“Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkədir” Siyasət

“Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkədir”

Eldar İbrahimov : "Bu, qeyri-neft sektorunun inkişafına zəmin yaradır"

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət tədbirləri və davamlı islahatlar, mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərni gücləndirib. Respublikamızda davam edən inkişaf dinamikası ilin əvvəllərindən başlayaraq hər ay artım tempi ilə müşahidə olunur. Təsadüfi deyil ki, cari ilin altı ayında Azərbaycanda iqtisadi inkişaf xeyli yüksəlib. İlin birinci yarısında qeyri-neft sektorunda baş verən artım neft sektorunu üstələyib. Bu isə o deməkdir ki, Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəli olsa da qeyri-neft sektorunun inkişafına xüsusu diqqət yetirilir. Daha dəqiq, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdən hesab edilir. Sirr deyil ki, Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bugünkü reallıqları təmin edir. Hazırda əsas məqsəd neft amilindən uğurla istifadə edərək, Azərbaycan iqtisadiyyatının bütün sahələrini inkişaf etdirməkdir. Göründüyü kimi, artıq bu məqsədə nail olunub. Son illərdə ölkədə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı yönündə atılan addımlar bu reallığı təmin edib. Onun nəticəsidir ki, son illər iqtisadi böhranın dünyada gedən proseslərə çox güclü təsir göstərməsinə və neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf baxımından yüksək göstəricilər əldə olunub. Bu isə ölkənin iqtisadi təhlükəsizliyini daha da möhkələndirir. Məlum olduğu kimi qeyri-neft sahəsinin inkişafını təmin edən faktorlardan biri də bu sahəyə yatırımların yönəldilməsidir. Azərbaycanda da bu proses uğurla davam edir. Hətta bütün dünyada maliyyə axınlarının kəskin azaldığı bir dövrdə belə, Azərbaycana xaricdən gələn investisiyaların həcmi artmaqda davam edir. Bu, ölkədə son dərəcə əlverişli investisiya iqliminin mövcudluğunu göstərir. Məhz həyata keçirilən siyasətin nəticəsidir ki, ölkədə özəl sektorda fəaliyyət göstərən şirkətlər getdikcə güclənirlər. Bu işdə Azərbaycan dövləti də öz dəstəyini əsirgəmir. Bu göstəricilər rəqəmlər həm də onu dəlalət edir ki, ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə qorunur. Azərbaycan investisiyaların qorunması baxımından olduqca etibarlı ölkədir.
Millət vəkili, Milli Məclisin Aqra siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, son illər dünyada mürəkkəb proseslər baş verir. Qlobal proseslər fonunda milli dövlətlər üçün yeni çağırışlar yaranıb. Belə ki, neft ixrac edən ölkələrdə neftdən daxil olan gəlirlərin azalması səbəbindən iqtisadiyyatda digər sahələrin daha da inkişafını zəruri edir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir: "Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının belə perspektivli istiqamətlərindən biri aqrar sektordur. Respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Eyni zamanda, dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir. Məlum çətinliklərlə müşayiət olunan cari ilin birinci yarısında kənd təsərrüfatında 3 faizdən çox artıma nail olunması deyilənlərin təsdiqidir". Millət vəkili Azər Badamov isə qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının əsas göstəricilərindən biridir: "Regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda əsas məsələlərdən biri xarici ölkələrdə Azərbaycan malları üçün uyğun bazarlar tapmaqdır. Yəni, biz artıq idxaldan asılı dövlət deyilik, özümüzü lazım olan ərzaq və qeyri-ərzaq məhsulları ilə kifayət qədər təmin edə bilirik. Eyni zamanda, Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkələrdən biridir. Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq".