“Azərbaycanda hər hansı bir sünni-şiə qarşıdurması mümkün deyil” Siyasət

“Azərbaycanda hər hansı bir sünni-şiə qarşıdurması mümkün deyil”

Vüqar Zifəroğlu: "Məzhəb qarşıdurmalarının mümkünlüyü kifayət qədər tolerant ölkə olan Azərbaycanda mümkünsüzdür"

"Son illərdə Yaxın və Orta Şərqdə cərəyan edən hadisələrin coğrafiyasının genişləmə ehtimalı hər zaman vardı və nəhayət gərginlik digər bölgə dövlətlərinə də sıçradı. Son zamanlarda bölgədə İran-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik artır. Gərginliyin səbəbi S. Ərəbistanın şiə din alimi Nimra an-Nimranın edam edilməsi kimi görünsə də, əslidə bu deyil, əsl səbəb Suriya və bölgəyə nəzarət uğrunda gedən geosiyasi mübarizədir". Bunu Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib. Onun sözlərinə görə, məzhəb ayrılığının bu münaqişədə ön plana çıxarılması da ayrı bir taktikadır, bu, dini duyğuların qabardılması ilə tərəflərin müttəfiq arayışından başqa bir şey deyil: "Əslində Səudiyyə Ərəbistanı Suriyada Bəşər Əsəd rejiminin devrilməsini istəyir, İran isə hər vəchlə buna qarşı çıxır və Rusiya ilə birlikdə hərəkət edir. Bəzi təhlilçilər İŞİD terror təşkilatının S. Ərəbistanı tərəfindən dəstəkləndiyii bildirirlər, bu müəyyən qədər doğrudur, amma maraqlı olan S. Ərəbistanın bölgədə terrorizmə qarşı mübarizədə İslam koalisiyasını qurmağa çalışmasıdır. Bölgədə yaşanan gərginlik və İran- S. Ərəbistanı böhranının dinamikası yüksələn xətt üzrə inkişaf edir. Tərəflər böhrana soyuqqanlı münasibət göstərməsələr, bunun silahlı münaqişəyə dönmə ehtimalını diqqətdən qaçırmaq olmaz. Ümumən Yaxın və Orta Şərqdə yaşanan təhlükəsizlik problemi hələlik bölgəmizə birbaşa deyil, dolayısı ilə təsir edir. Ancaq İran-S. Ərəbistanı arasında gərginlik artaraq hərbi əməliyyatlar ilə nəticələnərsə bu zaman vəziyyət əlbəttə ki, dəyişir". O əlavə edib ki, ümumiyyətlə, son illərdə Yaxın və Orta Şərqdə yaşanan siyasi və təhlükəsizlik böhranı coğrafiyasını genişləndirir: "Belə davam edərsə və İran-S. Ərəbistanı böhranı nümunəsində olduğu kimi problemin əsl mahiyyətini kənarda qoyub, məzhəb qarşıdurması olduğu ön plana çıxarılarsa, bu zaman bölgəmiz üçün müəyyən real təhdidlər ortaya çıxa bilər".
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirdi ki, İran-Ərəbistan qarşıdurması əslində məzhəb pərdəsi ilə örtülmüş iki bölgəsəl gücün liderlik uğrunda çarpışmasıdır və birmənalı olaraq demək mümkündür ki, bu rəqabətin kökü çox qədimdir. O dedi ki, son proseslərlə əslində biz, Yaxın Şərqdə bir tərəfdən İranın Səudiyyə Ərəbistanını hədəf alan şiə mərkəzli bir siyasət izləməsini, digər tərəfdən də buna paralel olaraq Səudların liderliyində İranı hədəf alan sünni mərkəzli bir başqa mərkəzin formalaşdırılmasının şahidi olduq: "Əgər Aralıq Dənizinin şərqinə açılan bir "İran koridoru"ndan söz edildiyi, İraqın Tehranın nəzarətində olduğu, İranın İraqda və Suriyada hərbi varlığı, İranın Livanda "Hizbullah"ı Suriya üzərindən ayaqda saxladığı və "İran koridoru" ilə Livanın İranın Aralıq Dənizinin şərqinə açıla bilmək strategiyasının parçaları olduğu diqqətə alınarsa, həm İranın Suriyadan vaz keçməyəcəyi, həm də Əsədin asanlıqla iqtidardan getməyəcəyi nəticəsinə gəlmək olar ki, bu da Səudiyyə-İran qarşıdurmasının ən önəmli nöqtələrindən biridir."
V. Zifəroğlu qeyd etdi ki, münasibətlərin kəskinləşməsi nəinki qonşu ölkələrə, həmçinin bütünlükdə bölgəyə və İslam coğrafiyasına, o cümlədən də Qafqaza öz təsirini göstərə bilər: "Məsələ bundadır ki, münasibətləri kəskinləşən hər iki ölkə, öz geosiyasi hədəflərinə çatmaq üçün məzhəbsəl mənsubiyyəti qabardırlar ki, bu da olduqca təhlükəlidir və əslində öz təsirini başqa bölgələrə də yayır. Məsələn, hazırda Bəhreyn və Yəməndə baş verən hadisələr bunun əyai sübutudur."
O sonda vurğulayıb ki, proseslər eyni zamanda neftin qiymətinə də öz təsirini göstərə bilər. Hər halda bu qiymətin düşəcəyini proqnozlaşdırmaq mümkündür və hadisələrin ilk əvvəlində neftin qiymətinin nisbətən qalxması əslində müvəqqəti xarakter daşıyırdı: "Nəzərə alsaq ki, Bəsrə körfəzi ölkələri ən böyük neft ixracatşıları olaraq Səudiyyə Ərəbistanını dəstəkləyirlər, o zaman bu qiymətlərin hələ oynayacağını söyləmək mümkündür".
O, həmçinin "hesab etmirəm ki, Azərbaycanda hər hansı bir sünni-şiə qarşıdurması mümkün olsun", - deyə bildirdi: "Bunun iki səbəbi var. Birinci səbəb Azərbaycanın özü ilə bağlı məqamdır. Biz, dünyəvi dövlətik və məzhəb qarşıdurmalarının mümkünlüyü kifayət qədər tolerant ölkə olan Azərbaycanda mümkünsüzdür. Dini dəyərlərin qorunması ilə yanaşı, ölkəmizdə dini maariflənməyə də son zamanlarda ciddi önəm verilir və bu, məzhəb qarşıdurması kimi neqativ proseslərin ölkəmizə sıçramasının qarşısını alır. İkinci səbəb münaqişə edən tərəflərin, yəni İran və Səudiyyə Ərəbistanının özü ilə bağlıdır. Birmənalı şəkildə vurğulanmalıdır ki, nə İran İslam dünaysındakı şiə icmasının, nə də Səudiyyə Ərəbistanı sünni icmasının təmsilçiləri olaraq onların adından söz demək huququna malikdirlər. Bu iki dövlətin qarşıdurması hər nə qədər manipulyativ şəkildə məzhəb qarşıdurması adı ilə təqdim edilsə də, Yaxın Şərqin iki aparıcı ölkəsinin liderlik uğurunda geosiyasi qarşıdurmasl kimi qiymətləndirilməlidir. Hər iki dövlət öz siyasi hədəflərini gerçəkkləşdirmək üçün üz-üzə gəlməkdədirlər və bunun sırf məzhəb qarşıdurması kimi xarakterizə edilməsi nəinki yanlışdır, hətta həqiqətlərin təhrif edilməsi ilə yanaşı həm də təhlükəlidir"

Əli