“2014 Tiflis sammiti” keçirildi Siyasət

“2014 Tiflis sammiti” keçirildi

Gürcüstan paytaxtında bir çox qlobal məsələlər, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmini məsələsi müzakirə olunub
İlham Əliyev "Bu gün burada aparılan danışıqlar və müzakirələr dünya üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır"
Abdullah Gül: "Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik"
Georgi Marqvelaşvili: "Yeni ölkələrin regional layihələrə qoşulması Xəzər, Qara və Aralıq dənizləri regionunda sabitliyin zəmanəti olacaq"

Dünən Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçirilib. "2014 Tiflis sammiti" adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında gerçəkləşib.
Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb.
Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilib, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilib.
Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelaşvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.
Sammiti açan Gürcüstan prezidenti Georgi Marqvelaşvili qeyd edib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı son illər ərzində son dərəcə təsirli olub. Gürcüstan prezidenti vurğulayıb ki, İlham Əliyev və Abdullah Gül ilə gözəl münasibətləri var.
Marqvelaşvili qeyd edib ki, sammit regionda həyata keçirilən iqtisadi xarakterli layihələrin dəstəklənməsini hədəfləyir.
Türkiyə prezidenti Abdullah Gül də deyib ki, Türkiyə, Gürcüstan, Azərbaycan arasında çoxsahəli əməkdaşlıq mövcuddur. O, xatırladıb ki, prezidentlər 2007-ci ildə Bakı-Tiflis-Qars dəmiryol layihəsinin Gürcüstan ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində görüşüblər: "Prezidentlər səviyyəsində keçirilən görüşlərlə yanaşı, XİN rəhbərlərimiz və digər nazirlərimiz də mütəmadi olaraq görüşlər keçirirlər".
Türkiyə prezidenti əlavə edib ki, sammitdə regionun bir çox önəmli layihələri - Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və TANAP layihələri də müzakirə olunub: "Azərbaycan, Gürcüstan və Türkiyə bir çox regional və beynəlxalq layihələr həyata keçirirlər. Hər üç ölkənin Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfə hər kəs tərəfindən təqdir edilir. Biz Qafqazın yüksək dağlarını divar olmaqdan çıxartdıq, bir qapı, bir işbirliyi məkanı etdik".
Abdullah Gül üç dövlət arasında bir çox sahələrdə əməkdaşlıq və qardaşlığın nümunəsi olan prezidentlər səviyyəsində görüşlərin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev çıxışında qardaş Gürcüstan toprağında yenidən olmasından məmnunluğunu ifadə edib. İlham Əliyev bildirib ki, prezidentlər rəsmi qaydada sammitə toplaşıblar: "Əminəm ki, sammitin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, üçtərəfli formatda biz bir çox hallarda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Və bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz üçün, eyni zamanda, bölgə üçün və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb, qlobal məna daşımaqdadır. Ona görə sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir".
Azərbaycan prezidentinin sözlərinə görə, sammitdə müzakirəyə çıxarılan məsələlər mahiyyət etibarilə də çox böyük məna daşıyır.
Sammitdən sonra hər üç ölkənin dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev mətbuat konfransında zirvə görüşünün üçtərəfli əməkdaşlığın gələcək inkişafı üçün çox mühüm olacağına əminliyini ifadə edib: "Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulmuşdur".
Dövlət başçısı bildirib ki, artıq hər üç ölkə sınaqdan da keçib: "Və həm Gürcüstan ilə, həm də Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq və qardaşlıq üzərində qurulmuş münasibətləri var. Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdi, təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar zirvə görüşləri olmuşdur. Bugünkü zirvə görüşü həm də əvvəlki illərdə görülən işlərin təhlilini aparmaq üçün əhəmiyyətli idi. Eyni zamanda və ən önəmlisi, hesab edirəm ki, bu gün gələcək əməkdaşlıq haqqında çox geniş, səmimi fikir mübadiləsi aparılmışdır".
İlham Əliyevin sözlərinə görə, bu gün nazirlər müxtəlif layihələri onlara təqdim ediblər: "Bir daha görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq hesab edirəm ki, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda bizim dostluq və tərəfdaşlıq münasibətlərimizi təsdiqlədilər. Bu çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də qonşularımız üçün və qitə üçün əhəmiyyətlidir".
