“Prezidentlərin Bakı zirvə görüşü tarixdə yeni bir səhifə açdı” Siyasət

“Prezidentlərin Bakı zirvə görüşü tarixdə yeni bir səhifə açdı”

Aydin Mirzəzadə: "Yeni üçtərəfli format xalqların rifahına, sülhün bərqərar olmasına, sabitliyin qorunmasna və s. xidmət edəcək"

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən zirvə görüşü tarixdə yeni bir səhifə açdı. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir, regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, eyni zamanda, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq.
Deputat qeyd edib ki, hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdirlər: "Bu üç dövlət tarixən bir-birinə yaxın olan və qonşuluq münasibətlərini yüksək qiymətləndirən ölkələr olub. Azərbaycan həmişə çətin dövrlərdə Rusiya və İranın yanında olub. Vaxtilə İrana və Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsinə öz qəti etirazını bildirib. Hazırda da hər iki ölkə ilə münasibətləri yüksələn xətt ilə inkişaf edir".
A.Mirzəzadə həmçinin vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və üç ölkə başçısının iştirakı ilə Cənubdan Şərqə qədər böyük bir nəqliyyat dəhlizinin qurulması barədə razılığa gəlindi: "Bu nəqliyyat dəhlizinin yaradılması Rusiya və İran bazarlarının bir-birinə yaxınlaşmasına kömək edəcək. Azərbaycandan keçmədən digər bir yolla bu iki ölkənin əlaqə saxlaması böyük iqtisadi, coğrafi çətinliklər yaradır. Eyni zamanda, bu yolla İran məhsulları Avropa bazarına, Rusiya məhsulları isə Asiya bazarına asanlıqla çıxa bilər".
Deputat bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təkcə iqtisadi deyil, eyni zamanda siyasi əhəmiyyəti var: "Çünki nəqliyyat dəhlizi özünün ardınca onlarla digər sahənin inkişafına, humanitar əlaqələrin güclənməsinə və dəhlizin işləməsi üçün siyasi sabitliyin, mehriban qonşuluq siyasətinin yaranmasına gətirib çıxarır".
A.Mirzəzadə bildirib ki, gələcəkdə digər ölkələr də bu layihəyə qoşulmaqda maraqlı ola bilər: "Türkiyə, Pakistan, Hindistan və digər ölkələr də gələcəkdə bu layihədə iştirakları barəsində artıq indidən fikirlərini bildiriblər".
A.Mirzəzadə vurğulayıb ki, ümumi götürdükdə, bu yeni üçtərəfli format xalqların rifahına, sülhün bərqərar olmasına, sabitliyin qorunmasna, ölkələr arasında və regionda iqtisadi əməkdaşlığın daha da güclənməsinə, ticarət dövriyyəsinin artmasına və digər sahələrdə əlaqələrin inkişafına xidmət edəcək.