“Elə yaşa ki, keçmişin gələcəyinə mane olmasın” Müsahibə

“Elə yaşa ki, keçmişin gələcəyinə mane olmasın”

Hüsenağa Qəniyev: "Maariflənmiş insan həqiqətə, gerçəkliyə daha yaxındır"
"Hər hansı bir millətin ümumi səviyyəsinin göstəricisi həmin millətin gerçəkliyə, həqiqətə, reallığa nə dərəcədə yaxın olmasıdır"

12 ildir tanıyıram. Demək olar hər gün fikir mübadiləsi aparırıq. Bütün sahələrdə-elm, təhsil, tarix, mədəniyyət, ədəbiyyat, fəlsəfə, din-müzakirələrdə onda bir nüansı hiss etmişəm-əksər yaşıdlarından fərqli olaraq mental düşəncədə inqilab edib. Onun düşüncəsinə görə, həm də bütün çətin yolların açarı elmdə və təhsildədir. Söhbət BAXCP İdarə Heyətinin üzvü, sabiq millət vəkili, Azərbaycan Respublikasının ilk Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının üzvü, yazıçı-publisist Hüsenağa Qəniyevdən gedir.

- Məndə uşaqlıqdan hər şeyi öyrənmək həvəsi olub. Məsələn, hamı deyirdi ki, sənin müəllimin kim olub? Və şablon cavabın əvəzinə, gülməli də olsa hesab edirdim ki, ilk müəllimim "lapatka" olub. Mən o "lapatka"yla işləyənləri, onun müqabilində aldıqları məvacibi görəndə dəhşətə gəlirdim ki, o "lapatkaya" yaxın getmərəm. Bəli, o "lapatka" müəllimim olub, məni tərbiyə edib və istiqamətləndirib ki, "amandır uzaq qaç məndən". Əmək adamlarına sonsuz hörmətimin olmasına baxmayaraq təhsilə və ixtisasa üstünlük vermişəm. Heç bir məsələni özümdə bitkin bir bilik kimi hiss etmirəm. Bitkinliyə çatmağa hələ çox var. Bəlkə də sonu yoxdur. İnsanların borcu daim çalışıb onun səmərəli tərəflərini tapmaqdır. Elə tərəflərini tapmalıdırlar ki, həm özlərinə, həm xalqa, həm də cəmiyyətə xeyir versinlər. Bu sonsuz bir yürüşdür. Bitmək, sonuncu fikirdə olmaq o deməkdir ki, insan ölür. Beyinimdə həmişə yeni fikir üçün giriş, çıxış yolları saxlamışam.
- Sizin qadınlara münasibətiniz də tamam fərqlidir. Yəni "qadınlar siyasətlə məşğul ola bilməz", "qadın kişinin szündən çıxmamalıdır", "qadının fəaliyyəti evlə, mətbəxtlə yekunlaşmalıdır" kimi tabuların üstündən xətt çəkirsiniz.
- Mənim fikrimcə, hər hansı bir ideyanın, işin dəyəri onun yüksəyə qalxmasındadır. Qadın və kişi bir məxluqun iki qanadıdır. Bu qanadların ikisi də yaxşı işləməsə o xalq inkişaf edə bilməz. Biz istəyirik ki, bir qanadla iki qanadlılardan önə keçək. Hansı xalqda qadınla kişi qoşa, güclü qanadlar kimi fəaliyyət göstərirsə, o xalq da irəli gedir. Qadınların mütiləşdiyi cəmiyyət inkişaf edə bilməz. Qadına, qadın azadlığına, qadın şəxsiyyətinə hörmət olan ölkələrdə maariflənmə də, inkişaf da yaxşı gedib və gedəcək. Bizdə isə buna başqa nöqteyi nəzərdən yanaşır, əxlaqla əlaqələndirirlər. Mən isə hesab edirəm ki, əxlaq təkcə qadının çadrada gəzməsi deyil. Qadının dünyagörüşü, onun şüuru, ruhu kişidən aşağıda yox, onunla bir döyünməlidir.
