki vətəndaşların yaşayışı üçün həyat şəraitinin bərpası, hərbçilər üçün istehkam va qurğuların tikintisi məqsədi ilə yaradılmış qərargahın üzvü kimi iştirak etmişəm. Mən o dövrdə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün qüvvəmlə çalışmışam. 1995-ci ildə tutduğum vəzifədən uzaqlaşdırıldım. Ailəmi yaşatmaq məqsədi ilə 1996-cı ilin fevral ayından ölkəni tərk etmək məcburiyyətində qaldm.
1996-cı ildən 2001-ci ilə qədər Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasının Vilyuysk şəhərində az sonra isə həmin rayonun Kızılsır qəsəbəsində yaşayıb işləmişəm. F.İsmayılov 2001-ci ildə Azərbaycana qayıdır və ölkədə ictimai – siyasi fəaliyyətlə məşğul olmağa başlayır...

- 2005 – ci ildə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyini təsis etdim və bu təşkilatın sədri seçildim. 2014-cü ilin fevral ayının 26-da, Azərbaycan Respublikasının baş naziri A.Rasicadənin 51 saylı sərəncamı ilə Nazirlər Kabineti tərəfindən təşkil edilən "Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İişğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu"nun üzvü təyin edildim. 19 oktyabr 2016-cı il tarixdə AMEA İnsan Hüquqları İnstitutunda elmi işçi, 11yanvar 2017-ci ildə isə Azərbaycan Memarlar İttifaqının üzvü seçildim.
2003-cü ildə "Tarixin faciəsi, Laçın" kitablarını və 2004-cü ildə "Qarabağ" albomunu, 2007-ci ildə "Alban mədəniyyətinə erməni təcavüzü", 2009-cu ildə "Məcburən erməniləşdirilmə", 2012-ci ildə "Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər ..." 2013-cü ildə "Tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası barədə təlimatlar", 2014-cü ildə "Azıx", 2014-cü ildə "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyası" kitablarını nəşr etdim.

-Təşkilatınızın yaranma zəruriyyəti nə idi və qarşıda duran vəzifələr nədən ibarətdir?...
-Bu təşkilat, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsində, danışıqlar prosesinə təkan vermək üçün yarandı. Çox keçmədi ki, biz danışıqlar masasına tarix və mədəniyyət abidələri mövzusunu gətirə bildik. Bu, həm də Azərbaycanda tolerantlıq və multukulturalizm ənənələrinin davamı kimi də təqdim edilir.
Təşkilatın yaradılmasında məqsəd həm də, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki tarix və mədəniyyət abidələrinin tədqiqinə, qorunmasına, o cümlədən mədəni dəyərlərə qarşı antihumanist hərəkətlərin ifşa edilməsinə yardımçı olmaqdan ibarət olmuşdur. Eyni zamanda Qarabağ probleminin çözülməsində ikili standartları aradan qaldırmaq üçün, burada erməni vandalizmini qabardaraq, Azərbaycana vurulmuş maddi və mənəvi zərərlərin miqyasını diqqət mərkəzində saxlamaqdır.
-İndiyə qədər həyata keçirmək istədiyiniz, amma hələ ki reallaşdıra biolmədiyiniz layihələr varmı?.
-İşlərimin əsas ana xəttini işğal altındakı milli mədəni dəyərlərimizin ümumi siyahısını tərtib etməkdir ki buna hələ nail ola bilməmişəm. Ermənistanın işğalı nəticəsində bu ərazilərdə Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistanın işğalı altındadır. Göründüyü kimi kifayət qədər böyük rəqəmlərdir.
İlkin hesablamalara görə Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş zərərin ümumi miqdarı 177 milyard ABŞ dolları təşkil edir.

-Həm də siyasi fəaliyyətlə məşğulsunuz...Azərbaycandakı ictimai siyasi vəziyyətlə bağlı nə deyə bilərsiniz?
-Tale elə gətirib ki, mənim ictimai fəaliyyətim də siyasi xarakterlidir.
Mənim əsas siyasi fəaliyyətim Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ilə bağlıdır. Bu partiyada sıravi üzvlükdən Ali Məclisin sədr müavini vəzifəsinə qədər bir yol keçmişəm. Mənə göstərdiyi etimada görə partiyamızın lideri Qüdrət Həsənquliyevə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
-Milli mənəvi dəyərlərimiz, vətənpərvərlik və bu istiqamətdə gedən proseslərlə bağlı düşüncələriniz necədir?
-Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Müxtəlif dövrlərdə Azərbaycanda müxtəlif dinlərin mövcud olması Dağlıq Qarabağda da insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərib. Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmançılığın yanaşı inkişafı və eyni zamanda onların birinin digərini əvəz etməsi Azərbaycanın memarlıq abidələrinin tikintisində də özünü göstərib. Bu isə Azərbaycanda multikulturalizm ənənələrinin necə qərin qatlara söykəndiyinin əyani göstəricisidir. Hazırda bu mədəni irsin ermənilər tərəfindən vandalizmə uğradılması təssüf doğurur.