ABŞ-nin yeni təhlükəsizlik strategiyası: Ukraynanın gələcəyi necə dəyişir? Müsahibə

ABŞ-nin yeni təhlükəsizlik strategiyası: Ukraynanın gələcəyi necə dəyişir?

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının açıqlanması Ukrayna ətrafında gedən danışıqlara tamam fərqli dinamika gətirib. Vaşinqtonun prioritetləri yenidən dəyərləndirməsi, NATO-nun genişlənməsinə dair ehtiyatlı mövqe sərgiləməsi və Rusiya ilə dialoqa daha çox yer ayırması Kiyevin gələcək planlarını ciddi şəkildə çətinləşdirə bilər. Hazırkı strategiya Ukraynanın alyansa üzvlüyünü yaxın perspektivdən kənarlaşdırmaqla yanaşı, müharibənin taleyində ABŞ-nin birbaşa deyil, dolayı mövqedən çıxış edəcəyini göstərir.
Bununla yanaşı, sənəddə “Ukrayna müharibəsi” ifadəsinin işlədilməsi və münaqişənin Vaşinqton–Moskva formatında tənzimlənə biləcəyi barədə qeydlər Kiyevin prosesdən kənarlaşdırılması riskini artırır. Bütün bunlar ABŞ-nin qlobal siyasətdə yeni güc bölgüsü yaratmağa çalışdığı dövrdə baş verir.

Xalqcebhesi.az məsələni politoloq Züriyə Qarayeva ilə müzakirə edib.

– Yeni təhlükəsizlik strategiyası ABŞ-nin Ukrayna siyasətində hansı əsas dəyişiklikləri göstərir?

Yeni strategiya Vaşinqtonun Ukrayna məsələsinə əvvəlki qədər hərbi-siyasi prioritet ayırmaq istəmədiyini göstərir. Bu sənəd ABŞ-nin qlobal yükü təkbaşına daşımaqdan yorulduğunu və daha çox regional müttəfiqlərə məsuliyyət ötürmək istədiyini göstərən siqnaldır. Ukrayna məsələsinin sənəddə daha yumşaq tonla qeyd edilməsi də göstərir ki, bu münaqişə ABŞ üçün strateji deyil, taktiki məsələ kimi qəbul edilir. ABŞ Rusiya ilə münasibətləri tam qarşıdurma xəttində saxlamağın risklərini anlayır və buna görə dialoqa daha geniş yer açır. Bu yanaşma Ukraynanın təhlükəsizlik planlarını yenidən qurmağa məcbur edəcək. Vaşinqtonun prioritet yön dəyişməsi Kiyevin bütün qərarlarını təkbaşına qəbul etməsinə daha az imkan yaradır.

– NATO-ya üzvlük perspektivinin zəifləməsi Kiyevin daxili siyasi balansına necə təsir edə bilər?

NATO xəttinin dondurulması Ukrayna hakimiyyəti üçün ciddi psixoloji və siyasi zərbədir. Çünki uzun illər Kiyev təhlükəsizlik strategiyasını məhz alyansa inteqrasiya üzərində qurmuşdu. Perspektivin uzanması cəmiyyət daxilində narazılıq yarada və hökumətin legitimlik yükünü artıra bilər. Bundan əlavə, müharibə şərtləri fonunda alternativ təhlükəsizlik mexanizmlərinin olmaması qərarvericiliyi çətinləşdirir. Daxili siyasi qruplar da bu vəziyyətdən istifadə edərək hakimiyyətə təzyiqi artıra bilər. Nəticədə NATO məsələsində səslənən qeyri-müəyyənlik Kiyevin həm cəbhədəki, həm də siyasi masadakı mövqeyini zəiflədə bilər.

– ABŞ-nin Rusiya ilə dialoqa üstünlük verməsi Ukraynanın danışıqlardakı mövqeyini necə dəyişə bilər?

Vaşinqtonun Moskva ilə əlaqələri normallaşdırmaq istəyini açıq şəkildə qeyd etməsi Ukraynanı prosesdə daha zəif tərəfə çevirə bilər. Bu yanaşma Rusiya üçün əlavə diplomatik imkanlar yaradır, çünki ABŞ artıq açıq qarşıdurmada maraqlı deyil. Ukrayna isə bu formatda öz sözünü tam ifadə edə bilməyə bilər və danışıqların konturunda kənarda qalma riski artır. Ən böyük təhlükə budur ki, ABŞ münaqişənin yekunlaşdırılmasını regional sabitlik kontekstində prioritetləşdirə bilər, bu isə Kiyevin maraqlarını tam əks etdirməyə bilər. Rusiya ABŞ-la birbaşa dialoqu öz xeyrinə yönəltməyə çalışacaq. Ukrayna daxilində isə belə bir ssenari həm siyasi qütbləşməni gücləndirə, həm də hökumətin qərarvermə imkanlarını məhdudlaşdıra bilər.

– ABŞ daxilində Ukrayna ilə bağlı ziddiyyətli mesajlar verilir. Bu, strateji xəttin hansı istiqamətə dəyişə biləcəyinə işarədir?

ABŞ-də Ukrayna siyasətinin iki paralel xətt üzrə hərəkət etdiyi müşahidə olunur: biri maliyyə və hərbi yardımın azalması fonunda məsuliyyəti Avropaya ötürmək istəyir, digəri isə Rusiyanı Çindən uzaqlaşdırmaq üçün müəyyən yumşalma xəttinə üstünlük verir. Bu ziddiyyət Vaşinqtonun bütövlükdə xarici siyasətdə yenidən tənzimləmə mərhələsində olduğunu göstərir. Ukraynaya ayrılan yardım paketinin miqyasının azalması ABŞ-nin Kiyevi uzunmüddətli prioritet kimi görmədiyindən xəbər verir. Eyni zamanda, korrupsiya iddialarının gündəmə gətirilməsi Ukraynanın siyasi mövqeyini zəiflədən mexanizmə çevrilə bilər. Vaşinqtonun gələcək siyasəti böyük ehtimalla daha soyuq və daha praqmatik forma alacaq. Bu isə Ukraynanı həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində daha çətin mərhələyə aparır.

Röya İsrafilova