Milli Şura üzvündən İsa Qəmbərə ağır ittiham Siyasət

Milli Şura üzvündən İsa Qəmbərə ağır ittiham

"4 iyun Gəncə qiyamını bəhanə edib milli azadlıq hərəkatını, onun lideri Əbülfəz Elçibəyi hədəf seçənlərin savadsız, məntiqsiz və qərəzli mövqelərinə qarşı umduğum bəzi məsul şəxslərin danışmasını zaman-zaman xahiş və bəzi hallarda isə tələb etdim".
Bu fikirlər Milli Şuranın üzvü Ədalət Yusifova məxsusdur. Yusifov bu fikirlərini sosial şəbəkədə yazdığı statusunda ifadə edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İsa Qəmbərə qarşı ittiham irəli sürüb, onu ciddi tənqid edib.
O, qeyd edib ki, indiyə qədər ən çox danışmasını istədiyi siyasətçi Müsavat Partiyasının sabiq başqanı, Elçibəy hökumətində parlamentin sədri vəzifəsini daşıyan İsa Qəmbər olub: "Və İsa Qəmbər danışdı. Danışığında iki əsas prinsipial məsələyə toxundu. Qalan danışdıqlarının hamısı "təfərrüatlar" oldu.
Bu yazımda təfərrüatlardan danışacağam. Çünki o, təfərrüatlar İsa Qəmbərin qeyd etdiyi prinsipial məsələlərin əsasını təşkil edir və çox ciddi siyasi əhəmiyyətə malikdir. Özünün Ali Sovetin sədrliyindən istefa verməsi məsələsinə toxunan İsa Qəmbər deyib ki, onun istefası hakim komandanın gəldiyi yekun rəyin nəticəsində reallaşıb. Təfərrüatlarda qeyd olunan çox ciddi bir məqam da diqqət çəkir. İsa Qəmbər qeyd edir ki, mən Ali Sovetin sədri seçiləndə Əbülfəz Elçibəyə demişdim ki, siz tələb etdiyiniz istənilən vaxt tutduğum vəzifədən istefa verməyə hazıram. Və istefasında dolayısı ilə bu məsələyə işarə edir. Düşünürəm ki, mövqeyi dolayısı ilə deyil, birbaşa ifadə etmək daha doğru olmazdımı? Hədəf onsuz da hər kəsə açıq-aşkar bəllidir.
"Təfərrüatlarda" ikinci çox ciddi bir məqam. "Mən qiyamın yatırılmasının tərəfdarıydım". Sual olunur, necə? Sizin bu istəyinizin reallaşmasına kimlər mane oldu? Bir illik hakimiyyət dövründə əlinin üstündə əl, sözünün qarşısında söz olmayan İsa Qəmbər nədən bunu etmədi, əvəzində istefa verməyə razılaşdı? Şəxsən mənim üçün çox maraqlıdır. İsa Qəmbər məsələyə bu gün münasibət bildirənlərin hamısını o, zamanın qəhrəmanları kimi özlərini təqdim etdiklərinə təəssüfləndiyini bildirir. 4 iyun qiyamından sonra Milli Məclisin ilk sessiyasına baxdım. Bütün hakimiyyət nümayəndələrinin o, cümlədən İsa Qəmbərin də siyasi, psixoloji məğlub durumları ürək ağrıdırdı. Bu cür psixoloji şok vəziyyətində qiyam yatırılmır, İsa bəy.
Təbii ki, hamı o günün qəhrəmanı olmaq istərdi. Hər şeyə görə çox təəssüf...".