- Bəs niyə deyirlər ki, qadın polis rəisi, prokuror, icra başçısı və s. ola bilməz və bu işləri bacarmaz.
- Kişilər özlərini o qədər yüksəyə qaldırıblar ki... Bütün bu qayda-qanunları qoyan kişilərdir və bunu da qadınların şüuruna elə yerləşdiriblər ki, bəzi qadınlar özləri də bununla fəxr edir, həmin qanunlara tabe olurlar. Və fikirləşirlər ki, prokuror, polis ola bilməzlər. Niyə? Əlbəttə polisdə fiziki güc tələb olunan elə işlər var ki, kişilərin həmin sahədə işləməsi daha məsləhətdir. Ancaq analitik işlər, istintaq işləri var ki, orada qadınlar işləməlidir.
- Azərbaycan təhsilinin indiki durumundan razısınız?
- Azərbaycan təhsilinin indiki durumundan nəinki razı deyiləm, hətta onun haqqında söz demək belə çətindir. Ayrı-ayrı təhsil müəssələrində baş verən qanunsuzluqlar haqqında xoşagəlməz sözlər eşidirik. Təkcə eşitmir, həm də ən yaxınlarımızın başına gəldiyini müşahidə edirik. Çox qəribədir ki, təkcə təhsil sahəsi deyil, bütün sahələrdə təşkilat haqlıdır, təşkilatdan narazı olanlar isə haqsızdır. Vətəndaşlar öz haqqını sübut etməlidir. Ancaq hələlik bu, görünmür. Bu da təhsilsizlikdən, maarifsizlikdən irəli gəlir.
- Deyirlər ki, bir milləti məhv etmək istəyirsənsə, birinci onu təhsildən məhrum etməlisən, təhsilini əlindən almalısan...
- Lap qədimdən deyirdilər ki, bir ölkəyə hücum olunanda bu ölkədə başıpapaqlı qalmamağını bildiridilər. Yəni ilk növbədə maariflənmiş, gözü açıq, düzgün yol göstərə bilənlərin başı kəsilirdi. Mənim fikrimcə, maariflənmiş insan həqiqətə, gerçəkliyə daha yaxındır. Hər hansı bir millətin ümumi səviyyəsinin göstəricisi həmin millətin gerçəkliyə, həqiqətə, reallığa nə dərəcədə yaxın olmasıdır. Mövhumat, cəhalət onu uzaqlaşdırır, maarifçilik isə onu yaxınlaşdırır. Gerçəkliyə, həqiqətə yaxın olmaq elə Allaha yaxın olmaqdır. Bunlar Allahın qoyduğu qanunlardır. Bunlardan uzaqlaşmaq, elə Allahdan uzaqlaşmaq deməkdir. Buna görə də bizim maariflənməkdən başqa yolumuz yoxdur. Təhsil sisteminin özü yenidən qurulmalıdır.
- Yenidən necə qurulmalıdır? Sizcə, nədən başlamaq lazımdır?
