“Minsk qrupu çoxdan ləğv olunmalıdır” Siyasət

“Minsk qrupu çoxdan ləğv olunmalıdır”

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünün müsbət səpkilərdə olacağı gözlənilmir. Çünki indiyədək keçirilən görüşlərdə Ermənistan tərəfi bunun üçün addım atmayıb". Bu fikirləri politoloq Rüstəm Məmmədov deyib.
Politoloqun fikrincə, Ermənistan danışıqlara hazır deyil.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu görüşü təşkil etməkdə məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllindəki təşəbbüsü Rusiyanın əlindən almaqdır: "Bundan əlavə, illərdir münaqişənin həllində səy göstərməyən Minsk qrupu cəbhədəki gərgin vəziyyətdən istifadə edərək məsələnin həllinə çalışdıqlarını göstərməyə çalışır. Əslində ATƏT-in Minsk qrupu çoxdan ləğv olunmalıdır".
ATƏT-in Minsk qrupunun münaqişənin dondurmağa çalışdığını deyən Rüstəm Məmmədov söyləyib ki, həmsədrlər problemin həllində status-kvonu saxlamaqla ermənilərə kömək etmək istəyir: "Çünki, münaqişənin dondurulmuş vəziyyətdə qalması Ermənistan tərəfinin xeyrinədir".
Ermənistanın son dövrlərdə Azərbaycana qarşı təxribatlarının artdığını deyən Rüstəm Məmmədov söyləyib ki, belə davam edərsə, vəziyyət gərginləşə bilər: "Azərbaycan bu məsələdə öz sözünü deyib. Lakin belə davam edərsə, növbəti müharibə başlaya bilər".