Petrosyanın Qarabağla bağlı “daha pis olacaq” mesajı... Siyasət

Petrosyanın Qarabağla bağlı “daha pis olacaq” mesajı...

Yerli siyasilər eks-prezidentin fikrinə münasibət bildiriblər

Petrosyan bilir ki, Azərbaycanla dil tapmaq üçün Ermənistan müəyyən kompromis xarakterli addımlar atmalıdır.
Bu sözləri eks-dövlət müşaviri Qabil Hüseynli Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın çıxışını şərh edərkən söyləyib. Petrosyanın bölgədəki vəziyyəti anladığını bildirən politoloq onun İrəvanı yaranan situasiyadan çıxarmaq üçün yollar axtardığını qeyd edib. Ermənistan mətbuatında Petrosyanın çıxışından sonra Sərkisyan tərəfdarlarının və hətta ona müxalif olan qrupun Petrosyana hücumunu şərh edən ekspert bunu seçkiqabağı kampaniyanın tərkib hissəsi adlandırıb:
"Xocalı soyqırımında əli olan Qarabağ klanı hakimiyyəti əldə saxlamaq və daha modern siyasətçiləri gözdən salmaq üçün bu kampaniyaya başlayıblar. Levon Ter-Petrosyan Madrid prinsiplərinə söykənərək mərhələli həll planını gündəmə gətirir və bildirir ki, bu, indiki şəraitdə daha real və həyata keçməsi mümkün olan variantdır. O, yalnız bir məsələni – Qarabağın statusunun müəyyənləşdirilməsinin sona saxlanılmasını təklif edir. Hay-küy bunun ətrafındadır. Petrosyanın satqınlıq etdiyi deyilir. Halbuki, Petrosyanın dövründə Ermənistan cəmiyyəti daha optimal və daha realist həll variantına səs vermək fikrində idi. Sadəcə olaraq Petrosyanı devirdilər və onun bu niyyəti baş tutmadı. 1999-cu ildə Petrosyanın söylədikləri gündəmdə idi və danışıqların əsas mövzusunu təşkil edirdi. Bu adam bilir ki, Azərbaycanla dil tapmaq üçün Ermənistan müəyyən kompromis xarakterli addımlar atmalıdır".
Sərkisyanın Petrosyan faktorundan qorxduğunu söyləyən ekspert hazırkı prezidentin ictimaiyyətə oynadığını bildirib. Qabil Hüseynlinin fikrincə, Petrosyan İrəvanın üzləşəcəyi reallıqları söylədiyinə görə Sərkisyanın hədəfinə çevrilib:
"Sərkisyan iddia edir ki, guya vəziyyət dəyişir, əsas kimi isə Kazan prinsiplərini, Lavrov planını göstərir. Əslində, Madrid prinsiplərini Azərbaycan da qəbul etmir və buna görə yeniləşmiş Madrid prinsiplərini irəli sürüb. Burada da mərhələli həll planı öz əksini tapır. Kazan variantında Ermənistan 5 rayonu azad edilməsi söylənilirsə, Azərbaycan bunun əksinə olaraq Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad edilməsini istəyir. Bununla da danışıqlar prosesində kompromis əldə olunmur. Rusiyadan "İsgəndər"lər və başqa silahlar alan Sərkisyan Moskvanın havadarlıq siyasətindən azğınlaşmağa başladı. O, bütün danışıqlar prosesini pozdu və Minsk prosesi hazırda ölü vəziyyətdədir. İndi isə Petrosyan bu problemi qaldırır. Onun məşhur bir sözü var idi, deyirdi ki, Azərbaycanın indi rədd etdiyimiz sülh variantını vaxt gələcək onlardan sürünə-sürünə xahiş edəcəyik. Petrosyan deyir ki, Qarabağın taleyini seçki avantürasına qurban verməyin. Petrosyan çıxışında "əgər bu təfəkkürlə davam etsək, gələcəkdə Qarabağın həlli bundan da pis olacaq", - deyə, bir cümlə işlədir. Bu, Ermənistandakı sosial-iqtisadi vəziyyəti tam əks etdirir. Məhz buna görə Petrosyan indi Sərkisyan və onun ətrafının əsas hədəfinə çevrilib".
Politoloq İlqar Vəlizadə isə söyləyib ki, İrəvanda Qarabağla bağlı yekun qərar verəcək siyasi iradə yoxdur.
Petrosyanın çıxışını şərh edən ekspert ötən gündən etibarən eks-prezidentə hücumların başladığına işarə edib. Maraqlı məqam kimi o, Petrosyanı hədəfə çevirən medianın Sərkisyanı yox, məhz Seyran Ohanyanı reklam etməsini göstərib:
"Çox maraqlıdır ki, Seyran Ohanyanın (keçmiş müdafiə naziri – red.) özü seçkiqabağı tezislərlə çıxış edib. Burada da sülhlə bağlı müəyyən məsələlərə yer ayrılıb. Sülh mövzusu artıq bütün erməni siyasətçilərinin dilindədir. Bu, o deməkdir ki, Qarabağ məsələsi Ermənistanın daxili siyasətində alver predmetinə çevrilib. Hamı bu mövzudan istifadə edərək, reytinq əldə etmək istəyir. Bu, həm də o deməkdir ki, Aprel döyüşləri erməni cəmiyyətini çox sarsıdıb. "Sasna çrer" hadisələri, generalların vəzifədən kənarlaşdırılması, yeni kabinetin qurulması və sairə hamısı bunun nəticələridir. Aydındır ki, danışıqlar prosesindəki Madrid prinsipləri haqqında çoxlarında məlumat var. Burada məsələ başqadır. Ortada siyasi iradə yoxdur. Ermənistan cəmiyyətindəki proseslər onu göstərir ki, heç bir tərəf hakimiyyətə gələrək Qarabağla bağlı siyasi məsuliyyəti üzərinə götürmək istəmir. Petrosyan da çıxışında işarə edir ki, danışıqlar prosesindəki məsələlərdən biri də Qarabağ ətrafında heç olmasa beş rayonun boşaldılmasıdır. Lakin onlardan heç biri məsuliyyəti üzərinə götürərək, bununla bağlı hansı qərar verəcəyini söyləmir. İlkin addım atmağı heç kim istəmir. Daxili siyasi alver üçün sülh mövzusundan istifadə edilir. Kimin qalib gələcəyi bəlli deyil. İlkin ehtimala görə, Sərkisyanın imkanları, inzibati resursları çoxdur, amma bütün hallarda uduzan Ermənistan cəmiyyəti olacaq. İnanmıram ki, Ermənistanda yaxın vaxtlarda bayaq səsləndirdiyim məsələlərlə bağlı məsuliyyəti üzərinə götürəcək komanda hakimiyyətə gəlsin".
Qeyd edək ki, Levon Ter-Petrosyan dünən Qarabağla bağlı danışıqlardan bəhs edən məqalə yazıb. O, məqalədə tərəflər arasında hansı maddələrin müzakirə olunduğunu ictimaiyyətə açıqlayıb və ölkənin gələcəyi üçün bu maddələri müdafiə etdiyini bildirib. Çıxışdan bir neçə saat sonra Serj Sərkisyan dərhal Petrosyanı təkzib edib. O, danışıqlar masasında variantların yox, versiyaların olduğunu bildirib.