- Bu artıq mütəxəssizlərə aid olan bir məsələdir. Ancaq hesab edirəm ki, proqramlar düzgün olmalıdır, uşaqlar hər sinifə uyğun dərs yükü ilə düzgün yüklənməlidir. Bunun üçün kompleks, sistemləşmiş tədbirlər görülməlidir. Bizdə elə uşaqlar var ki, xarici universtetlərə də girirlər, xarici firmalarda işləmək üçün testlərdən də keçirlər. Az da olsa belə istedadlı uşaqlarımız var və bunların davamçıları da ola bilər. Bunlar nəzərə alınmalıdır. Bir də ki, müəllim hər hansı bir peşə sahibindən pis dolanmamalıdır. 150-200 manat məvacib alan müəllim ailəsini necə saxlaya bilər? Müəllimlik peşəsi prioritet olmalıdır. Buna görə də təhsil sahəsi çox böyük, kompleks tədbirlər tələb edir. Həm maliyyə, həm metodiki, həm elmi sahələrdə. Elə Azərbaycan dilindən başlamaq lazımdır. Azərbaycanda yüksək əmək haqqı olan müəssələrdə ingilis dili tələb olunur. Deməli, Azərbaycan torpağında olan müəssələrdə ingilis dilini bilənlər Azərbaycan dilini bilənlərdən daha artıq əmək haqqı alır. Əgər bu dil ona çörək qazanmaq vasitəsi kimi xidmət etmirsə, əksinə, onu geri atırsa, o adamlar da çalışırlar ki, rus, ingilis dilini öyrənsinlər. Biz öz dilimizə heç vaxt hörmətlə yanaşmamışıq. Mənə uşaqlıqdan başa salırdılar ki, böyüklərlə danışanda "hə", "yox" deyil, "bəli", "xeyr" ifadələrini işlədim. Niyə bu sözləri farsca deyəndə hörmətli, türkcə deyəndə hörmətsiz çıxır? Bizim böyüklərimiz də bunu bele qəbul edirdilər. Ancaq mən böyüyəndə "hə", "yox" deməyə başladım. Yəni biz dilimizi qorumalı, dilimizin hər bir ifadəsinə hörmətlə yanaşmalıyıq. Əgər həmin sözün qarşılığı varsa öz dilimizdə işlətməliyik. Dili qorumadan maarifçiliyə gedib çıxa bilmərik. Biz ingilis dilini öyrənməliyik, ancaq öz dilimizi də o səviyyəyə çatdırmalıyıq. Buna görə də mən deyirəm ki, maarifçilik dildən, əlifbadan, analarımızın laylasından, ədəbiyyatdan başlamalıdır.
- Hüseynağa müəllim, deyirlər ki, "filankəs müdrik adamdır". Hansı kriteriyalarına görə hər hansı bir şəxsi müdrik adlandırmaq olar? Ümumiyyətlə, müdriklik nədir?
- Müdriklik müəyyən mənada gələcəyin yaxşı və pis tərəflərini görməkdir. Müdriklükdə şəxsi mənafe önə çəkilməməlidir. Müdriklük ictimai xarakter daşımalı, ictimaiyyətə xidmət etməlidir. Ən sadə formada belə deyərdim-elə yaşa ki, keçmişin gələcəyinə mane olmasın. Müdriklük təkcə ağılla yox, həm də əxlaqla bağlıdır. Bunların ikisi də olmasa müdriklik olmaz.
- Bəzən də deyirlər ki, "filankəs müdrik yaş dövrünə gəlib çıxıb".
- Onu da deyirlər ki, "ağıl yaşda deyil, başdadır". Ancaq təcrübə də böyük rol oynayır. İstedadlı, istedadsız və dahi adamlar var. Bunların fərqi ondadır ki, istedadsız adam yaddaşsız, huşsuz adamdır. O təcrübə qazana bilmir. Gördüyünü unudur. Halbuki, dünya görüb-götürmək dünyasıdır. Bəzən deyirlər huşsuz adam xoşbəxtdir, çünki tez-tez sevinir. Dünən gördüyünü bugün unudur, onu təkrar görür və yenidən sevinir. İstedadlı adamlar dahilərin kəşflərini dərk edənlərdir. Dahi isə həyatda olmayan yeniliyi kəşf edir, xalqın istifadəsinə verir və bəşəri dəyərə çevirir.
- Siz bizim gələcəyimizi necə görürsünüz?
- Bizim xoşbəxt gələcəyimiz üçün hər cür potensial var. Xalq qədim xalqdır və xalqın qədim adətləri, genetik kodları var. Babək, Alp Arslan, Toğrul kimi xüsusi bacarığı, istedadı olan cəngavərlərimiz, qəhrəmanlarımız, Nizami kimi müdrikimiz, Şah İsmayıl Xətai kimi dövlət qurucusu olub. Mirzə Fətəli, Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir bəy kimi ziyalılarımız var. Yəni bizim genofondumuz zəngindir. Bunun üçün ictimai, iqtisadi, səmərəli şərait yaranmalıdır ki, bu cücərtilər göyərib qalxa bilsin. Mən gələcəyimizi yaxşı görürəm, ancaq bizi ən qabaqcıl, tərəqqi etmiş ölkələrlə bir sırada görmək istəyirəm. Məsələn, Skandinaviya ölkələrinin biri kimi görmək arzusundayam.