Prezident vurğulayıb ki, vaxtilə uğurla icra edilmiş neft-qaz layihələri, nəqliyyat layihələri, investisiyalarla bağlı layihələr hər üç ölkəni daha da sıx birləşdirir: "Deyə bilərəm ki, hazırda nəinki regionda, eləcə də dünya miqyasında bu üçtərəfli format maraq doğurur. Bu, əslində unikal bir formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən bərabərhüquqlu münasibətləri artıq qurmuşdur".
Azərbaycan prezidentinin fikrincə, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər: "Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən əsas məsələ bundan ibarətdir. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür, bizim birgə layihələrimiz üç ölkənin maraqlarına xidmət göstərir".
Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars layihələri artıq regional çərçivədən çıxıb və beynəlxalq əhəmiyyət daşıyan layihələrdir: "Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələ kimi tanınır və dünya gündəliyində demək olar ki, birinci sıradadır. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu, əməkdaşlığımızın gözəl nəticəsidir".
Prezident bildirib ki, gələcəkdə hər üç ölkə Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfəsini verəcək: "Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr dünya üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsinə start verildi. "Şahdəniz-2", Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaq. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək".
Dövlət başçısı bildirib ki, bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaq, biznes imkanları yaranacaq: "Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. Bu, investisiya imkanlarımızı daha da genişləndirəcək. Yəni bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha böyük məna daşıyacaq və bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan, öz növbəsində, ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Əsas şərt budur. Biz bu təməl üzərində münasibətləri qururuq, konkret layihələrlə bu münasibətləri zənginləşdiririk. Bu gün burada sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır. Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə zirvə görüşləri müntəzəm keçirilsin və əgər etiraz olmazsa, növbəti zirvə görüşü Azərbaycanda keçirilsin ki, biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da davam etdirək".
Türkiyə prezidenti Abdullah Gül isə mətbuat konfransında Cənubi Qafqazdakı münaqişələrə toxunub. Onun sözlərinə görə, tərəflərin mövqeyi ondan ibarətdir ki, bu münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Biz regional məsələlərlə yanaşı, qlobal məsələləri də müzakirə etdik. Gürcüstan və Azərbaycanın ərzi bütövlüyünə verdiyimiz dəstəyi bir daha yenilədik. Bölgəmizdəki münaqişələrin sülh və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bir daha qeyd etdik".
Gül bildirib ki, görüşlər zamanı Ukraynadakı siyasi böhran da müzakirə edilib: "Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik və siyasi böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq".
Türkiyə prezidenti onu da vurğulayıb ki, rəsmi Ankara Krım tatarlarının vəziyyətini diqqətlə izləməkdədir. Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi birgə layihələrə münasibət bildirən Gül qeyd edib ki, bu layihələr bölgənin inkişaf və stabilliyi üçün çox önəmlidir: "Həyata keçirilən TANAP ciddi enerji layihəsi olaraq bölgənin əhəmiyyətini daha da artırır".
O deyib ki, əsas məqsədlərdən biri də həyata keçirilən layihələrin bölgənin iqtisadi rifahına xidmət etməsidir.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili də deyib ki, regionda sabitlik Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələrində daha çox ölkənin iştirakı ilə təmin ediləcək: "Sabitliyi bərpa etmək üçün regional layihələrə mümkün qədər daha çox ölkə qoşulmalıdır. Biz bütün yeni ölkələrin regional layihələrə qoşulma arealını genişləndirmək niyyətindəyik, çünki onların qoşulması Xəzər, Qara və Aralıq dənizləri regionunda sabitliyin zəmanəti olacaq".
Gürcüstanın dövlət başçısı əməkdaşlığa görə Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkürünü bildirib: "Onlar həmişə Gürcüstanın tərəfdaşı olublar və hər iki prezidentlə birgə iri layihələr həyata keçirmişik. Bu layihələr təkcə üç ölkənin iqtisadi inkişafına və xalqlarının rifahına deyil, həm də ölkələrimizin hüdudları kənarında yaşayan milyonlara insanın rifahına əsas yer verir. Biz sıx əməkdaşlığımızın verdiyi rifahdan daha çox ölkənin istifadə edə bilməsi üçün əməkdaşlığımızı Avropa və Asiya ölkələri istiqamətində genişləndiririk".

TURQUT