Bakıda İslam həmrəyliyi konfransı Siyasət

Bakıda İslam həmrəyliyi konfransı

Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir.
O qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda sabitlik mövcuddur: "Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət başçısının siyasi iradəsi böyük önəm daşıyır. Torpaqlarımızın 20 faizinin işğalı bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnib. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada mövcud olan bütün münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması vacibdir".
Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını digərlərindən fərqləndirən cəhət fərqli mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant, həmrəy olmaq düşüncəsini mənimsəməklə yanaşı, sülhün bərqərar olması naminə bu ideyaların təbliğini bəşəriyyət qarşısında məsuliyyət missiyası kimi qəbul etməsidir: "Tarixi təcrübə göstərir ki, hər bir xalq, dövlət dünya coğrafiyasında müəyyən arealda öz milli-mənəvi dəyərləri, adət-ənənələri, elmi ilə bəşəri əxlaqın formalaşmasında bu və ya digər formada iştirak edir. Belə bir təfəkkür və əxlaqa sahib olmağımız şübhəsiz ki, yaşadığımız ərazinin Şərqlə Qərb arasında mədəni, həm də coğrafi baxımından körpü rolunu oynaması, eləcə də dədə-babalardan miras qalan milli, dini dəyərlərimizin aliliyindən irəli gəlir. Multikultural çoxmədənilik bir neçə fərqli mədəniyyətlərin bir arada yaşadığını müəyyən edən sözdür. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz dostluq və əməkdaşlıq mümkün deyil. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial mədəni inkişaf təcrübəsini bilmək və bunu yaradıcı şəkildə istifadə etmək qloballaşma şəraitində Azərbaycanın rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir".
Siyavuş Novruzov qeyd edib ki, digər xalqların mədəniyyətini bilmədən onlara hörmət etmək, qarşılıqlı anlaşma mümkün deyil: "Lakin təəssüf ki, bəzi Qərb dövlətləri multikultural idarəetmə mürəkkəb vəzifə olduğu üçün ondan imtina edib. Bu dəyərlər olmadıqda, ölkədə sülhü bərqərar etmək mümkün deyil. Buna misal olaraq Azərbaycanın inkişafıdır ki, müxtəlif xalqların nümayəndələri ölkəmizin mədəniyyətinə inteqrasiya olmaqla harmonik inkişafda iştirak edirlər. Bu dəyərlərin olmaması dünyada artan islamofobiyaya, milli-dini münaqişələrə gətirib çıxarır. Bu baxımdan əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm modeli, sınanmış və optimal variant kimi qarşımıza çıxır. Bu model bütün dünyada üstün bir modeldir".
Siyavuş Novruzov qeyd edib ki, ölkəmizin multikultural dəyərləri hüquqi sənədlərdə də öz əksini tapır: "Bu dəyərlər Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq Konstitusiyamızın bir sıra maddələrində yer alır. Azərbaycan cəmiyyətinin böyük hissəsi haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, ərazimizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarına xüsusi önəm verilir".
Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə qeyd edib ki, Azərbaycanda dini tolerantlıq bir ənənədir: "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində bu tolerantlıq ənənələri xalqımız tərəfindən davam etdirilir".
Çıxış edən digər icma rəhbərləri və iştirakçılar İslam ölkələrində mövcud problemlərdən, onların həlli yollarından danışaraq dini tolerantlığın Azərbaycan modelini nümunə göstəriblər.
Konfran sonunda Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
Müraciətdə qeyd olunur ki, çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub:
"O, xristianlıq və yəhudilik kimi səmavi dinlərin təşəkkülündə, eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Şərq və Qərbin birləşmə nöqtəsi sayılan Azərbaycan tarixi "İpək yolu" dəhlizi vasitəsilə təkcə iqtisadi tərəqqiyə deyil, dinlər və məzhəblər arası münasibətlərin inkişafına da əvəzsiz xidmətlər göstərib. Azərbaycan Respublikası özünün xarici siyasətində Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, müsəlman ölkələrini təmsil edən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub".
Müraciətdə vurğulanıb ki, Azərbaycan prezidenti Şərq və Qərbin iqtisadi və mədəni istiqamətlərini özündə birləşdirən bir sıra qlobal əhəmiyyətli forumların, İslam ölkələri mədəniyyət nazirləri ilə görüşlərin təşkilatçısı olub, məşhur Bakı prosesinin müəllifi kimi sivilizasiyalar arası dialoqda Azərbaycanın aparıcı rolunu təsbit edib. Bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması bir daha təsdiq edir ki, Azərbaycanda dini-mədəni və elmi potensialın inkişafındakı səy və xidmətləriniz son dərəcə yüksək təqdirə layiqdir: "Bu gün müasir dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya halları, etnik-siyasi konfliktlər, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşanır. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac vardır. Sizin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya multikulturalizmin nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verməkdədir. Bunun bariz təzahürü, zamana etdiyiniz ən mükəmməl çağırış – bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərləri ilə həmrəyliyə dəvət etməyinizdir! Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması faktının özü - zamanın tələblərinə cavab verən qlobal çağırışdır və biz hesab edirik ki, sizin müdrik siyasətiniz yüksək alicənablıq və böyük uzaqgörənlik nümunəsidir".
Müraciət müəllifləri ümidvar olduqlarını bildiriblər ki, "İslam Həmrəyliyi İli" elan edilən 2017-ci ildə dünyanın bütün münaqişə zonalarında, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq hüquqa söykənən ədalətli sülh bərqərar olacaq.