“Millətin dili onun psixologiyasıdır, adət-ənənəsidir” Müsahibə

“Millətin dili onun psixologiyasıdır, adət-ənənəsidir”

Tofiq Hacıyev: "Millətinin dilini bilməyən adam onun qayğısına qala bilməz"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin APA-ya müsahibəsini təqdim edirik.
- Tofiq müəllim, Azərbaycan dilinin orfoqrafiya lüğəti əsas müzakirə mövzusudur. Siz özünüz də son çap olunmuş orfoqrafiya lüğətinin qüsurlu olduğunu demisiniz. Orfoqrafiya lüğəti yenidən çap olunacaq?
- Haqlısınız, son çap olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətində çoxlu qüsurlar var. Sonuncu orfoqrafiya lüğətində həm də orfoqrafiya qaydaları verilməyib. Təsəvvür edin, 1958-ci ildə çap olunmuş orfoqrafiya lüğətində 60 səhifəlik izahat, qaydalar təqdim olunub. Amma son çap olunmuş lüğətdə yalnız 5-6 səhifəlik izahat var. Tapşırıq vermişəm, bizim işçilər orfoqrafiya lüğətinin üzərində işləyirlər. Sizi inandırıram ki, biz çox mükəmməl bir orfoqrafiya lüğəti hazırlayacağıq.
- Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı çərçivəsində indiyə qədər hansı işlər görülüb?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, Dilçilik İnstitutu öz fəaliyyətində hər zaman prezident İlham Əliyevin dövlət dili ilə bağlı imzaladığı fərmanları, sərəncamları rəhbər tutur. Hazırda bizim monitorinq şöbəsi Qulu Məhərrəmlinin rəhbərliyi altında çox fəal iş aparır. Küçə adları, reklamlar üzərində iş gedir. Artıq Bakının Nəsimi rayonunda işlər başa çatmaq üzrədir. Bakının rayonlarında iş bitdikdən sonra bölgələrdə belə monitorinqlərə başlanacaq. Eyni zamanda, ayrı-ayrı şəhərlərdən, Sumqayıtdan, Gəncədən küçə və yer adları ilə bağlı bizə siyahılar gəlir. Biz də onları nəzərdən keçirib, orfoqrafiyasını düzəldib geri qaytarırıq. Küçə adları, reklamlar Azərbaycan dilində olmalıdır. Ölkəyə gələn qonaq Azərbaycanda olduğunun fərqinə varmalıdır. Biz demirik ki, ingilis dilində reklam olmasın. Reklam Azərbaycan dilində iri hərflərlə yazılmalıdır, ondan sonra kiçik hərflə ingilis dilində qarşılığı verilməlidir. Monitorinq şöbəsinin əməkdaşları demək olar hər gün dayanmadan çalışırlar. Bundan başqa, Azərbaycandakı yer və insan adlarının rus və ingilis dillərinə transliterasiyası sahəsində də iş gedir. Məsələn, rusca "Мардакян" yazılır. Burada "yan"-a nə ehtiyac var? Deyilişdə Azərbaycan tələffüzü hiss olunmalı, qalmalıdır. Yaxud "oqlı" deyilir. Rus dilində "u" hərfi var axı, qoy elə "oqlu" yazılsın də. Digər tərəfdən, bizim institutda kompüter dilçiliyi şöbəsi yaradılıb. Bu şöbədə indiyəcən fərli bir iş görülməyib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan ora insanlar cəlb etmişik. Bizim İnstitutun hazırladığı kitabların, lüğətlərin elektron variantları hazırlanmalıdır. Artıq bir qrup ayırmışıq, kitabların elektron variantı hazırlanır. Dövlət Proqramının icrası ilə bağlı əsas yük monitorinq və kompüter dilçiliyi şöbələrinin üzərinə düşür.
- Dil qüsurları olmayan yerlərdə hər hansı mükafat vermək planınız var?
- Dediyim kimi, artıq Nəsimi rayonunda işlər başa çatmaq ərəfəsindədir. Bütün ölkədə bu iş başa çatandan sonra müsabiqə elan edəcəyik. Rəhbərlik etdiyi rayonun ərazisindəki küçə adlarında, reklamlarda dil qüsuru olmayan icra başçılarına mükafat verəcəyik. Belə bir nümunə Türkiyədə var. Mən Türkiyədə səfərdə olan zaman bir bələdiyyə başqanına belə bir mükafat verilmişdi. Belə olan təqdirdə, digər icra hakimiyyətləri də nəticə çıxaracaqlar.