- Bunun üçün BAXCP müxtəlif təkliflərlə çıxış edib.
- Bəli, haqlısınız. Yenə də maarifçiliyə gəlib çıxdıq. Maariflənməliyik ki, həqiqətə doğru gedək. Onda biz bir yolda eyni ruh, eyni əqidə, eyni mentalitet altında qabağa gedərik. Bütövləşməni də yaradan maarifçilikdir. Maarifçilik olmasa gerçəkliyi tapa bilmərik, gərçəkliyi tapa bilməsək bütövləşə bilmərik. Bütövləşdikdən sonra isə dövlətləşə bilərik. Yəni dövləti bütün başqa təsirlərdən qorumalı, dövlət qanunları əsasında işləməliyik. Ayrı-ayrı dinlərin, cəhalətdə olan qrupların, cəmiyyətlərin təsirindən xilas olmalıyıq. Əgər hüquqi dövlət qururuqsa dövlətləşmə olmalıdır. Bu prinsiplə bizim yolumuz düzdür. Bütövləşmə, dövlətləşmə, millətləşmə. Mən bu yolu ən düzgün yol hesab edirəm və bu yolda bizim sözün həqiqi mənasında maariflənməyə ehtiyacımız var.
- Bir müddət əvvəl Rəsul Quliyev Şah İsmayıl Xətai haqqında xoşagəlməz fikirlər bildirdi.
- Təkcə Rəsul Quliyev deyil, böyük bir kompaniya gedir. Babək, Nizami Gəncəvi, Mirzə Fətəli, Şah İsmayıl, Səməd Vurğun haqqında müxtəlif, yabançı fikirlər söyləyənlər var. Ancaq bu fikirlərə qarşı olanlar daha çoxdur. İnsanlar öz genefondunu, genetik kodlarının akkordlarını qorumaq iqtidarındadır. Bu iyrənc kampaniyanın bir neçə səbəbi var. Bəzi insanlar istəyirlər ki, yenilikçi olsunlar.
- Yenilikçi olmaq üçün genetik kodlarımıza zərbə vurmaqmı lazımdı?
- Onlar bu düşüncədədirlər ki, "görün mən kimi tənqid edirəm, görün mən yeni söz deyə bilirəm". Onların dedikləri kütləyə hazırlanmış çıxışlardı, mövqelərdi və fikirlərdi. Həmin adamlar dərinə gedə bilmirlər. Bu insanlar gündəlik gördükləri ilə kifayətlənir, məntiqə, dərinliyə gedə bilmirlər. Dərinliyə getmək o deməkdir ki, Babək Babəkin, Nizami Nizaminin dövründəki kimi qiymətləndirilsin. Nyuton deyirdisə ki, "mən kainatda Nizami Gəncəvi qədər ağırlıq mərkəzi tanımıram". Burada isə biri deyirsə ki, "Nizami farsca yazıb", onun deyimi kimə lazımdır? Nyuton ağıllıdır, yoxsa Hizamini ittiham edən bəsirətsiz biri? Buna görə də onlar dərinə gedə bilmir, bunun mahiyyətini izah edə bilmirlər. Bunlar abidələrdir. Elə bir abidələrdir ki, bizim tariximizi, mədəniyyətimizi, istiqamətimizi göstərir. Qız Qalası ona görə qiymətlidir ki, o babalarımızdan qalan, tariximizdən xəbər verən böyük bir yadigardır. Yenə gəlib maarifçiliyə çıxdıq. Əgər bu gün Nizamini, Şah İsmayılı, Babəki tənqid edənlər maariflənsə belə vəziyyət yaranmaz. Tarixi tənqid edənlərin heç biri professional tarixçi, ədəbiyyatı tənqid edənlərin isə heç biri professional ədəbiyyatçı deyil. Fikir verin, iqtisadçı Şah İsmayıldan danışır, o biri Babəkdən danışır. Zaman öz sözünü deyəcək və hər şey öz yerini alacaq.

Arzu Şirinova