Almaniyadakı azərbaycanlılar Putinə müraciət edib Siyasət

Almaniyadakı azərbaycanlılar Putinə müraciət edib

Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiya Federasiyası prezidenti Vladimir Putinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub, yaxın əməkdaşlıq mövcuddur: "Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin hüquqlarının qorunması üçün bütün şərait yaradılıb. Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir. Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə verdiyi qərarı subyektiv xarakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil. Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər".
Sonda diaspor təşkilatları kütləvi informasiya vasitələrini və ictimai təşkilatları tələsik adımlar atmamağa, Rusiyanın bəzi dövlət orqanlarını isə anti-Azərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırıb.
Kanada Azərbaycan Tədqiqatları İnstitutu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb. Məktubda ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı dərin narahatlıq ifadə olunub.