- Dialektoloji atlasların hazırlanması istiqamətində hansı işlər aparılır?
- Dialektoloji atlasların hazırlanması da Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında əks olunub. Dialektoloji ekspedisiyaların təşkili, dialekt materiallarının toplanması, bu gün üçün çox vacib məsələdir. Bizim rayonlarımız işğal altındadır, insanlarımız qaçqın həyatı yaşayır. Dialektin də ədəbi dillə əlaqəsi olmur, köhnəlir, dildən çıxır, işlənmir və sair. Qarabağdan qaçqın düşən insanlar respublikanın müxtəlif rayonlarında məskunlaşıblar. Biz bu gün onları yığıb toplamasaq gələcəkdə çətin olacaq. Bu gün dialekt xüsusiyyətləri itir. Öz rayonumuzla bağlı bir məsələni qeyd etmək istəyirəm. Mənim qohumlarım Şamaxıda məskunlaşıblar. Qohumumun 12 yaşlı övladı Şamaxı dialektində danışır. O, mənim kəndimin şivəsində danışmır... Biz birinci "Naxçıvan Muxtar Respublikasının dialektoloji atlası"-nı hazırlamışıq. Bu günə, sabaha çap olunacaq. Növbəti planımızda Qarabağ dialektoloji atlasını hazırlamaq dayanır. Həm atlas, həm dialektoloji lüğət hazırlanacaq, həm də apardığımız tədqiqatlar monoqrafiya formasında çap olunacaq. Daha sonra Dərbənd dialektoloji atlasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Əslində Dərbənd dialekti çap olunub. Amma biz atlas da hazırlayacağıq. Həm də dəqiqləşdirmələr aparmalıyıq. Eləcə də Borçalı, Cənubi Azərbaycan dialektoloji atlasları da hazırlanacaq. Cənub şivələri bizdə ümumiyyətlə, işlənməyib. Bir dilçimiz cənubda işlənən toponimlərdən yazıb. Sonra bir nəfər də Təbriz şivələrini yazıb. Amma o, radiodan eşitdiklərinin, kitabdan oxuduqlarının əsasında Təbriz dialektini yazıb. Xüsusən yaşlı insanların, yaşlı qadınların dilindən materiallar toplanmalıdır. Bunun metodikası belədir. İlk dəfə bu işi həyata keçirəcəyik. Bizim orada ayrı mövzularda müdafiə edən dissertantlarımız var. Onlarla da əlaqə yaratmışıq, bizə material toplayırlar.
- Dilçilik İnstitutunun "Qaynar xətt"-i nə vaxt tam şəkildə işə düşəcək?
- Mən sizin vasitənizlə çox hörmətli akademik, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkür edirəm. Bu məsələ ilə bağlı ona müraciət etdim. "Qaynar xətt"-in bütün xərcini öz üzərinə götürdü. Artıq nömrə verilib və bu istiqamətdə iş gedir. "Qaynar xətt" monitorinq şöbəsinin bel sütunu olacaq. Bu çox vacib məsələdir. Vətəndaşların dil məsələsinə nəzarəti kütləviləşəcək. Hamı küçədə dillə bağlı bir qüsur görən kimi "Qaynar xətt"-ə zəng edib xəbər verəcək. Bu ayın axırına kimi, biz "Qaynar xətt"-i tam istifadəyə verə biləcəyik.
- Rəsmi üslubun səviyyəsindən razısınızmı?
- Bu gün bizim prezidentimiz Azərbaycan dilində görün necə gözəl danışır. O, rusca da belə çıxış edir. İlham Əliyev ibtidai, orta və ali təhsilini rusca alıb. Nəriman Nərimanov deyirdi ki, rusca 3-5 kəlmə danışmaqla millətin dərdinə çarə tapa bilməzsən. Millətin dərdinə çarə tapmaq üçün gərək millətin dilini biləsən. Çünki millətin dili onun psixologiyasıdır, adət-ənənəsidir. Millətinin dilini bilməyən adam onun qayğısına qala bilməz. Təbii ki, rəsmi üslubda şablon olmalıdır. Amma o şablon nə qədər vacib olsa da, dinləyicini yorur. Orada obrazlı ifadə işlətməlisən, arada bir "Yeri gəlmişkən" ifadəsindən istifadə edilməlidir. Prezident bir dəfə çıxışında dedi ki, "Erməninin ağlı özünə getməsin, günü harada xoş keçir, oranı vətən hesab edir. Biz bilirik vətən nə deməkdir, ona görə də vətənin hər qarışı uğrunda mübarizə aparacağıq". "Erməninin ağlı özünə getməsin" ifadəsi rəsmi üslub deyil. Amma prezident bu ifadəni işlədib. Bu həmin üslubu kütləviləşdirir, yapışıqlı edir.
