“Biz torpaqlarımızı işğaldan azad edəcəyik” Siyasət

“Biz torpaqlarımızı işğaldan azad edəcəyik”

Elman Məmmədov: "Azərbaycan xalqının, dövlətinin bu işi görmək üçün kifayət qədər gücü var"

"İsa Qəmbərin fikri kökündən yanlışdır. Çünki Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. O cümlədən bugünki cinayətkar hərbi xuntanın idarə etdiyi Ermənistan dövləti də tarixi Azərbaycan torpaqlarında yaradılıb". Bunu millət vəkili Elman Məmmədov İsa Qəmbərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının mümkün olmaması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
"Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının iradəsini birmənalı olaraq həmişə çox düzgün və dəqiq cəsarətlə ifadə edib ki, "biz torpaqlarımızın bir qarışını da işğal altında qoyamayacayıq və heç kimə də güzəştə getməyəcəyik". Yəni bu o deməkdir ki, biz topaqlarımızı işğaldan azad edəcəyik. Beləcə bizim üçrəngli bayrağımız o torpaqlarda dalğalanacaq və ərazi bütövlüyümüz təmin olunacaq. Bunu həm Azərbaycan xalqı, həm də onun rəhbəri cənab İlham Əliyev belə düşünür"- deyə, millət vəkili qeyd edib.
Elman Məmmədov əlavə edib ki, əgər Azərbaycan xalqının içərisində tək-tək müəyyən insanlar ümidsizliyə qapılıblarsa, bu onların öz işidir: "Ancaq mən bir Azərbaycan vətəndaşı kimi belə fikirləşirəm ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan xalqının, dövlətinin bu işi görmək üçün kifayət qədər gücü, iradəsi, cəsarəti var. Biz bunu sübut edəcəyik. Qoy, kim nə cür fikirləşir fikirləşsin, bu, onun öz işidir. Bu gün ölkə Prezidentinin apardığı siyasət, gördüyü işlər birbaşa buna yönəlib. İsa Qəmbər kimilər nə düşünürlərsə, bu onların əqidəsi, fikri və ümidsizliyidir".