- Bu gün həm də Azərbaycan dilinə yad dillərdən çoxlu sözlər daxil olur...
- Bu çox dəhşətli məsələdir. Başqa dillərdən gələn sözlərlə dilimizi zibilləyirlər. Təsəvvür edin, dilimizdə mövcud olan sözün əvəzinə əcnəbi dildəki sözü işlədirlər. Bunlara ehtiyac yoxdur! Dil özü zamanla bu sözləri vurub çıxaracaq. Bu gün bir mətndə o qədər rus və Avropa sözlərindən istifadə edirlər ki, heç Füzulibu qədər ərəb-fars sözü işlətməyib. Əsas lüğət fondu var ki, qədimdən dilin özəyi olan sözlər bura daxildir. Onlar min illərdir dəyişmir. Məsələn, ata, ana, get, gəl sözləri. Bir də lüğət tərkibi var. Vaxtilə kolxoz, pioner sözlərinə neologizm deyirdik. İndi isə heç biri işlənmir. Zaman onları vurub atdı dilimizdən. Eyni zamanda, Türkiyə türkcəsindən sui-istifadə halları var. Bu gün türkiyəli tələbə Yunus Əmrəni, Qaracaoğlanı oxuyub başa düşmür. Çünki Türkiyə türkcəsinə o qədər söz daxil olub ki... Amma bizim oxucu Yunus Əmrəni oxuyub anlayır. Çünki bizdə dil ənənəsi qorunub saxlanır.
- Sizin institutda mütəmadi olaraq mərhum xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili problemi ilə bağlı tədbirlər keçirilir. Bəs bu gün gənc şair və yazıçılar yaradıcılıqlarında ana dili məsələsinə nə dərəcədə diqqətlidirlər?
- Bu çox maraqlı məsələdir. Düzü mən sovet vaxtında cavanları oxuyanda ətim ürpəşirdi. Bəxtiyar Vahabzadə universitetdə mənə dərs deyib. O, deyirdi ki, cavanlıqda şeir yazıb Yazıçılar İttifaqına aparanda bizə ana dilini öyrənməyi məsləhət görürdülər. Biz də fikirləşirdik ki, necə yəni ana dilini öyrənək? Axı biz ana dilində danışırıq, ana dilində yazırıq. Bəxtiyar müəllim deyirdi ki, on ildən sonra başa düşdüm onlar nəyi demək istəyirmişlər. Ana dilində nə gəldi yazmaq olmaz. Ana dilinin bədiiliyini, emosiyasını gərək qavrayasan. İndi "Ədəbiyyat" qəzetində cavanların yazılarını oxuyuram, mənə ləzzət verir. Dilimizdə təzə təşbehlər yaranır. Gənclərin dillərindən razıyam. Çünki bədii əsəri oxutduran dilidir, süjeti nə qədər gözəl olsa da. Süleyman Rəhimov elə hey "Şamo" romanının dilinin üzərində işləyirdi. Dil işlənməlidir ki, zənginləşsin. İndi bədii ədəbiyyat oxunmur. Hamı seriallara baxır. Amma hamı informasiya almaq məcburiyyət qalıb qəzet oxuyur. Bu gün publisistika həm Azərbaycan ədəbi dilini yaxşı mənada təbliğ edir, həm də pis mənada Azərbaycan ədəbi dilini korlayır. Bayaq dediyim kimi, əcnəbi sözlərdən istifadə edirlər.
- Orta məktəb dərsliklərinin monitorinqi nə vaxt aparılacaq?
- Bu məsələ də diqqətimizdədir. Bu işi mütləq həyata keçirəcəyik. Dərsliklərin dili çox qüsurludur. "Ana dili" dərsliyində, ana dilindən başqa hər şey var.